Yaponiya şirkəti Azərbaycanda aztəminatlı əhalinin ödənişsiz göz müayinəsini keçirəcək
2006-cı ildə Nansen Qaçqın Mükafatı ilə təltif olunmuş cənab Doktor Akio Kanainin rəhbərliyi ilə Yaponiyanın “Fuji Optical” özəl şirkəti məcburi köçkünlərə, qaçqınlara və digər aztəminatlı əhaliyə optometrik xidmətlərin göstərilməsi məqsədi ilə Azərbaycana 15-ci missiyasını həyata keçirəcək.
Nazirlər Kabineti Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, missiyanın Azərbaycana səfərlərinin 15-ci ilinin tamam olması münasibəti ilə 6 may 2019-cu il tarixində “Hilton” mehmanxanasının Lazurit zalında saat 10:30-da tədbir keçiriləcək.
Məlumat üçün bildirək ki, görmə qabiliyyətinin müayinəsi üzrə Azərbaycana “Fuji” humanitar missiyaları 2005-ci ildə başlamış və həmin vaxtdan hər biri on gün davam edən səfərlər hər il keçirilib.
“Fuji Optical” özəl şirkəti Azərbaycana etdiyi humanitar missiyaların reallaşdırılması üçün 2005-ci ildən indiyədək 2,8 milyon ABŞ dollarından çox vəsait xərcləyib. Təqribən 57 min yüksək keyfiyyətli eynək ölkəyə gətirilib, ümumilikdə 31 min nəfərdən çox qaçqın, məcburi köçkün və aztəminatlı şəxs missiyalar zamanı göstərilən ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanıb. Bu il, “Fuji Optical” şirkəti 7-13 may 2019-cu il tarixlərində Yevlax, Goranboy və Bakı şəhərlərində keçiriləcək altı günlük eynək paylanışı dövründə 2400 məcburi köçkün, qaçqın və sığınacaq axtaran şəxsi müayinə etməyi planlaşdırır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət