Slimfit
  1. CƏMİYYƏT

Yas mərasimlərinə xərclənən vəsait "kəllə-çarxa" çıxıb - Söhbət milyonlardan gedir

Yas mərasimlərinə xərclənən vəsait "kəllə-çarxa" çıxıb - Söhbət milyonlardan gedir
Sakura

Yas mərasimlərinə xərclənən vəsait "kəllə-çarxa" çıxıb - Söhbət milyonlardan gedir

"Az qalıblar ki, yas mərasimlərinin menyusuna kabab da əlavə etsinlər. İnanıram ki, belə davam etsə, bunu da görəcəyik"

 Yas mərasimlərində israfçılığın qarşısının alınması istiqamətində illərdir ki, təbliğat kampaniyaları aparılsa da, bu, fayda vermir. 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2018-ci ildə Azərbaycanda yas mərasimlərinə 30 milyon manatdan artıq vəsait xərclənib. Məlumata görə, 2018-ci ildə yas mərasimlərinə xərclənən məbləğ 2017-ci illə müqayisədə 8% artaraq 27,9 milyon manatdan 30,1 milyon manata yüksəlib.

Qeyd edək ki, bir müddət öncə yas mərasimlərində israfçılıq Milli Məclisdə də müzakirəyə çıxarılmışdı. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov yas mərasimlərində israfçılığın qarşısının sərt şəkildə alına bilməsi barədə açıqlama vermişdi. Komitə sədri bildirmişdi ki, Azərbaycanda yas mərasimlərində israfçılığın qarşısının alınmasının iki forması müəyyənləşdirilib. Bunun üçün birinci forma qanunla sərt tədbir, digəri isə təbliğat yoludur. Onun sözlərinə görə, hələlik bu məsələdə təbliğat yoluna üstünlük verilir.

Amma statistik göstəricilər təbliğatın o qədər də işə yaramadığını təsdiq edir. Rəqəmlər göstərir ki, Azərbaycanda yas mərasimlərində israfçılığın qarşısını almaq üçün təbliğat işləri aparılsa da, əhalinin yas mərasimlərinə xərclədiyi vəsait ildən-ilə artır. Bəs görəsən, yas mərasimlərinə xərclənən məbləğin artması nə ilə bağlıdır? İsrafçılıqla yanaşı, qiymət artımı da bu məsələdə rol oynayırmı?

İqtisadçı Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında yas mərasimlərinə xərclənən vəsaitin artmasına ölkədə məhsulların qiymətlərinin bahalaşmasının ciddi təsir etməsinin mümkünsüz olduğunu söyləyir: "İnflyasiya səviyyəsi yas mərasimlərinə xərclənən vəsaitin artmasına elə böyük təsir etməyib. Baxmayaraq ki, hər zaman olduğu kimi məhsullarda qiymət artımı baş verib. Amma bu, yas mərasimlərinə xərclənən vəsaiti əhəmiyyətli dərəcədə artıra bilməz. Söhbət bir ildə yaranan əhəmiyyətli fərqdən gedir. İnflyasiya isə bu qədər fərq yarada bilmir. Bu da göstərir ki, əsas səbəb israfçılıqdır. Təbliğatın olmasına baxmayaraq bu istiqamətdə maarifləndirici işlərin artmasına baxmayaraq, yas mərasimlərində süfrəyə qoyulan vəsaitin həcmi ildən-ilə artır. Fikrimcə, bu, yas mərasimlərinə yanaşma ilə bağlıdır. Rəqəmlərin müqayisəli təhlili göstərir ki, israfçılıq belə davam edərsə, biz qarşıdakı illərdə yas mərasimləri üçün çəkilən xərclərlə bağlı daha böyük rəqəmlər görə bilərik".

V.Bayramov deyir ki, Azərbaycanın bəzi bölgələrində yas mərasimləri sadə şəkildə keçirilsə də, paytaxtda əks vəziyyət müşahidə olunur: "Regionlarda təbliğat qismən də olsa, işə yarayıb. Yas mərasimlərində israfçılığa elə də yol verilmir. Amma Bakıda əks mənzərə var. Yas mərasimlərində də toylar kimi dəbdəbə müşahidə olunur".

Deputat Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, çıxış yolu yas mərasimlərində israfçılığın qarşısının alınmasını qanuna salmaqdır: "Çox təəssüf ki, insanlar kədərini də reklam etməyi sevirlər. Bu rəqəmlər şöhrətpərəstlik hissindən xəbər verir. Az qalıblar ki, yas mərasimlərinin menyusuna kabab da əlavə etsinlər. İnanıram ki, belə davam etsə, bunu da görəcəyik".

Deputat deyir ki, yas mərasimləri ilə bağlı aparılan təbliğat ancaq regionlarda qismən öz nəticəsini verib: "Hətta Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da öz doğmalarının yas mərasimlərində sadəlik nümayiş etdirdi. Həmin mərasimlərdə süfrəyə yemək verilmədi. Amma çox təəssüf ki, insanlar belə şəxslərdən nümunə götürmək istəmirlər. Bəhsə girərək hər il yas mərasimlərini daha dəbdəbəli keçirdirlər. Bunun ölən şəxsə heç bir xeyrinin olmadığını bilənlər belə bu lazımsız ənənəni davam etdirirlər. Ona görə də mən çıxış yolunu ancaq bunun qanunla tənzimlənməsində görürəm".

Qeyd edək ki, təbliğatla bu məsələlərin getdikcə sadələşdirilməsi, bərabərləşdirilməsi nəzərdə tutulur. Zənginliyi və kasıblığına fərq qoyulmadan, tanınmış ictimai dövlət xadimləri və milli qəhrəmanları çıxmaq şərti ilə, yas mərasimləri eyni səviyyədə olmalıdır. Artıq Naxçıvanda bu qaydaya tam əməl olunur. Amma bu bütün ölkəni əhatə etmədiyindən, yas mərasimlərinə xərclənən vəsait ildən-ilə artır. Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2014-cü ildə Azərbaycanda yas mərasimlərinə 14,4 milyon manat, 2015-ci ildə 15,6 milyon manat, 2016-cı ildə 20,6 milyon sərf olunub. Ümumiyyətlə isə ölkə əhalisi yas mərasimlərinin keçirilməsinə 5 il əvvəlki ilə müqayisədə 2,1 dəfə artıq vəsait sərf edib.









Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR