Yeni nəsil “GPS” sistemi yaradılıb
Dünyanın ən böyük hərbi sənaye korporasiyalarından olan “Raytheon” şirkəti 2021-ci ildə istifadəyə veriləcək yeni nəsil “GPS” peyk rabitəsi sisteminin hazırlanmasını başa çatdırıb.
“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti” resursuna istinadən yazır ki, ABŞ Müdafiə Nazirliyinin iri podratçılar beşliyində yer alan “Raytheon” şirkəti aparıcı raket silahları və radiotexnika sistemləri istehsalçısıdır. Yeni “GPS” rabitə sisteminin sifarişçisi qismində də ABŞ Hərbi Hava Qüvvələri çıxış edir. Onun hazırlanması üzərində işə 2016-cı ildə başlanılıb.
“GPS OCX” (Block 0) adlı kibertəhlükəsizliyi işəsalma və yoxlama sistemi 2018-2019-cu illərdə ilk modernləşdirilmiş “GPS III” peykinin kosmosa buraxılması üçün istifadə edilib.
Məlumata görə, hazırkı “GPS” sistemi iki əsas seqmentdən ibarətdir: kosmik və yerüstü nəzarət. Kosmik seqmentə hazırda orbitdə olan bir neçə peyk daxildir, idarəetmə seqmenti isə izləmə və peyklərə görə cavabdeh yerüstü stansiyalardan ibarətdir.
“GPS OCX” sistemi işi yüksək dəqiqliklə təmin edəcək və ucqar yerlərdə peyklərin əhatə dairəsini genişləndirəcək.
Nizam Nuriyev
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət