Yeni bahalaşma dalğası gəlir: Nələrin qiyməti qalxacaq?
Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə edilir.
Vergi Məcəlləsinə “Yalan əqd” ifadəsi və ifadənin açılışı daxil edilir.
Yalan əqd - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əqdi pərdələmək məqsədilə bağlanan, habelə faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə əməliyyatların rəsmiləşdirildiyi əqddir.
Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bu kimi inzibati mexanizmlərlə paralel təşviq mexanizmlərinə də ehtiyac olduğunu deyib:
“Bu göstərilən mal və xidmətlərin qeydiyyatı məsələsinə aiddir. Azərbaycanda bununla bağlı bir çox problemlər var. Birincisi, malın mənşəyi ilə bağlı problemlər var. Məsələn, brend adı altında çində istehsal olunmuş məhsul satışa çıxarılır. Yəni qeydiyyatı düzgün aparılmır və bu da həm istehlakçıların hüquqlarının pozulması ilə nəticələnir, həm də vergidən yayınma halları ilə müşahidə olunur.
Belə ki, əvvəllər buna o qədər də ciddi fikir verilmirdi. Hətta küçələrdə belə, brend adı altında brend olmayan mallar satılırdı. İndi görünən odur ki, vergidən yayınma hallarının qarşısının alınması nöqteyi-nəzərindən belə bir dəyişikliyə ehtiyac yaranıb.
Amma tək inzibati yollarla və ya hər hansı bir formada nəzarət mexanizmlərinin yaradılması ilə bu məsələnin həllində ciddi uğur əldə olacağını düşünmürəm. Çünki uzun illərdir Azərbaycanda “oyun qaydaları” formalaşıb və 10 minlərlə insan qeydiyyatsız, eləcə də mənbəyi bilinməyən mal və xidmətləri bazara çıxarılması məsələsində ixtisaslaşıb. Buradan da kifayət qədər vəsait əldə edirlər. Əgər sərt inzibati mexanizmlərlə bu məsələnin həllinə çalışılarsa, bu ciddi narazılığa səbəb olacaq. Çünki bu fəaliyyətlə məşğul olan insanların sayı da çoxdu və sərt inzibati mexanizmlər onların sosial problemlərinin yaranmasına, işsiz qalmalarına və ya hər hansı bir formada gəlirsiz qalmalarına da səbəb ola bilər.
Ona görə də cəza mexanizmləri ilə paralel olaraq təşviq mexanizmləri də təklif edilməlidir ki, insanların mənbəyi və mənşəyi bilinməyən malların bazara çıxarılmasına marağı olmasın. Birdən-birə hər şeyin leqallaşması qiymətlərin də artmasına təsir göstərəcək və alıcıya da bu xoş təsir göstərməyəcək. Çünki çox sadə düşünən alıcı keyfiyyətdən çox qiymətə önəm verir.
Ona görə də vergilər məcəlləsinə bu dəyişikliyin edilməsi yarımçıq proqram olacaq. Düşünürəm ki, bu inzibati cəza mexanizmi ilə bərabər təşviq proqramlarının da qəbul edilməsinə ehtiyac var. Təşviq proqramlarına misal olaraq, ölkədə istehsalı olmayan məhsulların xaricdən gətirilməsinə tətbiq edilən gömrük rüsumlarının sıfırlanmasını göstərə bilərik. Əgər bu rüsumlar aradan qaldırılarsa və bununla bərabər vergi güzəştlərinin də müəyyən dərəcədə təşviq proqramı şəklində qəbul edilməsi insanları leqal işləməyə sövq edəcək.
Çünki qeyri-leqal işləməyin mənası qalmayacaq. Əgər rüsum sıfırdırsa əksinə mal gətirən istiyəcək ki, daha ciddi şirkətlərlə müqavilə bağlayıb leqal şəkildə çalışsın. Mənə elə gelir ki, bu kimi addımlar atılarsa, prosesin leqallaşması daha asan və etibarlı olacaq”.
Əli Bədir
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət