Yeni iPhone modelləri Geekbench bençmark testlərindən keçdilər
Apple şirkətinin yeni iPhone modellərinin təqdimatından sonra məşhur Geekbench bençmark saytında həmin iPhone modellərinin test nəticələri təqdim olundu. Qeyd etmək lazımdır ki, hər üç iPhone modeli (Xs, Xs Max və Xr) 7 nanometrlik texnoloji proses əsasında hazırlanmış A12 Bionic prosessoru ilə təchiz olunub. Bençmark test nəticələrindən belə qənaətə gəlmək olar ki, yeni iPhone modellərinin performans göstəricilıəri keçən ilki iPhone X-in göstəricilərindən cüzi yüksəliş sərgiləyib.
A12 Bionic-də 6 nüvəli mərkəzi prosessor, 4 nüvəli qrafik sürətləndirici və 8 nüvəli neyron hesablayıcı blokdan istifadə olunur. Apple şirkətinin məlumatına əsasən CPU-nun performans göstəricisi enerji sərfiyyatının 50% aşağı salınması ilə 15% yüksəlib. GPU isə 50% daha sürətli olub. iPhone Xs ilə eyni texniki göstəricilərə sahib olan iPhone Xs Max modeli birnüvəli testdə 4813 xal, çoxnüvəli testdə isə 10266 xal toplayıb. iPhone Xr modeli isə birnüvəli testdə 4754 xal, çoxnüvəli testdə isə 9367 xal toplayıb.
Müqayisə üçün qeyd etmək lazımdır ki, A11 Bionic əsasında çalışan keçən ilki iPhone X birnüvəli testdə 4300 xal, çoxnüvəli testdə isə 10500 xal toplayır. Nəticə etibarilə demək olar ki, yeni iPhone modellərinin performans göstəriciləri dəyişilməz olaraq qalıb. Lakin bu vəziyyətdə də yeni iPhone modelləri bütün Android smartfonları geridə qoymağı bacarır. Bundan əlavə olaraq bençmark testlərindən məlum olub ki, iPhone Xs ilə iPhone Xs Max modellərinin hər biri 4 GB RAM, iPhone Xr isə 3 GB RAM ilə təchiz olunub.
Mənbə: Technote.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət