Slimfit
  1. İDMAN

Yığmamızın kapitanı: İlk dəfə üç qadın şahmatçımız Dünya Kubokunda yarışacaq

Yığmamızın kapitanı: İlk dəfə üç qadın şahmatçımız Dünya Kubokunda yarışacaq
Sakura

Yığmamızın kapitanı: İlk dəfə üç qadın şahmatçımız Dünya Kubokunda yarışacaq

Gürcüstanın Batumi şəhərində keçirilmiş şahmat komandaları üzrə Avropa çempionatında kişi və qadın millilərimizin kapitanı Fikrət Sideifzadənin Oxu.Az-a müsahibəsi:

– Qadın millimiz Avropa üçüncüsü oldu. Çoxları gözləməsə də, bəlkə də, siz medal qazanacağınızı gözləyirdiniz. Komandanın çıxışı barədə nə deyə bilərsiniz?

– Təbii ki, mən gözləyirdim. Komandamız hər dəfə Avropa çempionatında yüksək nəticə göstərirdi. Hər dəfə ilk beşliyə düşürdük. Amma medal qazanmağımız üçün nəsə çatışmırdı. Bu dəfə tilsimi qırdıq.

– Qadın yığmamızdan kimin çıxışını qeyd edərdiniz?

– Günay Məmmədzadə birinci lövhədə çox yaxşı çıxış etdi. Onun çıxış etdiyi lövhədə güclü şahmatçılar oynasa da, özünü yaxşı tərəfdən göstərə bildi. Həmçinin, heç bir görüşdə məğlub olmayan Gülnar Məmmədova da çox yaxşı mübarizə apardı. Onu çox vaxt dördüncü lövhəyə qoyuram. O, burada özünü yaxşı tərəfdən göstərə bilir.

– Adlarını çəkdiyiniz şahmatçılar öz lövhələrindəki yaxşı çıxışa görə əlavə mükafat da almalı idi. Təşkilatçılar niyə vermədilər?

– Doğru qeyd edirsiniz. Günaya birinci lövhənin ən yaxşı üçüncüsü, Gülnara isə dördüncü lövhənin ən yaxşı ikincisi, həmçinin, kişilərdə Qədir Hüseynova dördüncü lövhədəki çıxışı üçün jeton verilməli idi. Fərdi yarışlarda medal əvəzinə jeton verilir. Amma təşkilatçılar yalnız birinci yer tutan şahmatçılara bunu verdi. Bu da haqlı narazılığa səbəb oldu və bu barədə təşkilatçılara irad bildirildi.

– Sonuncu dəfə qadın yığmamız 1992-ci ildə Macarıstanın Debretsen şəhərində keçirilmiş Avropa çempionatında bürünc medal qazanmışdı. Həmin qitə birinciliyinə getmişdiniz?

– Yox, o vaxt maliyyə durumu yaxşı deyildi. Təzə müstəqil olan ölkə idik. Hətta məşqçilər və ehtiyat oyunçusuz komandamız orada iştirak edirdi. O vaxt indiki kimi komandalar dörd lövhə yox, iki lövhədə yarışırdı (qadınlarda dörd lövhəli sistemə 2005-ci ildə İsveçin Yötebori şəhərində keçirilən Avropa çempionatında keçilib – S.M.). Firuzə Vəlixanlı və İlahə Qədimovadan ibarət komanda ilə yarışmışdıq. Birinci yeri Ukrayna, ikinci yeri Gürcüstan və üçüncü yeri bizim komanda tutmuşdu.

– İlahə Qədimova bu ay Monteneqroda keçiriləcək klublararası Avropa Kubokunda hakimlik edəcək. Firuzə Vəlixanlı ilə əlaqələrimiz qalırmı?

– Yox, onunla heç bir əlaqə yoxdur (Bildiyimizə görə, AFFA-nın sabiq prezidenti Fuad Musayevin gəlini olan Firuzə Vəlixanlı ABŞ-da yaşayır – S.M.).

– O vaxtdan sonra qadın yığmamızda niyə kişilərə nisbətən yüksək nəticələr qeydə alınmadı? Məsələn, qonşu Gürcüstan və Ermənistan bir dəfə Avropa çempionu ola bilib...

– Nəsil dəyişikliyi ilə bunu əlaqələndirərdim. 100 şahmatçıdan biri istedadlı çıxır. İndiki nəsil artıq özünü göstərməkdədir. Əvvəllər qadınların Dünya Kuboku yarışında maksimum bir idmançımız – İlahə Qədimova iştirak edib.

İndi isə birdən-birə üç şahmatçımız Dünya Kubokunda yarışacaq. Günay Məmmədzadə daha əvvəl ora vəsiqə qazanmışdı. Antalyada keçirilən fərdi Avropa çempionatındakı nəticələrinə görə isə Ülviyyə Fətəliyeva ilə Türkan Məmmədyarova da Dünya Kubokunda iştirak hüququ əldə etdi (qadınların Dünya Kuboku 2020-ci il 21 sentyabr - 15 oktyabr tarixlərində Belarusun paytaxtı Minskdə keçiriləcək – S.M.).

– Yeri gəlmişkən, Avropa çempionatının bürünc kubokunu əlində tutan, amma yarışmayan Zeynəb Məmmədyarova Batumiyə niyə aparılmışdı?

– O, komandamızın simvollarındandır. Məşqçi qismində orada iştirak edirdi. Onun bu il nəticələri yaxşı olmayıb. Amma elə şahmatçılar var ki, onların orada olması komandaya motivasiya verir.

– Siz həm də kişi millimizin kapitanı qismində yarışa qatılmışdınız. Bu yarışda nəticənin zəif olmasını nə ilə əlaqələndirirsiniz?

– Teymur Rəcəbov Dünya Kubokunda qalib olması ilə əlaqədar olaraq son anda milli ilə Avropa çempionatına gedə bilməyəcəyini bildirdi. Belə olanda Eltac Səfərli ehtiyat oyunçu ilə çıxış etməli oldu. Həmçinin, Nicat Abbasov da Men adalarındakı çıxışı ilə bağlı olaraq bu Avropa çempionatına gedə bilmədi.

– Elə birinci lövhədəki Şəhriyar Məmmədyarov da heç-heçələri sıralamaqla yadda qaldı...

– O, bu il çox yarışda iştirak edib. Ona görə də tam gücü ilə çıxış edə bilməməsi normaldır. Sloveniya ilə sonuncu görüşə də qalmadı. Rumıniyada keçiriləcək yarışa görə tez getdi.

Səbuhi Musayev

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR