Yeni Zelandiya hərbi tipli silahlara qadağa qoyur
Yeni Zelandiyanın Nazirlər Kabineti hərbi tipli silahların ölkə ərazisində dövriyyəsi və istifadəsinə qadağa qoyur.
Bu ölkənin baş naziri Jacinda Ardern Christchurch şəhərində məsciddəki gülləbaranın ardından bildirib ki, Yeni Zelandiya hər cür yarıavtromatik silahları və hücum tüfənglərini qadağan edəcək.
"Sözügedən hücumdan altı gün sonra biz Yeni Zelandiyada bütün növ hərbi tipli və yarıavtomatik silahlara, o cümlədən, hücum tüfənglərinə qadağa qoyuruq", Baş nazir deyib.
O, həmçinin, əhalidə olan silahları geri almaq hökumətə, təxminən, 200 milyon Yeni Zelandiya dollarına ($138 milyon, £104 milyon) başa gəlsə də, "bu, icmamızın təhlükəsizliyi üçün ödəməli olduğumuz məbləğdir", deyə vurğulayıb.
Jacinda Ardern bildirib ki, yeni qanun aprelin 11-də qəbul olunacaq. "Tariximiz həmişəlik dəyişdi. Qanunlarımız da dəyişəcək", Baş nazir deyib.
O, həmçinin, qanun qəbul olunana kimi silah yığımının qarşısını almaq üçün lazımi tədbirlərin görüldüyünü də diqqətə çatdırıb.
Bəyanat ölkədə iki məsciddə bir şəxsin terror hücumu zamanı 50 nəfəri öldürməsindən bir həftə keçməmiş yayılıb.
Nə baş verib?
Bazar günü Yeni Zelandiyada bir nəfər şəxsin iki məscidi gülləbaran etməsi nəticəsində 50 nəfər həlak olub.
Silahlı şəxsin yarıavtomatik silahlar, o cümlədən, AR-15 hücum tüfəngi ilə silahlandığı bildirilib. Onun silahları daha çox güllə tutan maqazinlə təchiz etdiyi ehtimal olunur.
Yeni Zelandiyanın baş naziri Christchurch gülləbaranını həyata keçirən şəxsi "terrorist" adlandırıb və deyib ki, onun adını çəkməyəcək.
Mənbə: BBC Azərbaycanca
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət