Slimfit
  1. DÜNYA

Yoxsul dənizçi kəndi meqapolisə necə çevrildi?

Yoxsul dənizçi kəndi meqapolisə necə çevrildi?
Sakura

Yoxsul dənizçi kəndi meqapolisə necə çevrildi?

Təbii sərvətlər bir sıra ölkələrin tarixini kökündən dəyişib. Ötən əsrin ortalarında fontan verən neft quyuları Birləşmiş Ərəb Əmirliyinə yeni nəfəs verib.

FED.az xəbər verri ki, indi dünyaın turizm və ticarət mərkəzi kimi tanınan BƏƏ hər il 10 milyonlarla ziyarətçi qəbul edir. Bəs səhrada yerləşən kiçik liman Dubayın indiki statusunu necə qazandı? 

Tarixi reallıqlar 

Dubayın adı tarixi mənbələrdə ilk dəfə 1095-ci ildə ərəb coğrafiyaşünası Əbu Abdulla Əl-Bəkrinin "Coğrafiya kitabı"nda çəkilib. 5-7-ci əsrdə burada kiçik bir kənd vardı. Omandan İraqa ticarət əsas ticarət yollarının üstündəki Dubay sakinləri hələ 7-ci əsrdən islamı qəbul etmişdilər.

Dubay sakinlərinin ənənəvi peşəsi mirvari toplayıb, balıq tutmaq idi. 1580-ci ildə venesiyalı mirvari ticarətçisi Qespero Belbi də Dubaya mirvari ardınca gəlmişdi. Bu vəziyyət hələ bir neçə yüz il də davam etdi - Dubay adlı kiçik bir kənddə sakinlər  40 dərəcəlik istidə davamlı yemək və təmiz su tapmaq uyğunda mübarizə aparırdılar. 20-ci əsrin əvvəllərində Dubay öz ərazisini 3 kvadratkilometrə qədər genişləndirsə də, bura cəmi 10 min nəfərin yaşadığı liman şəhəri kimi tanınırdı. Dubay sakinlərinin milvari biznesi 1940-cı ilədək davam etdi. Həmin il Yaponiyada süni mirvari yetişdirmək üsulu kəşv ediləndən sonra dünyada təbii mirvariyə tələbat xeyli azaldı. Dubay əhalisinin gəlirləri kəskin azaldı və şəhərdə uzunmüddətli iqtisadi böhran başladı.

Dubay sakinlərini nə xilas etdi?

Qumsallıqda məskunlaşan insanların başqa məşğuliyyəti olmağıdından yaşayışları xeyli çətinləşib. Bunun bir səbəbi də onların əksəriyyətinin təhsilsiz olması idi. Vəziyyətdən çıxmaq üçün Dubay şeyxi Said şəhəri təkrar ixrac mərkəzinə çevirməyi qərara alır, bu məqsədlə ticarət məhsullarına tətbiq edilən vergilər azaldılır.

Dubayla Əbu-Dabi əmirliyi mütəmadi olaraq rəqabər aparıb. Belə kəskin münasibətlər və sərhəd mübahisələri 1947-ci ildə bu əmirliklər arasında müharibə ilə nəticələnib. Müharibəni dayandırmaq üçün ingilis arbitrajı sərhəddə bir bufer zonası yaratmağa qərar verib. 1971-ci il dekabrın 2-də Dubay, Əbu-Dabi və digər 5 əmirlik birlikdə Birləşmiş Ərəb Əmirliklərini yaratdılar. Buraya Şarca, Umm əl-Kayveyn, Ajman, Fuceyra, Ras əl-Hayma əmirlikləri də daxil idi. Elə həmin il Böyük Britaniya Fars körfəzi regionunu tərk etdi. Dubayda və digər əmirliklərdə isə artıq neft bumu başlamışdı.

Neft bumu ilə parlayan şəhər

Mirvaridən əli üzülən Dubayın ulduzu isə ötən əsrin 60-cı illərində yenidən parlamağa başlayıb. 1966-cı ildə ilk dəfə şəhər ərazisində neft ehtiyatlarının olduğu aşkarlandı. Burada neft tamamilə təsadüfən aşkar edildi - yeni kollektor şəbəkəsinin qurulması işləri aparılarkən qazıntılar zamanı  yerin təkindən neft çıxması hər şeyi bir anda dəyişdi. Dubayın tarixində dramatik dəyişliklərin əsası qoyuldu.

Ticarətin genişlənməsi və neftin daşınması limanların qurulmasını labüd edirdi.  1972-ci ildə Rəşid limanının tikintisi başa çatdı. Ardınca 1979-cu ildə dünyanın ən böyük süni limanı olan Cəbəl Əli quruldu. Onun ətrafında isə 1985-ci ildə Cafaz azad iqtisadi ticarət zonası salındı. Azad itisadi zonanın yaradılması əmirliyə xarici sərmayələri cəlb etməyə başladı. 1985-ci ildə Dubayın məşhur «Emirates» aviaşirkəti də işə düşdü.

Neft sənayesinin sürətli inkişafı Dubayda işçi qüvvəsinə də tələbatı artırırdı. Artıq ətraf ölkələrdən bura işçilər axışırdı, nəticədə 1968-73-cü illərdə Dubayda əhalinin sayı 3 dəfə artdı. Neft sahəsində çalışanlar əsasən, Pakistan, Hindistan və digər yaxın ölkələrdən gələnlər olub. Nəticədə bu gün Dubayda yaşayanların yalnız dörddə biri yerli əhali, qalanı burada işləmək və biznes qurmaq üçün gələn xaricilərdir.

«Səhrada fırtına»nın faydasını görənlər

1990-cı ildə Fars körfəzində başlayan müharibə şəhərə müsbət mənada çox böyük təsir göstərdi. Həmin vaxt Küveyti işğal etmiş İraqın üzərinə ABŞ-ın başçılığı ilə beynəlxalq koalisiya hücum etdi. «Səhrada fırtına» adlanan əməliyyat nəticəsində Küveyt işğaldan azad edildi. Amma xarici ticarət qurumlarının əksəriyyəti əvvəlcə Küveytdən, sonra isə Bəhreyndən (şiə dalğasının qızışdığı illərdə) çıxaraq öz ofislərini Dubaya köçürtdülər. Beləcə, Dubay öz tərəqqisinin ən parlaq dövrünə qədəm qoydu.

Qara qızılın ağ günə çıxardığı məkanlar

Neft tapılması şok effekti yaradıb xarici şirkələri bura cəlb etsə də, əslində Dubayın neft ehtiyatları böyük deyildi və BƏƏ-nin bütün ehtiyatlarının cəmi 5%-ni təşkil edirdi. Ona görə də Dubay rəhbərliyi ümidləri təkcə neftə bağlamamağı, neftdən istifadə etməklə bütün sahələri inkişaf etdirməyi qərara alır.

Beləliklə, «qara qızıl»dan gələn gəlirlər şəhərin yenidən qurulmasına yönəldildi. Burada turizm və biznes mərkəzləri, yeni ticarət-istirahatə zonaları yaradılmağa başlayır, yeni otellər tikilir. Azad İqtisadi Zona isə Dubayın sərbəst ticarət və biznesə malik bir zona kimi nüfuzunu gücləndirir. Dubayda neft sənayesi ilə yanaşı tikinti, turizm və ticarət də aktiv inkişaf etməyə başlayır. Tikintinin həcminə görə şəhər yalnız Şanxaydan geri qalırdı.

Paralel olaraq əmirliyə dünya elitasının və varlı təbəqənin cəlbi üçün idman yarışlarına start verildi. 1996-cı ildən etibarən isə Dubayda at yarışları üzrə Dünya Kuboku start götürüb. Dubayın ilk 5 ulduzlu oteli də həmin yarışlar üçün tikilmişdi. Hippodromun yaxınlığında inşa edilən Meydan Hotelin bütün lüks otaqlarından və suitlərindən at yarışlarının keçirildiyi  meydana xüsusi eyvan açılır.

Ən yüksək, ən böyük…

Ümumiyyətlə, Dubay haqqında danışarkən «ən» sözündən çox istifadə edəcəyik. Çünki burada müxtəlif göstəriciləri ilə dünyada ilk və ya yeganə olan çoxsaylı məqamlar var. 1999-cu ildə istifadəyə verilən «Burc əl Ərəb» dünyanın ilk və yeganə 7 ulduzlu oteli idi. Ulduzlar bir yana, «Burc əl Ərəb»ın elə bir özəlliyi var ki, onu indiyədək heç kim təkrarlamayıb – otelin ən yüksək mərtəbəsindəki açıq terrasda, yerdən 321 metr hündürlükdə …tennis kortu qurulub. Onun açılışına qatılan tennis ulduzları uzun müddət özlərinə gələ bilməmişdilər.

Dubayda yüksəkliyi ilə dünyaya meydan oxuyan növbəti layihə 828 metrlik  «Bürc Xəlifə» qülbəsidir. 4,1 milyard dollara başa gələn «Bürc Xəlifə»nin tikintisində 330 min kubmetr betondan, 39 min ton armaturdan istifadə olunub. Bina həmçinin ən hündür mərtəbədə yaşayış, ən hündür xidmət lifti və ən hündür müşahidə zonasına görə fərqlənir.  Dünyanın ən hündür məscidi və üzgüçülük hovuzu da burada yer alıb. Onu da deyək ki, tikilinin açılış mərasimində 60 min qonaq iştirak edib. «Bürc Xəlifə» ilə eyni vaxtda Dubayda palma şəklində süni adaların – Palm Jumeirah-ın tikintisi başlayıb. Bütün bunlar nəqliyyat və loqistika infrastrukturunun yenilənməsini də tələb edirdi. 2009-da şəhərdə metro işə düşür, burada qatarları robotlar idarə edir.

Daşınmaz əmlak bazarı necə dəyişdi?

2017-ci ilin məlumatlarına görə, Dubayın Ümumi Daxili Məhsulu (ÜDM) 106 milyard ABŞ dolları təşkil etdiyi halda, bunun cəmi 12%-i neftdən idi.

İqtisadiyyatın qalan hissəsi ticarət və turizm, sənaye istehsalı, maliyyə sektoru, daşınmaz əmlak və tikinti sektorları arasında bülüşdürülüb.

Sərbəst iqtisadi zonaya görə xarici investorların Dubaya axışması və iri tikinti layihələri əmirliyin əmlak bazarını da canlandırdı. 2004-2006-cı illər Dubay əmlak bazarının «qızıl dövrü» idi. Həmin vaxt dünyanın ən varlı və tanınmış şəxsləri qeyri-adi tikililər ilə məşğur olan və qazanc proqnozları Şərq nağıllarını xatırladan Dubaya üz tuturdular.

Lakin 2008-ci ildə dünyadakı iqtisadi böhran Dubayı da «vurdu» -  daşınmaz əmlak bazarı böyük bir enmə yaşadı. Burada uzun müddət vergi güzəştləri tətbiq edilsə də, bəzi mülklər 50-60% ucuzlaşdı. Paralel olaraq alıcılar da azaldı, bəzi investorlar əmlak layihələrini davam etdirmək üçün vəsait çatışmazlığı ilə üzləşdilər. Belə vəziyyətdə Dubayı növbəti sahə xilas etdi. Bu – turizm idi.

Dünyanın 4-cü turizm mərkəzi

Dubay digər sahələrdə oldğu kimi, turizm sektoruna da «partlayışla» daxil olmuşdu. Burada qeyri-adi yeniliklər baş verdikcə, hündür binalar və ticarət əyləncə məkanları yarandıqca, əmirliyə təkcə milyarderlər və əmlak alıcıları deyil, adi insanlar da səyahət etməyə başlamışdılar. Onlar Dubayda göydələnləri, süni adaları, musiqili fəvvarələri, 40 dərəcə istidə yaradılan buz meydançalarını, əyləncəli parkları və digər maraqlı yerləri görmək istəyirdilər.

Əslində, Dubayda turizmin inkişafına 1989-cu ildən start verilmişdi. Əvvəlcə burada dəniz sahilində 5 ulduzlu otellər tikilmiş, ardınca sahil ərazilərinin abadlaşdırılmasına başlanmışdı. Dubayda ilk mehmanxanaların tikilməsinə dövlət maliyyə dəstəyi verirdi. Amma tədricən həmin otellər özlərini təmin edəcək qədər gəlir əldə etməyə başladılar. Təqribən 1998-ci ildə turizm sektoru özünü təmin etməyə başlamışdı. Paralel olaraq bu sahəyə kənardan on milyardlarla dollar yatırımlar axmağa başladı.

Dubaydakı klaster modelini başqalarından fərqləndirən xüsusiyyətlərdən biri də otellərin təkcə sahildə deyil, eyni zamanda su üzərində də inşa edilməsi oldu. The Palm layihəsi və yuxarıda adını çəkdiyimiz Burj Al Arab və başqaları buna əyani misaldır.

Hələ 2006-cı ildə Dubaya 7,6 milyon ziyarətçi gəlmiş və şəhər bu göstərici ilə dünyanın 7-ci turizm mərkəzi sayılmışdı. 2015-ci ildə isə bu rəqəm təxminən 2 dəfə artaraq 15,8 milyona çatıb, turistlərin burada xərclədikləri məbləğ isə 30 milyard dolları keçib. 2015-də Dubayda 2500-dən artıq mehmanxanada 69 minə yaxın otaq vardı və bunların 79%-u il ərzində istifadə edilmişdi.

Dubay rəhbərliyi dənizin, daha dəqiqi İran körfəzinin imkanlarından maksimum istifadə etməyə çalışır. Belə ki, körfəzdə cəmi 60 kilometr dəniz sahilinə malik olan Dubayda həyata keçiriləcək yeni layihələr hesabına gələcəkdə sahil xətti yüzlərlə kilometrə çatdırılacaq. Dəniz dalğalarının zəif, havanın küləksiz olması və sahildə neft hasilatının olmaması Dubayda dəniz turizmi üçün əla imkan yaradır. Təsadüfi deyildir ki, sahildə yerləşən mehmanxanaların hamısı müxtəlif növ dəniz gəzintiləri və əyləncələri təklif edirlər. Hava şəraiti il boyu sabit, mülayim olduğundan əmirliyə olan turist axınında il ərzində hər hansısa ciddi dəyişiklik hiss edilmir. Lakin yay aylarında hava temperaturunun mütəmadi olaraq 45 dərəcədən yüksək olması müəyyən turistlərin əmirliyə gəlməsinin qarşısını alır.

Amma bunsuz da əmirliyə gələn turistlərin sayı hesabı yoxdur. Hazırda Dubay turistlərin ən çox baş çəkdiyi şəhərlərin siyahısında 4-cüdür. Əmirliyin 2025-ci ilə qədər turizm sektorunun inkişafı üçün yeni strategiyasına əsasən, turistlərin sayının 23-25 milyon nəfərə çatdırılması  nəzərdə tutulur.

Üstəlik, körfəzdəki digər ölkələrdən fərqli olaraq Dubay əmirliyi daha liberal mövqeyə sahibdir. Belə ki, əmirlikdə alkoqollu içkilərin satışı, gecə barlarının və kazinoların fəaliyyəti daha mühafizəkar ərəb ölkələri və İrandan turistlərin buranı ziyarət etməsində mühüm rol oynayır.

Fly Dubai

Dubaya turist axınını asanlaşdırmaq üçün 2008-ci ildə daha bir avişirkət - Fly Dubai yaradıldı. Bu və digər körfəz ölkələrinin aşağı büdcəli hava yolları şirkətləri BƏƏ-yə aşağı qiymətli uçuşlar təşkil edərək, ölkəyə hər bir sosial təbəqədən olan turistlərin gəlməsinə imkan yaradır.

Özü də turistlər buraya təkcə səyahət etmək üçün gəlmirlər - Əmirlikdə tarixi abidələr və turistik gəzintilər üçün yerlər olmadığından burada ticarət mərkəzlərinə üstünlük verilib. Yaxın Şərqin ticarət paytaxtı sayılan Dubayda dünyanın ən böyük ticarət mərkəzi olan Dubay Mall da daxil olmaqla 70-dən çox nəhəng alış-veriş mərkəzi yerləşir. Nəticədə turistlər ölkədə daha çox pul xərcləməyə həvəslənirlər. Ticarət mərkəzlərinin tərkibi də rəngarəngdir, hər təbəqə üçün uyğun ticarət yeri tapmaq mümkündür.

Mədəniyyətlərin vəhdətində

Dubayın sakinlərinin 80%-i xaricilərdir. Burada Pakistan, Hindistan, Filippin, Çin, MDB ölkələri və Avropadan sayısız əcnəbi yaşayır. Əcnəbilərin böyük axını Dubayın meqopols həyatında silinməz iz buraxıb - kosmopolitizm və tolerantlıq ruhu Dubay cəmiyyətinə xasdır. Burada əsasən ingilis dili istifadə edilir, çünki ərəbcə hər kəs başa düşmür.

Bura ərəb-müsəlman mədəniyyətinin və sivilizasiyanın ən yenilikçi nailiyyətlərinin ən gözəl şəkildə birləşdiyi bir yerdir. Dubayda zərif məscidlər və ənənəvi ərəb binaları müasir göydələnlər, böyük mərkəzlər və lüks otellərlə bir yerdədir. Azanın hər gün beş dəfə təkrarlanan səsi şəhərdə maraqlı aura yaradır.

Dubay, bir tərəfdən, ərəblərin qüruru və düşüncəsi olsa da, digər tərəfdən yaxın-uzaq ölkələrdən bura axışan əcnəbi  işçilərin ucuz əməyinin nəticəsidir. Yaxın keçmişə qədər boz səhralarda yaşamağa məcbur olan ərəblər indi dəvələrini bahalı avtomobillərə dəyişib, əyləncəli bir həyat tərzinə başlayıblar. Yerli sakinlərin vaxtının çox hissəsi isə əyləncəyə gedir, buna həm də hökumətin səxavətli sosial ödəmələri dəstək verir.

Müasir Dubayla bağlı 4 maraqlı fakt

1.      Dünyanın ən zəngin şəhərlərindən biridir - 5 milyon əhalinin 59 min nəfəri milyonçudur.

2.      Nə qədər müasir olsa da, Dubay bir müsəlman ölkəsidir və xeyli qadağaları var. Alkoqol qəbul etmək və daşımaq, dövlətə aid tikililərin, görməli yerlərin və qadınların şəklini çəkmək, küçəyə zibil atmaq, eləcə də avtostopla gəzmək qadağandır.

3.      Qızıl çox sevilir. İl ərzində hər sakin ən azı 38 qram qızıl alır. Evlənərkən kişi qadına 5 kiloqram qızıl hədiyyə etməlidir.

4.      İctimai nəqliyyatda qadınlar və kişilər ayrı-ayrı seksiyalarda gedirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR