Slimfit
  1. SİYASƏT

Xələf Xələfov: “Xocalı soyqırımına münasibətdə ədalət zəfər çalacaq”

Xələf Xələfov: “Xocalı soyqırımına münasibətdə ədalət zəfər çalacaq”
Sakura

Xələf Xələfov: “Xocalı soyqırımına münasibətdə ədalət zəfər çalacaq”

“Azərbaycanın müvafiq qanunvericilik aktlarında Xocalıda törədilmiş cinayətlər “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” 1948-ci il Konvensiyasına uyğun olaraq, soyqırımı kimi qiymətləndirilib.

Milli Məclisin 24 fevral 1994-cü il tarixli “Xocalı soyqırımı günü haqqında” qərarına əsasən, 26 fevral tarixi Xocalı soyqırımı günü elan edilib”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

O bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalıda törədilənlər müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər olan xüsusilə ağır nəticələr doğuran əməllər kimi səciyyələndirib.

“İslam Əməkdaşlığı Təşkilatı Xocalıda soyqırımı törədilməsi faktını tanıyıb və bununla əlaqədar Ermənistanın məsuliyyət daşımasını tələb edib.

Xocalıda törədilmiş bu mənfur cinayət xüsusi niyyətlə həyata keçirilib. Həmin niyyət əhalini məhz azərbaycanlı olduğuna görə kütləvi şəkildə qətlə yetirməkdən ibarət olub. Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən aparılmış müvafiq istintaq nəticəsində Xocalıda mülki əhaliyə qarşı soyqırım cinayətinin törədildiyi tam sübuta yetirilib. Bu gün Azərbaycan Respublikası Xocalıda törədilmiş soyqırımı ilə əlaqədar ədalət mühakiməsinin həyata keçirilməsi üçün milli və beynəlxalq səylərini davam etdirir”, - deyə X.Xələfov əlavə edib.

Diplomat qeyd edib ki, münaqişənin gedişində Ermənistan tərəfindən törədilmiş beynəlxalq cinayətlər həm dövlət, həm də fərdi səviyyələrdə məsuliyyət doğurur:

“Ermənistan ölkəmizə qarşı təcavüz, eləcə də Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının pozulmasına görə, dövlət səviyyəsində məsuliyyət daşıyır. Bu məsuliyyətə görə dünya birliyi Ermənistanı hüquqazidd əməllərini dayandırmağa, işğal edilmiş əraziləri qeyd-şərtsiz azad etməyə, münaqişənin ağır nəticələrini və vurulmuş ziyanı aradan qaldırmağa vadar etməlidir.

Bununla yanaşı, Xocalıda törədilmiş məlum cinayət əməlləri onları törətmiş şəxslərin fərdi məsuliyyətini doğurur. Qeyd olunmalıdır ki, Ermənistanın bir çox yüksək vəzifəli şəxsləri və hərbi qulluqçuları, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qanunsuz rejimin rəhbərləri Azərbaycan ərazilərinin işğalında və azərbaycanlı mülki şəxslərə qarşı cinayətlərin törədilməsində şəxsən iştirak ediblər. Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməz. Biz [bu stereotipi] qıra bildik...” sözləri də bunu bir daha təsdiq edir”.

X.Xələfovun sözlərinə görə, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində, o cümlədən də “Xocalıya ədalət!” kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq, dünyanın bir sıra ölkələrində bu cinayətlə bağlı müvafiq qərarlar qəbul edilib.

“Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, İndoneziya, Peru, Panama, İordaniya, Sudan, Sloveniya, Honduras, Qvatemala, Cibuti, Paraqvay və Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın bir sıra ştatlarının qanunverici orqanlarında Xocalı soyqırımını qınayan rəsmi sənədlər qəbul olunub.

Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətli ilə dərin iz qoymuş Xatın, Holokost, Ruanda və Srebrenitsa soyqırımları kimi ağır faciələrlə bir sırada dayanır. Həmin soyqırımlara münasibətdə dünya birliyinin səyləri nəticəsində hüquqi mexanizmlər vasitəsi ilə qiymət verilib. Cinayət törətmiş şəxslər müvafiq tribunallar qarşısında mühakimə olunublar.

Lakin Xocalı soyqırımına bu günə qədər dünya birliyi tərəfindən tutarlı hüquqi qiymət verilməyib.

Təəssüf ki, bu gün soyqırım cinayətinin aid olduğu universal yurisdiksiyanın tətbiqində siyasi konyukturalar üstünlük təşkil etməkdədir. İnanıram ki, Azərbaycan xalqının iradəsi ilə Xocalı soyqırımına münasibətdə ədalət zəfər çalacaq”, - deyə X.Xələfov bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR