Slimfit
  1. MARAQLI

Yay aylarında balıq yeyək, ya yox?

Yay aylarında balıq yeyək, ya yox?
Sakura

Yay aylarında balıq yeyək, ya yox?

Zamanla mətbuatda balıqdan kütləvi zəhərlənmə hadisələri ilə bağlı məlumatlarla rastlaşırıq. Bu xəbərlər əsasən yay aylarında yayılır. Ona görə də bir çox mütəxəssislər yay fəslində balığın yeyilməsini məsləhət görmürlər.

Buna səbəb kimi isə havaların isti olduğu üçün bu məhsulun tez xarab olması bildirilir. Hətta el arasında da belə bir fikir formalaşıb ki, balıq adında "r" hərfi olan aylarda yeyilir. Beləliklə də may, iyun, iyul, avqust aylarında balıq yeməkdən əksər şəxslər çəkinir.

Bəs buna səbəb nədir? Doğrudanmı yayda balıq yemək olmaz?

Lent.az-ın əməkdaşı bu suallara tanınmış həkim Mübariz Bilalovdan cavab aldı. Həkim deyir ki, hansı fəsil olmasına baxmayaraq balıq seçərkən onun təzə olmasına diqqət edilməlidir:

“İsti havalarda balıq yemək məsləhət deyil. Əgər bişirmə texnologiyasına düzgün əməl olunmursa, ciddi zəhərlənmə halı baş verər. Yay aylarında balıq məhsulu tez köhnəlir. Balığın təzə olub-olmamasını isə qulaqcıqlarının altından müəyyən etmək olar. Həmin bölgədə çox qızartı varsa, deməli bu məhsul köhnə deyil.

Balıqdan zəhərlənmə tez baş tutur və uzağı yarım sutka ərzində özünü büruzə verir. Həmçinin balıq ən ağır qida zəhərlənmələrindən biri hesab edilir. Köhnə balığın tez zəhərlənmə vermə səbəblərindən biri də, balığın bədənində yığılan bakteriyalardır ki, bu da ölümə qədər gətirib çıxarır”.

Həkim eyni zamanda balığın xeyirli tərəflərindən də söz açdı: ”Balıq vitaminlərlə zəngin məhsuldur. Tərkibində xolesterin çox azdır. Şəkərli diabet, həzm problemi yaşayan, artıq çəkidən əziyyət çəkən və.s hər kəsə bu məhsulu yemək tövsiyə olunur. Düzgün zamanda istifadə edilərsə çox xeyirli qidadır”.

Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov isə Lent.az-a danışarkən qeyd edib ki, balıq məhsulunun saxlanılmasına düzgün riayət olunarsa hər ayda yemək olar:

“İsti havalarda balıq yemək olmaz fikrini düzgün hesab etmirəm. Balıq ən çox isti ölkələrdə yeyilən məhsuldur. Gigiyena qaydalarına riayət olunursa, buzun üstündə saxlanılarsa heç bir qorxusu yoxdur”.

T.Əmiraslanov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yay aylarında balıq ovuna icazə verməməsinə də öz fikrini bildirib:

“Mən düşünürəm ki, nazirliyin bu qərarı bəzi balıq növlərinin kökünün kəsilməsi ilə bağlıdır. Balıqların çoxu isti havalarda kürü tökməklə çoxalır. Buna

görə də isti havalarda balıq ovuna icazə verilmir.”

Məlumat üçün bildirək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də yay aylarında balıq ovunu qadağan edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR