Yaddan çıxmış sənətkarlar: Asya roluna görə universitetdən xaric edilən, qızına hirslənib infarkt keçirən…
“Arşın mal alan” filmindəki Asya yadınıza düşür? Bu xanımGənc Tamaşaçılar Teatrında müxtəlif obrazlar yaratsa da, çoxları onu məhz “Arşın mal alan” filmindəki Asya rolu ilə tanıyır. Yəqin ki, yaşlı və orta nəsil söhbətin Azərbaycanın xalq artisti, gözəl aktrisa Xuraman Hacıyevadan getdiyini anladı... Amma yəqin ki, onun haqqında aşağıda bəhs olunanlardan xəbərsizsiniz. Elə isə...
Modern.az saytı “Yaddan çıxmış sənətkarlar” layihəsində növbəti təqdimatı Xuraman xanıma həsr edir...
Öz dövrünün sevilən aktrisalarından olan Xuraman Hacıyeva 7 mart 1945-ci il tarixində Bakıda dünyaya göz açıb. Valideynləri əslən Ucar rayonundan olub.
10-dan çox filmdə, xeyli sayda teatr tamaşasında rol alan aktrisa incəsənət aləminə orta məktəbdə oxuyarkən gəlib. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olub. İkinci kursda oxuyanda rejissor Tofiq Tağızadənin "Arşın mal alan" bədii filmində Asya roluna çəkilib.
1966-cı ildə təhsilini yarımçıq qoymalı olub və Gəncəyə gedib. Bir müddət Gəncədəki Dövlət Dram Teatrıda aktrisa işləyib. Gəncədəki Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirib. Gəncə teatrında maraqlı rollar qalereyası yaradıb.
1972-ci ildə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Teatrdakı fəaliyyətinə görə Azərbaycan Respublikasının əməkdar artisti (9 fevral 1979) və xalq artisti (9 oktyabr 1999) fəxri adlarına layiq görülüb.
14 fevral 2005- ci il Bakıda vəfat edib.
Sənət yoldaşları aktrisa haqqında xatirələrini Modern.az saytı ilə bölüşüblər.
Asya roluna görə başı bəlalar çəkən aktrisa
Tanınmış aktyor, Xalq artisti Tariyel Qasımov deyir ki, Xaurman xanımın “Arşın mal alan” filmindəki Asya rolunu oynaması universitetdən qovulmağına səbəb olmuşdu:
“Xuramanla ilk tanışlığımız o, 9-10-cu siniflərdə oxuyanda olmuşdu. Əvvələr dram dərnəyi var idi, sonradan Xalq teatrı oldu. İlk tanışlığımız həmin dərnəkdə olmuşdu. Tərəf müqabili kimi bəzi tamaşalarda çıxış etdik. Sonra qısa müddətə də olsa, yollarımız ayrıldı. Xuraman universitetə daxil oldu, mən də universiteti bitirib Dram Teatrına getdim. İkinci kursda oxuyanda “Arşın mal alan” filmində Asya rolunu canlandırdı. Filmin çəkilişlərinə görə universitetdə dərsə davamiyyəti zəif idi. Buna görə də onu universitetdən xaric etdilər. Universitetdən xaric ediləndən sonra Gəncəyə getdi. Gəncə Teatrında baş rolları oynayaraq sevilən və tanınan aktrisaya çevrildi . Orada çox qalmadı, yenidən Bakıya qayıtdı. Gənc Tamaşaçılar Teatrında birgə işləməyə başladıq. Hansı tamaşada birgə çıxış edirdiksə, həmin günü zal dolu olardı. Bu da Xuramanın həm xarici gözəlliyinin, həm də səhnədə peşəkarlığının nəticəsi idi”.
“...hamı elə bilirdi evliyik”
“Bəzi xanım aktrisalardan fərqli olaraq, Xuraman səhnədə kişi aktyorlarla yaxınlıq etməkdən çəkinmirdi. Əksər xanım həmkarlarımız səhnədə kişi aktyorların onlara toxunmasına icazə vermirdi. Sevgi səhnələrində yaxınlıq olmasa, təbii alınmaz axı. Xuraman bunu yaxşı başa düşürdü. Heç vaxt kişi aktyorlardan çəkinmirdi, rolunu çox təbii oynayırdı. Səhnədə özünü unudurdu. Tamaşaçıya da Xuramanı sevdirən əsas səbəblərdən biri də bu idi.
Xuraman çox gözəl xanım idi. İndi desəm ki, ona qarşı heç bir hissim olmayıb, düz çıxmaz. Mən də gənc vaxtlarımda çox yaraşıqlı idim. Xuraman da mənə qarşı biganə deyildi. Hətta onun yaxın rəfiqəsi, xanım həmkarlarımızdan biri mənə demişdi ki, “sən hara baxırsan, onun sənə qarşı olan sevgisini görmürsən?”. Heç nə edə bilməzdim. Çünki tərəf müqabili idik, tez-tez səhnəyə çıxırdıq. Əgər ona hisslərimi ifadə etsəm, ailə qursaydıq, onda bir yerdə çalışmaqdan da imtina etməli olardıq. Çünki ailədə söz-söhbət olur, küskünlük yaranır. Bu inciklik istər istəməz Xuramanda səhnədə özünü biruzə verəcəkdi və əvvəlki kimi təbii ifalatr alınmayacaqdı. Hisslərimizi işimizə görə kənara qoyduq, yaxın dost olduq. Qəribə gələcək sizə bəlkə, amma ailə quracağım xanımı sonralar Xuraman seçmişdi. İstəyirdi ki, hər şeyin yaxşısı mənim olsun, xoşbəxt olum”.
“Ona paxıllıq edənlər çox idi, çünki...”
Tariyel Qasımov deyir ki, bütün baş rollar ona verilirdi. Xuraman xanım gözəl olduğu üçün tamaşaçının da sevgisini qazana bilirdi.
“Bu səbəbdən digər aktrisalar ona paxıllıq edirdilər. Lakin Xuraman buna görə narahat olmurdu. Paxıllıq etsələr də, onlara qarşı heç vaxt sərt münasibət göstərməzdi. Açığı, qadınlarla o qədər də yaxınlıq etmirdi. Kişilərlə dostluq etməyi daha çox sevərdi. Təbii gözəl idi, qətiyyən makiyaj etməzdi. Belə deyim də, hər şey özünə məxsus idi, süni deyildi”.
“Qeyri-rəsmi nikahdan olan qızı ölümünə səbəb oldu”
Tariyel Qasımov aktrisa haqda xatirələrini davam etdirir:
“Gəncədə olarkən bir nəfərlə münasibəti olmuşdu. Həmin münasibətdən də qızı dünyaya gəldi. Sonradan uşağın atası ilə əlaqəsi olmadı. Qızını özü böyütdü. Xuraman əvvəllər ata-anası ilə birgə qalırdı, sonradan dövlət ona ev verdi, qızı ilə birgə orada yaşamağa başladı. Sonradan qızı türk vətəndaşı ilə ailə qurdu, Türkiyəyə köçdü. Ondan sonra başına xeyli iş gəldi.
Qızının həyat yoldaşı “bizneslə məşğul oluram” deyib Xuramanın evini satdırdı. Pulu da götürüb getdilər Türkiyəyə. Sonralar Xuraman tək yaşadı. Qızına çox əsəbləşirdi, heç yola getmirdilər. Üstəlik onu tərk edib başqa ölkəyə getməsi Xuraman üçün lap ağır zərbə oldu. Hər gün övladına görə fikir edirdi. Elə onun dərdi də ölmünə səbəb oldu. Belə ki, qızına hirslənib infarkt keçirdi, bu infarkt da onun həyatdan köçməsi ilə nəticələndi”.
“Ailənin yükü Xuramanın üstünə düşürdü”
Digər həmsöhbətimiz, aktrisa Məsumə Babayevanın sözlərinə görə, Xuramanla dostluqları 1972-ci ildən Gənc Tamaşaçılar Teatrında başlayıb:
“Demək olar eyni tamaşalarda rol alırdıq. “Aycan”, “Yolda” tamaşalarında yadımdadır ki, bərabər çıxış edirdik. Dostluqda çox möhkəm, mərd qız idi. Baxmayaraq ki, çətin günlərində ona kömək edən olmadı, amma o, hamının ağır günlərində yanında olurdu. Çətin gün deyəndə, Türkiyədən qayıtdığı vaxtı nəzərdə tuturam. Evi olmadığı dönəmlərdə vəziyyəti çox pis idi. Bir il yarım Suraxanıda mənimlə eyni evdə qaldı. Sonralar kürəkəni, qızı Bakıya qayıtdı. Ev tutub bir yerdə kirayə yaşadılar. İki qız nəvəsinə də özü baxırdı.Ailənin bütün çətinliyi Xuramanın üstündəydi. Kürəkəni tez- tez deyirdi ki, sən tanınmış adamsan evə pul tap gətir. Xuraman da məcbur qalırdı ki, borc alsın, ailəni dolandırsın. Kürəkəni Azərbaycanda olanda bir müddət sürücü işlədi, amma yenə də evin yükü Xuramanın üstündə idi”.
“Problemlər onu susqun qaraqabaq birinə çevirdi”
“Krassvord həll etməyi sevərdi. Qəmgin olduğu vaxtlarda bir də görürdün lal-dinməz saatlarla krossvord edir. Birtəhər danışdırıb problemlərdən uzaqlaşdırmaq istəyirdim onu. Amma elə hey fikri qızının yanında olurdu. Bir az danışıb gülən kimi, baxırdın yenə qəmlənib, yenə fikir içindədir”.
“Ayağının altını qazmaq istəyən çox idi”
“Tamaşalarda çox rol alırdı. Digər aktrisalar da onu çox qısqanırdılar. Çalışırdılar ki, bir yolla Xuramanı gözdən salsınlar, rollarını əlindən alsınlar. Lakin o da hamının cavabını verə bilirdi, özünü heç vaxt kimlərinsə yanında sındırmazdı. Bir ara küsüb getdi Naxçıvan Teatrına. Elə orada olanda da Xalq artisti adını aldı. Səhnədə olanda bir üzü gülürdü, biri ağlayırdı. Evdəki problemlərini rollarına yansıtmazdı. Yeganə qadın aktrisa idi ki, tamaşaçı üçün bir üzü gülürdü biri dərdindən ağlayırdı. Bu ağlayan üzünü də ancaq biz aktrisalar, yaxınları görə bilirdik”.
“İkinci dəfə qanuni nikahı oldu
Məsumə Babayeva deyir ki, Xuraman Hacıyevanın ilk nikahı qeyri-qanuni olsa da, ikinci dəfə rəsmi şəkildə evlənib:
“Teatrdan bir işçi var idi onunla ailə qurdu. Həmin adam Xuramandan yaşca kiçik idi. Elə oldu ki, Xuraman qızının yanına Türkiyəyə gedəsi oldu. Qayıdandan sonra da ayrıldılar. Evlilikləri çox az çəkdi. Ayrılandan qısa zaman sonra həmin adam xəstəlikdən dünyasını dəyişdi”.
“Əl qabiliyyəti çox yaxşı idi, çox dadlı yeməklər bişirirdi”
“Çox yüksək səviyyədə dadlı yeməklər bişirməyi bacarırdı. Yaxşı da süfrə qurardı, bizi qonaq çağırardı. Tikiş işini də bacarırdı. Qəşəng paltarlar tikərdi, bir sözlə, əl qabiliyyəti çox yaxşı idi. Toyda-bayramda hamıdan aktiv olardı.Təşkilatçılığı yaxşı idi. Mənim 50 illik yubileyimdə həm aparıcılıq elədi, həm də digər işlərə köməklik göstərdi. Bir dəqiqə dayanmazdı, hara baxsan, hansı işə əl atsan Xuraman orada olardı. Çox zarafatcıl idi. Hamının müəyyən anını tuturdu ki, təqlid eləsin güldürsün”.
“Qeyri-adi hörmət var idi”
“Atası hüquqşünas idi, anası evdar qadın. Bacı-qardaşlarının içində incəsənətə təkcə Xuraman üz tutmuşdu. Xuraman atasına, qardaşına xüsusi hörmətlə yanaşardı. Onlar otağa girən kimi avtomatik olaraq Xuraman da ayağa qalxırdı. Atasının yanında uzanmazdı, oturmazdı. Ailəsi aktrisa olmasına o qədər də razı deyildi. Amma Xuraman arzusundan imtina etmədi, ailəsinə qarşı çıxmağa məcbur olsa da, aktrisalığı seçdi”.
Yolda gedərkən ürəyi tutub xəstəxanaya aparıblar
“İşdən evə gedəndə qəfil ürəyindən ağrı tutub yıxılmışdı. Küçədəki insanlar xəstəxanaya aparmışdılar. Amma həkimlər əlac edə bilmədilər. Onun axrına fikir çıxdı. Qızının dərdi əcəli oldu. Ucarda, ata yurdunda - Müsüslü kəndində dəfn olunub”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət