Son 14 ildə ölkəmizdə 1,96 milyon yeni iş yeri yaradılıb ki, bunların da 73,3 faizi daimi iş yerləridir
Son 14 ildə ölkəmizdə 1,96 milyon yeni iş yeri yaradılıb ki, bunların da 73,3 faizi daimi iş yerləridir. Yeni iş yerlərinin 70 faizdən çoxu regionların, mütləq əksəriyyəti isə qeyri-neft, o cümlədən tikinti, ticarət-xidmət, emal sənayesi, nəqliyyat və s. sektorunun payına düşür.
AZƏRTAC xəbər verir ki, ötən il ölkədə iqtisadi fəal əhalinin sayı 2005-ci illə müqayisədə 693,7 min nəfər artaraq 5073,8 minə çatıb. Bunun 4822,1 min nəfərini iqtisadiyyatda məşğul olanlar, 251,7 min nəfərini isə işsiz əhali təşkil edib. Ötən il yaşı 15 və daha çox olanların sayında məşğul əhalinin payı 62,9 faiz təşkil edib. İqtisadi fəal əhalinin 32,7 faizi ilk peşə-ixtisası, orta ixtisas və ali təhsil səviyyələrinə malik olub.
2005–2017-ci illər ərzində iqtisadiyyatda muzdla işləyənlərin sayı 20,7 faiz artaraq 1525,0 min nəfərə çatıb. Bu isə ümumi məşğul əhalinin 31,6 faizinə bərabərdir.
İşsizlər arasında qadınların və gənclərin payının yüksək olması əmək bazarında müşahidə edilən əsas problemlərdəndir.
Son on ildə 15-24 yaşlı gənclər arasında işsizlik səviyyəsi nisbətən azalaraq 2017-ci ildə 12,9 faiz (qadınlar arasında 14,9 faiz) təşkil edib və bu, ölkə üzrə orta göstəricidən 2,6 dəfə çoxdur. 15-29 yaşlı gənclər arasında isə həmin göstərici 2017-ci ildə 9,2 faiz (qadınlar arasında 11,0 faiz), yəni ölkə üzrə orta göstəricidən 1,8 dəfə çox olub.
Bu barədə ölkə başçısının təsdiq etdiyi “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” haqqında Sərəncamda məlumat verilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət