Slimfit
  1. AZƏRBAYCAN

Xoşbəxtliyə imkan verməyən amillər - Ölkədə evlilik yaşı niyə artır?

Xoşbəxtliyə imkan verməyən amillər - Ölkədə evlilik yaşı niyə artır?
Sakura

Xoşbəxtliyə imkan verməyən amillər - Ölkədə evlilik yaşı niyə artır?

Bu gün gənclər arasında ailə qurmaq olduqca ciddi problemə çevrilib. Gənclərin evliliyə həvəsi azalıb, hətta artıq əvvəlki qədər maraq qalmayıb. Əvvəllər gənclər nişan mərasimləri, evlilik günləri üçün əməlli-başlı hazırlıq görüb, müxtəlif dəvətnamələrə, geyimlərə baxıb seçim edirdilərsə, indi bunların heç biri önəm daşımır. Ötən illərlə müqayisədə gənc yaşda evlənən cütlüklərin sayında ciddi azalma müşahidə edilir.

İnsanlarımız niyə 30 yaşa qədər ailə qurmaq istəmirlər? Səbəb nədir? Sosial şəbəkədə bu mövzu üzərindən kiçik sorğu keçirdik. Sorğuda iştirak edən şəxslərin 70 faizi maddi vəziyyət, iş, kariyera, ev problemini səbəb göstərdilər. Bir qrup insan isə xarakterinə uyğun birini gözlədiyini dedi.

Publika.az olaraq, bu məsələni ətraflı araşdırmaq qərarına gəldik. İlk olaraq statistik rəqəmlərə nəzər salaq.

Azərbaycanda son 27 il ərzində ilk dəfə olaraq, ötən il kişilər arasında ən yüksək orta nikah yaşı qeydə alınıb. Belə ki, 2003-cü ildə kişilərin nikaha daxil olma üçün orta yaş həddi 28,6 (28 yaş 6 ay), qadınlar üçün 23,7 (23 yaş 7 ay) olub. 2008-ci ildə nikaha daxil olanların yaş həddində (kişilər üçün 28, qadınlar üçün 23, 4) nisbətən azalma olsa da, sonrakı illərdə nikah yaşı yenidən artıb. 2013-cü ildə kişilər üçün nikah yaşı 28,4, qadınlar üçün 24, 2016-cı ildə kişilər üçün 28,6, qadınlar üçün 24,1, 2017-ci ildə kişilər üçün 28,8, qadınlar üçün 24,2 olub. Azərbaycanda qadınlar arasında ötən il qeydə alınan orta nikah yaşı son 27 il üçün ən yüksək göstəriciyə çatıb. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda qadınlar arasında nikaha daxil olanların orta yaşı üzrə ən yüksək göstərici 1990-cı ildə qeydə alınıb. Həmin ilin göstəricilərinə görə qadınlar arasında nikaha daxil olanların orta yaşı 24,3, ötən il isə 24,2 olub.

Rəqəmlər göstərir ki, kişilərin nikaha daxil olma yaşında daha çox artım qeydə alınır. Dövlət Statistika Komitəsinin dərc etdiyi məlumatdan ard-arda üç ilin şəhər və kənd yerləri üzrə rəsmi qeydə alınan nikahların sayı isə belədir: 2014-cü ildə nikahların sayı 84 min 912 olubsa, 2015-ci ildə bu rəqəm 68 min 773, 2016-cı ildə isə 667 min 71-ə enib. Azalmaya səbəblər isə olduqca müxtəlifdir.

Mövzu ilə əlaqədar olaraq ekspertlərə müraciət etdik. Publika.az-a danışan psixoloq Tahibə Quliyeva məsələnin kökündə ailələrin övladlarının həyatına həddən artıq müdaxilə etməsində görür:

“Əvvəllər ailələr övladlarına ailə həyatı qurmaları üçün stimul, təkan verirdilər, təəssüf ki, indi vəziyyət eyni deyil. Kişilərin gec yaşlarda ailə qurmağının bir çox səbəbləri var. Burada xüsusilə vurğulanması gərək olan isə maliyyə problemləridir. Bəli, əsas səbəb ailə quracaq tərəflərin bir-birindən gözlədikləri, tələbləridir ki, bunun da həlli üçün maddi durumun yüksək olması mütləqdir. Əvvəlki vaxtlara baxmayın. Ailələr dəstək olurdu. İndi yeni dövr gəncləri hər şeyin ən gözəlini, ən bahalısını istəyirlər. Zaman dəyişdikcə, insanların dünyagörüşü də dəyişir, formalaşır. Gənclər xarici ölkələrə meyl edir. Düşünürlər ki, xaricdə çalışıb, karyera qurub daha sonra ailə həyatı barədə düşünmək olar. Zaman isə təbii ki, gözləmir. Bu istəklər getdikcə daha da güclənir və bütün bunlar fikirlərimizə də təsirsiz ötüşmür. Belə olan halda evlənmə yaşı da ildən-ilə artır”.

Psixoloq deyir ki, indiki cavanlarla, o dövrün cavanlarını müqayisə etmək olmaz. Onlar ailə məsuliyyəti dərk edirdilər, yığımcıl olurdular:

“Əvvəllər oğlanlar ailə məsuliyyətini dərk edirdilər. Olurdu ki, erkən yaşda, ailə məsuliyyətini tam dərk etmədən evlənənlər olsun, belə halda da ailənin bütün məsuliyyətini oğlanın valideynləri üstlənirdi. O tək qalmırdı. Məsələn, evlənəcək oğlanın seçimi ilə bağlı valideynləri də öz sözünü deyirdi. Bir çox hallarda oğlanın hansı qızla evlənməsinə valideynlər özləri qərar verirdilər. Misal üçün qonşudan, qohumdan, tanış-bilişdən qız tapırdılar. "Ağıllı-başlı qızdır", "ailəsini tanıyırıq", "atan yoldaşlıq edir" və s. nüansları diqqətə alıb, ailələr qohum olurdular. Bu zaman maddi yük də ikiyə bölünürdü. Oğlanın evi yox idisə, valideynlərilə birgə qalırdılar. Fikir verin, o dövrdə boşanmaların da sayı olduqca az idi. İndisə belə deyil. Gənclər müstəqil şəkildə qərar vermək istəyirlər. Şadlıq sarayı mən istəyən olsun, qızılım belə olsun, ev-eşiyim belə və s.”

Sıralama ilə evlilik

Psixoloq deyir ki, bəzi bölgələrdə ənənə də insanların həyatına təsir göstərir:

“Bəzən eşidirik ki, qəribə adətlər gənclərin həyatına təsir edir. Bir çox hallarda bu adətlərin nə kimi fəsadlara gətirib çıxaracağını görmürük. Amma dərin düşünsək görərik ki, bu heç də kiçik nüans deyil. Ailələrdə böyük uşaq ailə qurmamış ondan kiçik yaşda olanlar evlənə bilməz. Bu ayıb hesab edilir. Bir çox ailələr bu sıralamaya önəm verir, beləliklə də yaş artır. Bir tərəfdən də xanımların dəbdəbəli toy istəkləri bəyləri çətin vəziyyətdə qoyur. Bu faktor da evlilik yaşının gecikməsinə səbəb olur. Ümumilikdə görünən odur ki, bütün bu səbəblərin hər biri müəyyən dərəcədə maddiyyata gəlib bağlanır. Bu cür problemlər də gənclər arasında evlilik yaşının artmasına gətirib çıxarır”.

Azərbaycanda demoqrafik azalma təhlükəsi

Sosioloq Cavid İmamoğlu məsələyə münasibət bildirərkən gec evliliklərin bu qədər artmasının səbəbini anormal iş həyatında görür:

“Azərbaycanda iş bazarı daha çox diplom təhsilinə əsaslanır. Bir gənc bakalvr təhsili alır, daha sonra magistratura təhsilinə gedir. Söhbət bəylərdən gedirsə, bunun üzərinə 1 il də hərbi xidmət gəlsə, yaş gəlir çatır 26-27-yə. Bu isə gələcəkdə ölkədə demoqrafik stabilliyi poza bilər. Hansı iş sektoruna baxırsan, mütləq şəkildə 4 il bakalavr təhsili tələb edir. Magistratura arzu olunandır, ən azı rus-ingilis dillərini mükəmməl bilməyi tələb edir. Bunlardan sonra da normal səviyyədə iş həyatı formalaşdırmaq üçün 5-6 il lazımdır. Bu problemin aradan qaldırılması üçün fikrimcə, peşə yönümlü ixtisaslara üstünlük verilməlidir. Texnikomlar, peşə kollecləri praktik məşğələlərə, keyfiyyətli təhsilə üstünlük verilməlidir ki, sabah ailə başçısı olmağa hazırlaşan gənclər maddi durumlarını stabil saxlaya bilsinlər. 9-10-cu sinfi bitirən şəxslər sərbəst sahibkarlıq fəaliyyətinə başlasa, gəlir əldə etsə, evliliyə mane olan problemlərdən biri aradan qalxmış olacaq. Beləcə də gənclərin qazancı, maddi durumu imkan verəcək ki, 22-23 yaşında ailə qura bilsin. Gec ailə quran cütlüklər, gec yaşda övlad sahibi olur. Bu da ailələrdə övladların sayının azalmasına səbəb olur. Bu faktor isə heç bir ölkə üçün müsbət göstərici hesab olunmur”.

Sosioloq gənclərin gec evlənməsinin bir səsbəbini də şəxsi dəyərlərin formalaşmasında görür:

“Gənclər çalışır ki, özlərində müəyyən dəyərlər, dünyagörüşü formalaşdırsınlar. Bu yaxşı haldır. Evlilik deyəndə, ərə getmək, ailə qurmaq yada düşür. Amma əslində bu məsələ o qədər də sadə deyil. Ailə həyatına hazırlıq prosesi var. Məsələn, insanlar necə ki, təhsil həyatına, iş həyatına hazırlaşır, eləcə də ailə həyatına hazırlaşmalıdırlar. Bu prosesi planlaşdırmaq lazımdır. Gənc istəklərini, zövqlərini, dəyərlərini müəyyənləşdirməlidir və başa düşməlidir ki, bütün bunları kiminlə və hansı yaşda həyata keçirə bilər. Bu istiqamətdə də həyatın qayda-qanunlarına uyğun olaraq addım atmalıdır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə sorğumuza cavab olaraq bildirdi ki, gənclər cəmiyyətdə özlərini təsdiq etmək üçün həddən ziyadə çalışırlar və bu zaman kəsiyində yaşlarının irəlilədiyinin fərqinə varmırlar:

“Bu gün cəmiyyətdə proseslər o qədər sürətli gedir ki, insanların qarşısında daha yeni, daha sərt tələblər qoyulur. Dinamik həyat tərzində, xüsusilə də kişilər özlərini cəmiyyətdə təsdiq etmək üçün xarici ölkələrə oxumağa, təhsil almağa gedib təcrübələrini artırmağa çalışırlar. Bu isə təbii olaraq zaman tələb edir. Karyera qurmaq istəyi bu gün hər bir gəncin arzusudur. Hər kəs cəmiyyətdə müəyyən bir mövqe sahibi olduqdan sonra ailə həyatı barəsində düşünməyə başlayır. Bu zaman da onun qarşısında olduqca böyük məsuliyyətlər dayanır. Bu gün birmənalı olaraq demək olmaz ki, hər kəs gec ailə həyatı qurur. 20-22-25 yaşda ailə quran gənc oğlan və qızlarımız var. Lakin cəmiyyətdə gedən proseslərin təsirindən müəyyən qədər geriləmə müşahidə edilir. Amma digər ölkələrlə müqayisədə Azərbaycan üçün bu kritik hədd deyil. Xarici ölkələrdə ortalama nikah yaşı 30-35, hətta 40-a belə gedib çatıb. Bu məsələnin digər tərəfində isə düşünürəm ki, məsuliyyət dayanır. İnsanlar bu məsələyə ciddi yanaşaraq özlərini tam hazır hesab etdiklərində, gələcəkdə bu ailədə dünyaya gələcək uşaqlara rahat şərait yarada biləcək imkanlara sahib olduqlarında bu addımı atmaq istəyirlər. Komitəmiz tərəfindən digər qurumlarla birgə maarifləndirici tədbirlər keçirərək bu məsələdə gənclərin fikirlərini öyrənib, onlara imkanlarımız daxilində istiqamət verməyə çalışırıq. Məqsədimiz uzun ömürlü, sağlam ailə təməlinin qoyulmasında gənclərə dəstək verməkdir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlovanın sözlərinə görə, boşanmaların sayında artım olduğu kimi, evliliklərin də sayında artım müşahidə edilir:

“Evlilik yaşdan çox bu vəziyyətə hazır olduğumuz zaman atılacaq addımdır. Gənclərin həyata baxışı o qədər iti, genişdir ki, onlar düzgün qərar verməkdə heç də aciz deyillər. Sevgi hər şey demək deyil. Evlilik birgə yaşayış deməkdir. Həyatını bir insanla eyni evin içərisində paylaşmaq üçün mütləq şəkildə o insanı yaxşı tanımalısan, özünü buna hazır hiss etməli, qarşılıqlı güzəştə getməyi bacarmalısan. İki gənc ayrı sosial mühitdə böyüyüb daha sonra birlikdə yaşamağa qərar verir. Gənclərin bir-birindən gözləntiləri yüksəkdir. Real vəziyyət isə istəklərlə üst-üstə düşməyəndə peşamnlıq yaşanır. Münasibətlər yarıda kəsilir. Təəssüf olsun ki, burada ailələr tərəfindən kənar müdaxilələr də rol oynayır. Düşünürəm ki, gənclərimizin bu gün evlənməkdən imtina etmələrinin əsas səbəbi bütün gün işləmələri, işdən baş açmamaqlarıdır. Yəni bütün gün işləmələri tanışlıq üçün imkan yaratmır. Gənclərimiz ancaq universitetdən evə, işdən evə və əks istiqamətə hərəkət etməyə vaxt tapırlar. Yaxud, həm oxuyub, həm işlədiklərindən, ya da 2 yerdə işlədiklərindən ailə qurmaq yaddan çıxır”.

Onun sözlərinə görə, azalmaya növbəti səbəb karyera pilləsinə qalxmaq arzularıdır:

“Bu pilləyə qalxanda da uşaq dünyaya gətirmək karyeranın müəyyən mərhələsində arzuolunan deyil. Daha bir səbəb iqtisadi amildir. Gənclər iqtisadi baxımdan müstəqil olmaq istəyirlər. Buna görə də çalışırlar ki, öz iqtisadi imkanlarını yaxşılaşdırsınlar və valideynlərindən asılı olmasınlar. Gənclər arasında bir-birlərinə qarşı inamsızlıq hissinin olması isə digər səbəblərdəndir. Onlar bir-birlərinə etibar etmirlər. Çox az hallarda olur ki, gənclər özü kimi düşünən, özünə uyğun adam tapa bilir. Ailə cəmiyyətin bir özəyidir. Ailəsi möhkəm olan cəmiyyət daha möhkəm olur”.

Araşdırmaçı-jurnalist Lalə Mehralının sözlərinə görə,bu gün cəmiyyətdə bir ailənin qurulması olduqca çətin başa gəlsə də, dağılması çox asan olur:

“Bu gün ölkəmizdə toy adət-ənənələri qədər zəngin ikinci prosedur yoxdur. Təəssüf ki, bu gün evlənməyin xərci çoxdur. Cəmiyyətdə şişirdilmiş adətlər, göstərişli toylar, dəm-dəzgahlı cer-cehizlərin rəqabəti gedir, nəinki ailə quran gənclərin xoşbəxtliyi. Gənc oğlan evlənməyə meyllənir, amma qız evinin istəyi bitmir. Məsələn, qızallar mütləq qızın seçdiyi olmalıdır, evin təmirində qız evinin də fikirləri soruşulmalıdır, toyun xərcləri isə bəy evinə baxır. Bütün bunlar əlbəttə ki, evliliyi çətinləşdirən amillərdir. Sadəcə olaraq, gənclərin gözü qorxur. Baxın, toy günü sadəcə gəlin bəzəyi, saç və makiyaj azı 1000 manata başa gəlir. Ərə gedən qızlar təəssüf ki, qarşı tərəfə anlayışla yanaşmırlar. Xanımların məşhur sözü var: “ömrümdə bir dəfə toyum olur, onda da istədiyim stilist məni bəzəməlidir”. Bu bəzək iki dəfə, qız və oğlan toyunda olur. Nişan və xınayaxdı üçün gözəllik xərclərini də əlavə etsək, alınan rəqəmə normal vəziyyətdə olan avtomobil almaq olar”.

O bildirib ki, bu gün ailələrin cehiz yarışı insanı dəhşətə salır:

"Bu gün elə ailələr var ki, qızına 60-70 min manatlıq cer-cehiz alır. Təəssüf ki, indi ailənin təməl prinsiplərində bu cür maddiyyat dayanır. Ona görə də, boşanmaların sayında artımlar var. Gec evlənənlər də bu boşanmalar qorxur, psixoloji sarsıntı keçirir ki, gələcəkdə onun da ailəsində yaşana bilər. Statistikadan danışmağa dəyməz, hər kəs rəqəmlərdən xəbərdardır. 2 ayın ailəsi heç nə üstündə düşmən kimi boşanır. O qədər toy xərci, saç-makiyaj, ən bahalı cer-cehiz isə necə deyərlər, ailəni xilas etməyə kifayət eləmir. Evin bəzəyi sökülməmiş, gəlinlərin əlinin xınası getməmiş ailələr dağılır. Gənclər bir-biri ilə uyğunlaşmır. Qohumda, qonşuda bu cür ailələr görənlər də evlənməkdən qorxur və zamana buraxır. Digər səbəblərdən biri isə gənclərin özlərinə karyera qurmaq həvəsidir. Xüsusən də qızlar, evləndikdən sonra ev xanımı olmamaq üçün əvvəlcə iş-güc həvəsinə düşür. Düşünürlər ki, ailə qurduqdan sonra bu istəkləri oğlan evində xoş qarşılanmaz və xəyalları puç olar. Təbii ki, bu da onların evlilik yaşlarının keçməsinə gətirib çıxarır. Oğlanlar da karyera üçün gec ailə qurur, amma onlar daha çox ailə-uşaq-ev qayğılarından azad olmaq üçün karyeralarını bitirdikdən sonra evlənməyi planlayırlar. Bir növ avropalaşmağa üstünlük verirlər. Ailə məsuliyyətini tez daşımaq istəmirlər".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR