Slimfit
  1. PSİXOLOGİYA

Yaxşı vərdişləri necə formalaşdırmalı?

Yaxşı vərdişləri necə formalaşdırmalı?
Sakura

Psixoloq yanaşması

Gündəlik həyatımızda daim təkrar etdiyimiz, bəzən heç özümüzdən də asılı olmayan müəyyən davranış formaları var. Bunların bəziləri məqbul, bəziləri isə qeyri-məqbuldur. Pis vərdişlərdən uzaq durmaq, yaxşıların sayını artırmaq lazımdır. Məsələn, dil biliyini artırmaq, kitab oxumaq, piyada gəzmək və s. kimi məsələlərdə mütəmadiliyi qorumaq üçün bunların vərdiş halına salınması önəmlidir. Maraqlıdır, bəs bu kimi yaxşı vərdişləri formalaşdırmaq, onları daim təkrarlanan hala gətirmək üçün nələri etməliyik? Bu mövzuda həmsöhbətimiz psixoloq Aidə Səlimdir.
 
Psixoloq deyir ki, yaxşı vərdişlərə yiyələnməyin ilk yolu bunu planlı və rejimli şəkildə etməkdən başlayır: “Gündəlik həyatda fəaliyyətin mənimsənilməsi nəticəsində insanlarda müəyyən vərdişlər formalaşır. Adətən, vərdişlər şüurlu və ya qeyri-ixtiyari təkrarların nəticəsində meydana çıxır. Əgər insan özündə hər hansı bir vərdişi formalaşdırmaq istəsə, bunu əvvəlcədən planlasa, getdikcə vərdişlərin, həyatındakı mənfi davranışları özündən uzaqlaşdırdığının şahidi ola bilər. Yaxşı vərdişlərə yiyələnməyin ilk yolu bunu planlı və rejimli şəkildə etməkdən başlayır. Misal olaraq, əgər xarici dil biliyinizi artırmaq istəyirsinizsə, məqsədli şəkildə gündəlik 5 söz öyrənməyi vərdiş halına gətirə bilərsiniz. Ancaq diqqət edin ki, yeni vərdişlərə yiyələnəndə ilk olaraq özünüzə kiçik hədəflər qoymalısınız. Məsələn, 15 dəqiqəlik gündəlik piyada gəzmək, hər gün 1 stəkan su içmək, 10 səhifə kitab oxumaq və s kimi. Çünki bir işə başlayanda böyük hədəflər qoysanız, işin gedişində yaranan çətinliklər sizi yarıyolda qoyar və daha tez motivasiyadan düşməyinizə səbəb ola bilər. Birdən-birə xarici dildə 20 yeni söz beyinə daha çətin gələr, nəinki 5 söz öyrənmək. Və artıq bu, vərdiş halına gəldikdən sonra sözlərin kəmiyyəti sizə çətinlik yaratmayacaq”.
Həmsöhbətimizdən bu mövzuda nə kimi tövsiyələr verə biləcəyini soruşduq: “Tövsiyə edəcəyim üsul “Zənciri qırma” metodu ola bilər. Özünüz üçün 15-20 günlük, yaxud 1 aylıq təqvim hazırlayırsınız. Vərdiş halına çevirmək istədiyiniz bir şeyi hədəfləyir və ona çatmaq üçün hər gün nə isə edirsiniz. Örnək olaraq, gündəlik 25 dəqiqə bədii kitab oxumaq. Hər gün bunu etdikcə, təqvimdə də qeyd edirsiniz. Burda əsas məsələ isə o “zənciri qırma”maqdır. Zamanla təqvimdə ardıcıl yaranan zəncirlər görəcəksiniz və artıq yeni məqsədiniz bu zənciri qırmamaq olacaq. Əlavə olaraq, insanın özündə vərdişi formalaşdırması üçün 21 gün də kifayət edir. Çünki yeni vərdişin psixoloji olaraq formalaşmağı 21 gün davam edər. Təbii ki, burada söhbət fasilə vermədən, təkrarən davam edən prosesdən gedir. Ümumiyyətlə, vərdişlər təkrarlanaraq qazanılır. Cənubi Kaliforniya Universitetinin Sosial elmlər fakültəsinin psixologiya üzrə professoru Uilyams Vud qeyd edir ki, vərdişlər beyinlə davranış arasında ən qısa yoldur. Bir dəfə edildisə, o hərəkət sonradan avtomatik olaraq vərdişə keçir”
 
Psixoloq bildirir ki, yaxşı vərdişləri qazanmaq üçün kifayət qədər resurslar vardır: “Misal olaraq, gündəlik etməli olduğunuz işi xatırladan mobil tətbiqlər bu mövzuda gənclərin ən böyük yardımçısı ola bilər. Edəcəyiniz işi yazırsınız və həmin proqram gündə eyni vaxtda bunu sizə xatırladır. Bu cür üsulu sevmirsinizsə, çox rahat şəkildə özünüz qeydlər götürərək, edə bilərsiniz, çünki hər dəfə yazdıqca, daha çox vərdiş qazana bilərsiniz. Onu da qeyd edim ki, insanda əvvəl yaranmış vərdişlər bəzən yenisinin yaranmasını çətinləşdirə və ya onun formalaşmasını ləngidə bilər. Gündəlik həyatda daha çox yaşlı insanlarda rast gəlinən bir vərdişi misal olaraq göstərmək olar. Tutaq ki, kiril əlifbası ilə yazmağa vərdiş edən insan birdən-birə latın qrafikalı əlifbaya keçid alanda bir az çətinlik yaşayır. Bunun üçün isə bizə indiki zaman üçün hansı vərdişin lazım olduğunu müəyyən etmək və nəyin maneə olacağını aydınlaşdırmaq lazımdır”.
 
Müsahibimiz deyir ki, istədiyimiz davranışı vərdiş halına keçirdikcə bu vərdişin davamını gətirmək üçün özümüzü mükafatlandıra bilərik: “Nə istədiyimizi bildikdən sonra, onları vərdişə halına salmaq o qədər də çətin olmayacaq. Ən əsası, ilk addımı atdıqdan sonra davamını gətirməkdir. Çünki, həyatda başlamaq və bitirmək asandır, çətin olan davam etməkdir. Təkrarlanan və davam edilən proses isə zamanla vərdişə çevrilir”.
 
 
Günel Azadə
 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR