Yaponiya Bakıda keçiriləcək dünya çempionatında 11 cüdoçu ilə təmsil olunacaq
Cüdo üzrə Yaponiya millisinin sentyabrın 20-da Bakıda start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb.
AZƏRTAC Yaponiya Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, yarışın favoritlərindən sayılan gündoğar ölkə təmsilçisi Azərbaycana 22 cüdoçu ilə gələcək. Onlardan 7-si ötən il Budapeştdə keçirilmiş dünya çempionatında fərdi, 4-ü isə komanda yarışlarının qalibi olub.
Rio Olimpiadasında qızıl medal qazanmış kişi çüdoçulardan Şohei Ono (73 kq) və Maşu Baker (90 kq), həmçinin qadın cüdoçu Haruka Tatimoto (70 kq) Bakıya gətirilməyəcək.
Kişilərin mübarizəsində 9 yaponiyalı cüdoçu - Naohisa Takato, Ryucu Naqayama (hər ikisi 60 kq), Hifumi Abe (66 kq), Soiçi Haşimoto (73 kq), Sotaro Fudzivara (81 kq), Kenta Naqasava (90 kq), Aaron Volf (100 kq), Yusei Oqava və Hisayoşi Harasava (hər ikisi +100 kq) iştirak edəcəklər.
Naohisa Takato 2013-cü və 2017-ci illərdə dünya çempionatlarının qalibi, 2014-cü ildə mundialın və “Rio-2016”nın bürünc mükafatçısıdır. O, Rio Olimpiadasında bürünc medal uğrunda görüşdə, ötən il isə dünya çempionatının finalında Orxan Səfərovu məğlub edib. Keçən il Asiya çempionu olan 25 yaşlı idmançı “Dünya Turu” (“Böyük Dəbilqə”, Qran-Pri və Masters) seriyalı turnirlərdə 12 qızıl, 2 gümüş və 1 bürünc medalın sahibidir.
İyirmi iki yaşlı Ryucu Naqayama isə “Dünya Turu” seriyalı yarışlarda 5 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
Yaponiya millisinin 21 yaşlı üzvü Hifumi Abe 2017-ci il dünya çempionatının qalibidir.
Ötən il dünya, 2016-cı ildə isə Asiya çempionu olan Soiçi Haşimoto 2015-ci il Asiya çempionatının bürünc mükafatçısıdır. O, “Dünya Turu” seriyalı turnirlərdə 6 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb. S.Haşimoto ötənilki dünya çempionatının finalında Azərbaycan təmsilçisi Rüstəm Orucovu üstələyib.
Sotaro Fudzivara 2017-ci ildə Asiya çempionu adını qazanıb. İyirmi yaşlı cüdoçu “Dünya Turu” seriyalı turnirlərdə 2 qızıl və 1 bürünc medalın sahibidir.
Kenta Naqasava “Dünya Turu” seriyalı turnirlərdə 3 qızıl, 3 bürünc medal qazanıb. O, 2015-ci ildə Ümumdünya Universiadasında bürünc medal qazanıb.
Ötənilki mundialın qalibi olan Aaron Volf “Dünya Turu” seriyalı turnirlərdə 3 qızıl, 1 gümüş və 2 bürünc medala layiq görülüb. O, sonuncu dünya çempionatının dörddəbir finalında Azərbaycan təmsilçisi Elmar Qasımovu məğlub edib.
İyirmi iki yaşlı Yusei Oqava “Dünya Turu” seriyalı turnirlərdə 2 qızıl və 1 gümüş medal qazanıb.
Hisayoşi Harasava isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı və 2017-ci ildə dünya çempionatında qarışıq yarışda qızıl medalçıdır. İyirmi altı yaşlı idmançı Olimpiadanın finalında Fransa təmsilçisi, ikiqat Olimpiya, 11 dəfə dünya, beşqat Avropa çempionu Teddi Rinerə uduzub. O, “Dünya Turu” seriyalı turnirlərdə 5 qızıl, 2 gümüş, 3 bürünc medala, 2015-ci il Ümumdünya Universiadasında qızıl medala sahib olub.
Yaponiyanın qadınlardan ibarət komandasının heyətində 9 cüdoçu - Funa Tonaki (48 kq), Ay Şişime, Uta Abe (52 kq), Miku Taşiro (66 kq), Tsukasa Yoşida (57 kq), Yoko Ono, Tidzuru Arai (70 kq), Şori Hamada (78 kq) və Sara Asahina (+78) yer alıblar.
İyirmi üç yaşlı Funa Tonaki 2017-ci il dünya çempionatının qalibi, 2016-cı il Asiya çempionatının bürünc mükafatçısıdır. O, “Dünya Turu” seriyalı turnirlərdə 4 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edib.
Dünya və ikiqat Asiya çempionu, 24 yaşlı Ay Şişime “Dünya Turu” seriyalı turnirlərdə 5 qızıl, 2 gümüş, 6 bürünc medal qazanıb.
On səkkiz yaşlı Uta Abe isə “Dünya Turu” seriyalı turnirlərdə 4 qızıl və 1 gümüş medal əldə edib.
Tsukasa Yoşida keçən il dünya çempionatında fərdi yarışlarda gümüş, qarışıq mübarizədə qızıl medal qazanıb. Asiya çempionu olan 23 yaşlı idmançı “Dünya Turu” seriyalı turnirlərdə 6 qızıl, 2 gümüş və 2 bürünc medalın sahibidir.
Mundiallarda iki dəfə bürünc medala layiq görülən Miku Taşiro “Dünya Turu” seriyalı turnirlərdə 6 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb.
Komandanın yaşca ən böyük üzvü olan 29 yaşlı Yoko Ono 2016-cı və 2017-ci il Asiya çempionatının qalibidir. O, “Dünya Turu” seriyalı turnirlərdə 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub.
İyirmi beş yaşlı Tidzuru Arai 2017-ci il dünya çempionatının qalibi olub. O, 2014-cü il Asiya Oyunlarında komanda yarışında qızıl, fərdi mübarizədə gümüş medala yiyələnib. Arai həm də “Dünya Turu” seriyalı turnirlərdə 6 qızıl, 5 gümüş və 5 bürünc medalın sahibi olub. O, həmçinin ötən il Mərkeşdə keçirilmiş açıq dünya çepionatının qalibi adını qazanıb.
Ötən il Asiya çempionu adına sahib olan Şori Hamada “Dünya Turu” seriyalı turnirlərdə aktivinə 3 qızıl və 3 bürünc medal yazdırıb.
Sara Asahina 2017-ci ildə Mərakeşdə keçirilmiş açıq dünya çempionatında qızıl medal qazanıb. İyirmi iki yaşlı cüdoçu ötən il Budapeştdəki mundialda fərdi yarışda gümüş, qarışıq mübarizədə qızıl medal qazanıb. O, “Dünya Turu” seriyalı turnirlərdə 6 qızıl, 1 gümüş, 2 bürünc medala sahib olub.
Bakıdakı dünya çempionatında Yaponiya millisi qarışıq yarışlarda dörd cüdoçu – Momo Tamaoki (57 kq), Akira Sone (70 kq), Arata Tatsukava (73 kq) və Şoiçiro Mukai (90 kq) ilə təmsil olunacaq.
İyirmi dörd yaşlı Momo Tamaoki 2015-ci il Asiya çempionın qalibidir. O, “Dünya Turu” seriyalı turnirlərdə aktivinə 3 qızıl, 5 bürünc medal yazdırıb.
Asiya çempionatının bürünc mükafatçısı olan 21 yaşlı Arata Tatsukava “Dünya Turu” seriyalı turnirlərdə 1 qızıl, 1 bürünc medal qazanıb.
On səkkiz yaşlı Akira Sone “Dünya Turu” seriyalı turnirlərdə 1 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.
Şoiçiro Mukai 2017-ci ildə Asiya çempionu adına sahib olub. “Dünya Turu” seriyalı turnirlərdə 1 qızıl, 1 bürünc medal qazanan idmançı 2017-ci il Ümumdünya Universiadasının bürünc mükafatçısıdır.
Qeyd edək ki, Yaponiya nümayəndə heyəti ümumilikdə 43 nəfərdən ibarətdir.
Cüdo üzrə dünya çempionatı sentyabrın 20-dən 27-dək Milli Gimnastika Arenasında keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət