Slimfit
  1. PSİXOLOGİYA

Xarakter: bilinməyən 5 məqam

Xarakter: bilinməyən 5 məqam
Sakura

Xarakter: bilinməyən 5 məqam

Sirr deyil ki, xarakter mövzusu psixologiya ilə elmi-peşəkar əlaqəsi olmayan insanların belə maraq dairəsindədir.  Gündəlik həyatda bir çoxumuz dost, tanış, əhatəmizdə olan, maraq duyduğumuz və s. insanların xarakterini öyrənməyə cəhd edirik. Bəs xarakteri doğru üsullamı öyrənirik?

Xarakter mövzusunda az miqdarda bilik əldə edər etməz, bu biliyi ətrafımızdakı insanlar üzərində tədbiq edib, təkmilləşdirməyə çalışırıq. Lakin, ilk öncə nəzərə almalıyıq ki, məhdud biliklərimizlə başqa insanları yarqılamaq, onların əməllərinə başqalarının yanında (və ya elə özünə deməklə) əminliklə ad vermək heç də etik deyildir. Odur ki, dost-tanışlarınıza “sənin xarakterin budur, belədir, elədir” kimi fikir bildirməməlisiniz. Eyni zamanda, bir psixoloqa “mənim xarakterim nədir?” kimi sual verib, birmənalı cavab gözləməniz də reallığa uyğun deyil. Çünki, hər bir insanın xarakteri individualdır və heç bir termin sizi bütünlüklə ifadə edə bilməz.

Çox insanların gündəlik həyatında “xarakter” mövzusundakı məhdud biliklərini əminliklə, qərəz ilə tətbiq edərkən, gözdən qaçırdıqları prinsipial məqamlar var. Onlardan bir neçəsini sizinlə paylaşıram:

1. Fərdin xarakterini müəyyən edərkən ilk öncə diqqətə almalıyıq ki, bu qiymətləndirmə zamanı onun (fərdin) nəyə (hansı obyektə) olan münasibətinə istinad edirik. Misal üçün, bir insan öyrənmə fəaliyyəti boyunca tələbkar, lakin idman mövzusunda laqeyd ola bilər. Bu isə o deməkdir ki, bir insan hər yerdə və hər zaman tələbkar/laqeyd ola bilməz. Bu halda, qarşımızdakı ilkin sual belə olmalıdır: Fərd nəyə olan münasibətində tələbkar və ya laqeyddir?

2. Elmə məlum olan xarakter tiplərinin ayrılıqda heç biri bir insanın xarakterini tam şəkildə izah edə bilməz. Elm adamları insanın xarakterik xüsusiyyətlərini qısa zamanda, daha asan bəlli edə bilmək üçün, çox zaman bir-biri ilə əlaqəli olan xarakterik xüsusiyyətləri vahid bir xarakter adı altında qruplaşdırıblar. Lakin, heç bir insan xarakteri qruplaşdırılmış xüsusiyyətlərdən biri (bir xarakter növü) tərəfindən bəlli edilə bilməz.

3. Bəzi alimlər 7, bəziləri 14 və s. olmaqla xarakter tipləri müəyyən edərək, onları müxtəlif və ya oxşar terminlərlə adlandırırlar. Lakin, bunların heç biri laborator şəraitdə ölçülərək dəqiq sərhədlərlə təyin olunmayıb.

4. Xarakter bir insanın bütün davranış və düşüncələrinin izahı və ya səbəbi ola bilməz. Xarakter yalnızca bir insanın əməyə, fəaliyyətə, ətrafdakı hadisələrə, insanlara və digər obyektlərə olan münasibətini əks etdirir. Dolayısı ilə, insan davranışlarına proqnoz vermək üçün tək xarakter heç zaman yetərli meyar deyildir.

5. Bir insanın “yaxşı” və ya “pis” olduğunu əsla xarakter tipi əsasında müəyyən edə bilməzsiniz. Bütün xarakterik xüsusiyyətlərin bəlli situasiyalarda çox böyük faydası, digər hallarda isə zərəri ola bilər. Misal üçün, demonstrativ və nümayişkar insan cəmiyyət arasında neqativ dəyərləndirilə bilərsə, səhnədə və ya hər hanı təqdimatda daha məhsuldar fəaliyyət ortaya qoya bilər.

Bu və bu kimi prinsiplər təkcə xarakter mövzusunda deyil, ümumiyyətlə bir insan haqqında rəy bildirərkən şəffaflığa maksimum dərəcədə daha yaxın olmaq üçün peşəkarların nəzərə aldığı məqamlardan yalnız bir neçəsidir. Hətta, peşəkar psixoloqlar belə, bir insan haqqında 100%-lik rəy bildirə bilmirlər. Hər şey uzunmüddətli təcrübə və ehtimalların böyüklüyünə əsaslanır. Odur ki, başqalarını yarğılamazdan öncə, mövzuya nə dərəcədə hakim olduğunuza, hər şeydən də önəmlisi, bir başqa insanı yarğılamağa nə dərəcədə haqqınız çatdığına diqqət etməniz zəruridir.

Dəyərli qalın,
Məlahət Hacıyeva

Coaching.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR