Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yay mövsümü və ürək sağlamlığımız

Yay mövsümü və ürək sağlamlığımız
Sakura

Yay mövsümü və ürək sağlamlığımız

İsti havalarla birlikdə həm sağlam insanlarda, həm də daha əvvəldən ürək – damar xəstəliyi olanlarda müəyyən şikayətlər ortaya çıxa bilər (təngnəfəslik, darıxma, döş qəfəsində sıxılma vs).

İsti və nəm havalar, xüsusilə də daha əvvəldən bilinən ürək və damar xəstəliyii olan insanlarda şikayətləri artırır. Çünki isti havanın özü ürək-damar sağlamlığı cəhətdən müəyyən riskləri bərabərində gətirir. Aparılan tədqiqatlar göstərir ki, isti havalarda ürək tutmaları və miokard infarktlarının rastgəlmə tezliyi artır. Ürək səbəbi ilə ölüm halları da yay aylarında artır. Bəzi epidemiolojik tədqiqatlar göstərmişdir ki, qızmar hava dalğalarının yaşandığı illərdə, xüsusilə yaşlı və yanaşı xəstəliyi olan xəstələrdə ürəklə əlaqədar ölüm halları daha çox qeydə alınır.

Onu da xüsusilə qeyd etməliyəm ki, ürəyinə stent qoyulmuş, şuntlama əməliyyatı, qapaq əməliyyatı keçirmiş xəstələr, qan durulducu dərmanlar qəbul edən insanlar, hipertoniya xəstələri və şəkər xəstələri xüsusilə risk qrupundadır.

İsti və nəmli hava niyə risklidir?

İsti və nəmli hava ürək-damar xəstələri, hipertoniya xəstələri və ürək çatışmazlığı üçün riskləri artırır.

İsti havalar bədəndən maye, duz və elektrolit itkisinə səbəb olur. Eyni zamanda qan qatılaşır və laxtalanmaya meyilliliyi artır. Bu necə baş verir: dəri orqanizmin temperaturunun tənzimlənməsində, yəni termorequlyasiyada mühim rol oynayır. Dərinin qan dövranı bu məsələdə böyük əhəmiyyətə malikdir. Dərinin damarları soyuqda büzüşür, istidə isə genişləyir. Beləliliklə, temperatur itkisini azaldır və ya artırır. Bu isə öz növbəsində ürəyin iş yükünü artırır, ürəyin daha çox və daha sürətli işləməsini tələb edir. Ürək çatışmazlığı olan xəstələrdə qanın dəriyə çox yönəlməsi digər həyati orqanlarda qan dövranının azalmasına yol aça bilər.

havalarda tərləmə ilə bərabər, biz su (maye) itiririk. Onu da deyim ki, bədənin soyumasına səbəb olan tərləmək deyil – tərin buxarlanması nəticəsində bədənimiz soyuyur. Bu su ilə birlikdə bizə çox vacib olan duz və elektrolitləri də itiririrk. Nəticədə, damarlarda dolaşan mayenin miqdarı azalır, qanın durulaşması azalır və qan qatılaşır. Bu orqanizmdə tromblaşma hadisələrinə meyli artırır. (ürək damarlarında tromblaşma ürək infarktına, beyin damarlarında tromblaşma insulta gətirib çıxarır). Eyni zamanda böyrəklərdən keçən qan miqdarı da azalır və bu da öz növbəsində böyrək funksiyalarına mənfi təsirini göstərir. Bunu tarazlamaq üçün böyrək və böyrəküstü vəzlərdən müəyyən maddələr ifraz olunur. Bu maddələrin təsiri ilə damarlar büzüşür və ani təzyiq yüksəlmələri ola bilir. Bu isə, ürək çatışmazlığına səbəb ola bilər və ya var olan ürək çatışmazlığının əlamətlərini artıra bilər.

Hipertoniya xəstələri isti və nəmli havalara xüsusilə diqqət yetirməlidirlər. Hipertoniya əleyhinə istifadə edilən dərmanlar yenidən nizamlanmalıdır. Sidik qovucu dərmanlar istifadə edənlər su qəbuluna diqqət etməlidirlər. Yay fəslində su qəbulunu bir miqdar artırmalıdırlar, çünki su qəbulunun tarazlanmaması halında ani təzyiq düşmələri və böyrək funksiyalarında pozulmalar baş verə bilər. Kalsium kanal blokatorları istifadə edənlərdə isə yay fəslində ayaqlarda daha çox şişlik görülə bilər. Bu dərmanın da dozası üçün yay fəslində mütləq həkimə yenidən müraciət edilməlidir və yenidən nizamlanmalıdır.

Nə etməli?

Yay fəslində ürək sağlamlığımızı qorumaq üçün nə etməliyik? Aşağıda bu barədə məsləhətlərimi maddələr şəklində təqdim edirəm.

  • Açıq rəngli, rahat və tərləməyi artırmayan geyimləri seçin;
  • Ağır və yağlı yeməklərdən uzaq durun;
  • Təzə meyvə və tərəvəzlərə üstünlük verin;
  • Siqaret və alkoqoldan uzaq durun (alkoqol istifadə edənlər xüsusi ilə günorta saatlarında qətiyyən qəbul etməməlidirlər); 
  • Günlük maye qəbulunuzu ən az 2,5-3,0 litrə çıxarın. Bu mayeni deyəndə biz ancaq su nəzərdə tuturuq. Çay, qəhvə və digər içkilər bunun yerinə keçmir. Çünki çay və qəhvə kimi içkilər, eyni zamanda sidik qovucu təsiri göstərərək bədəndəki maye itkisini artırırlar. Qazlı su istifadəsinə də diqqət etməliyik, çox istifadə etmək qan təzyiqini yüksəldə bilər və ürək çatışmazlığının əlamətlərinin ortaya çıxmasına və ya ağırlaşmasına gətirib çıxara bilər;
  • Həkim məsləhəti ilə müəyyən miqdar duz istifadə etməliyik. Adətən duz istifadəsini, əsasən də ürək xəstələrində məhdudlaşdırırıq, amma yay aylarında çox tərləmədə su ilə bərabər duz da itirilir və bunu tənzimləmək üçün müəyyən miqdar duz istifadə edilməlidir;
  • Günorta saat 12:00-15:00 arası açıq havada gəzməyin, çünki bu saatlar günün ən qızmar və ziyanlı vaxtıdır;
  • Dənizə və hovuza sabah və axşam saatlarında girin;
    • Hipertoniya əleyhinə dərmanlarınızı həkim məsləhəti ilə yenidən nizamlayın;
    • Sərinləmək məqsədilə soyuq duş qəbul etmək məsləhət deyil, çünki bədən temperaturu yüksək ikən anidən soyuq su altına girmək məqsədəuyğun deyil. Dəniz və ya hovuza da bir anda deyil, bədənimizi alışdıraraq girməliyik;
    • Sərin yerlərdə vaxtınızı keçirməyə çalışın;
    • Kondisionerdən istifadə edilən evlərdə hava temperaturun 22-23 dərəcə olması kifayətidr.
    • İdman – qapalı məkanlarda idman edilməsi məsləhətdir;
    • İdman üçün günün sabah və ya axşam saatlarını seçin;
    • Mütləq idmana başlamadan əvvəl və sonra su için ;
    • Səyahətə çıxmazdan əvvəl ürəyinizi yoxlatdırın. İsti havalarda tətil ürək üçün zərərli ola bilər, buna görə də öncədən kardioloqa müraciət etmək vacibdir.

    Ən sonda isə onu qeyd etmək istəyirəm ki, bizim hər birimizin sağlamlığımız – hər zaman olduğu kimi, yay fəslində də, ancaq özümüzün özümüzə diqqət və qayğımızın nəticəsidir.

 

Mənbə: KamranMusayev.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR