Slimfit
  1. AZƏRBAYCAN

Yol polisindən Gürcüstan nömrəli avtomobillərlə bağlı açıqlama

Yol polisindən Gürcüstan nömrəli avtomobillərlə bağlı açıqlama
Sakura

Yol polisindən Gürcüstan nömrəli avtomobillərlə bağlı açıqlama

Bu günlərdə Gürcüstan vətəndaşları olan soydaşlarımız istifadə etdikləri xarici nömrəli avtomobillərin Azərbaycan Respublikasında qalma müddətinə tətbiq ediləcək məhdudiyyətlə bağlı narahatlıq keçirirlər. Məhdudiyyət tətbiq edilməsi nəzərdə tutulan avtomobillərin yol təhlükəsizliyinə hər hansı təsirinin olub-olmaması ilə bağlı DİN Baş DYP İdarəsinin şöbə rəisi Kamran Əliyev Avtosfer.az saytına açıqlama verib. 

O bildirib ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsində qaydalar beynəlxalq müqavilələrə uyğun olsa da hər bir ölkənin müxtəlif qanunvericilik aktları, müxtəlif məbləğlərdə cərimələri, eləcə də bəzi fərqli standart və tələbləri var: 

“Bu baxımdan ölkəmizə gələn əcnəbilərin əksəriyyəti inzibati məsuliyyətin daha yüngül olmasından istifadə edib və xarici nömrəli avtomobil idarə etdikləri üçün xüsusi texniki vasitələrlə onlara nəzarətin mümkün olmadığını düşünərək tez-tez ciddi qayda pozuntularına yol verir, bununla həm təhlükəli vəziyyət yaradır, həm də yerli sürücülərimizin intizam səviyyəsinə də mənfi təsir göstərirlər. Məsələn, ən çox törədilən inzibati xətalardan hesab edilən sürət həddinin 40 km/saat həddində aşılmasına görə əgər qonşu Gürcüstanda 145 manat (76 avro) cərimə nəzərdə tutulursa, bizdə analoji xətaya görə 50 manat (26 avro), dayanma və ya durma qaydalarının pozulmasına görə Gürcüstanda 115 manat (61 avro) cərimə nəzərdə tutulursa, bizdə bu cərimənin məbləği 20 manatdır (10 avro).

Əlbəttə, bu o demək deyil ki, bizdə də əcnəbilərin ölkəmizdə yol hərəkəti qaydalarını tez-tez pozmalarının qarşısının alınması üçün cərimələrin miqdarı artırılmalıdır. Xeyr, sadəcə onlar da şəhərdəki nəqliyyat sıxlığını nəzərə almalı, harada gəldi avtomobili saxlamamalı və ən əsası da sürət rejiminə əməl etməlidirlər ki, ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olmasınlar. Məlumat üçün bildirim ki, təkcə cari ilin 10 ayı ərzində respublikamıza 66.820 nəqliyyat vasitəsi daxil olub ki, onların da cəmi 11 minini uzunmüddətli, qalanını isə qısa müddətli səfərlər təşkil edib və bu avtomobilləri idarə edən şəxslər tərəfindən bu müddət ərzində 200 minədək yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törədilib”.

Kamran Əliyev onu da qeyd edib ki, son vaxtlar sərnişin daşıma fəaliyyəti ilə məşğul olan sahibkarlar, həm fiziki, həm də hüquqi şəxslər tez-tez Baş DYP İdarəsinə müraciət edərək digər ölkə qeydiyyatında olan, xüsusilə də Gürcüstan nömrəli minik avtomobili ilə paytaxt ərazisində taksi, mikroavtobuslarla isə ölkənin müxtəlif istiqamətlərinə getməklə qeyri-qanuni sərnişin daşınması fəaliyyəti ilə məşğul olmalarının onların gəlirlərinin azalmasına səbəb olduğunu bildirirlər:

“Belə ki, həmin sahibkarlar haqlı olaraq vergi ödəyiciləri olduqları, habelə qanunauyğun qaydada avtovağzallardan hərəkətə başladıqları halda, daha ucuz qiymətə alınan xarici avtomobillərlə ayrı-ayrı məhəllələrdən sərnişin yığmaqla qanunsuz fəaliyyət göstərmələrini qeyd edir və belə halların qarşısının alınmasını dövlərdən tələb edirlər.

Bildiyiniz kimi, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, eləcə də ekoloji çirklənmənin qarşısının alınması məqsədilə hələ 2014-cü ildən Avro-4 standartlarına cavab verməyən nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi və qeydiyyata alınması qadağan olunub. Bu səbəbdən artıq 5 ildən artıqdır ki, vətəndaşlarımız ölkəyə belə ucuz, təhlükəsizlik tələblərinə cavab verməyən avtomobilləri gətirib burada istifadə edə bilmirlər. Lakin bəzi xarici ölkə vətəndaşı olan soydaşlarımızın həmin avtomobilləri müvəqqəti gətirməklə daha ucuz qazanc yolu tapmaları qanuni şəkildə fəaliyyət göstərən sahibkarlarımızın ciddi narazılığına səbəb olur

Düşünürəm ki, Gömrük orqanlarının ölkəyə müvəqqəti daxil olan nəqliyyat vasitələrinə tətbiq etmək istədiyi məhdudiyyət əcnəbilərin hüquqlarının pozulması deyil, öz ölkə vətəndaşlarımızın sərbəst fəaliyyət hüququnun və ən başlıcası da respublikamızın avtomobil yollarında təhlükəsizliyin təmin olunması məqsədilə vaxtında atılan addımdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR