Yaponiya radiosu: Heydər Əliyevin dəmir iradəsi...
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” Azərbaycanı bütün dünyaya tanıtdı.
Azərtac xəbər verir ki, bu fikir oktyabrın 3-də Yaponiyanın “Himalaya” radiosunda “Əsrin müqaviləsi”nin 25-cü ildönümünə həsr olunmuş xüsusi verilişdə səslənib.
Verilişin aparıcısı Kazuyasu İşida, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər, Azərtac-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev və “Kakusei Space Innovation” şirkətinin prezidenti Yasuhiro İşibaşi cari il sentyabrın 20-də imzalanmasının 25-ci ildönümü tamam olmuş “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən danışıblar.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin gərgin əməyi sayəsində ərsəyə gələn bu müqavilə Azərbaycan tarixinə qızıl hərflərlə yazılaraq, xalqımızın və dövlətimizin taleyində mühüm rol oynayıb. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 aparıcı neft şirkəti arasında “Azəri”,” Çıraq” və ”Günəşli” yataqlarının birgə işlənilməsi və hasilatın pay bölgüsü ilə bağlı imzalanan “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatını sürətli inkişaf roluna çıxarmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyində çox böyük rol oynayıb. Bunun ardınca sonrakı illərdə dünyanın 19 ölkəsini təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanıb. Yaponiya şirkətlərinin də həmin layihəyə qoşulduğu və onun reallaşmasında mühüm rol oynadığı xüsusi qeyd olunub. Bildirilib ki, müqavilə həm də Azərbaycanın gələcək inkişafının və dünya birliyinə inteqrasiyasının həlledici amili kimi çıxış edib.
Qeyd edilib ki, Azərbaycanı bütün dünyaya mühüm karbohidrogen ixracatçısı kimi tanıdan müqavilə böyük çətinliklərdən və maneələrdən keçərək böyük dövlət xadimi Heydər Əliyevin dəmir iradəsi, qətiyyətli və ardıcıl siyasətinin nəticəsi olaraq reallaşıb. Bəzilərinin fantastika və xəyal adlandırdığı bu layihənin həyata keçirilməsində həmin dövrdə ARDNŞ-in vitse-prezidenti təyin edilən İlham Əliyevin xüsusi rol oynadığı vurğulanıb.
Bildirilib ki, müqavilənin imzalanmasından qısa müddət sonra Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşası nəticəsində Avropanın enerji təminatında yeni mərhələ başlayıb. “Əsrin müqaviləsi” nəticəsində Azərbaycan öz gələcək inkişafı üçün lazım olan maliyyə vəsaiti əldə edib.
Müqavilə ilə əldə edilən gəlirin Azərbaycan rəhbərliyi tərəfindən ölkə iqtisadiyyatına dərindən düşünülmüş və bacarıqla tətbiqi nəticəsində ölkəmiz bu gün dünyanın ən sürətlə inkişaf edən dövlətləri sırasında xüsusi yer tutur. Bu gün Azərbaycan böyük valyuta ehtiyatına malikdir. Ölkədə müasir sosial-iqtisadi və mədəni infrastruktur yaradılıb. Paytaxt Bakı ilə yanaşı, rayonların inkişafı da diqqəti cəlb edir. Xüsusi vurğulanıb ki, son 25 il ərzində Azərbaycanda ümumi daxili məhsul istehsalı da, adambaşına düşən məhsul da yüz dəfələrlə artıb.
Qeyd edilib ki, Azərbaycanın qazandığı uğurlar ölkəni bütün dünyada tanıdıb. Bu gün Azərbaycan adı Yaponiyada ən çox işlənən ölkə adlarından biridir.
Radionun dinləyicilərinə Azərbaycanın müasir turizm potensialı, qədim və zəngin mədəniyyəti, özünəməxsus mətbəxi barədə də geniş məlumat verilib. Azərbaycanın yapon turistlərin ən çox ziyarət etdiyi istiqamətlərdən birinə çevrildiyi vurğulanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət