Xalq yazıçısı İsmayıl Şıxlı “Ədəbiyyata bağlı ömür yolu”nda anılıb
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli ədib, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi münasibətilə “Ədəbiyyata bağlı ömür yolu” adlı tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə qurumun rəhbəri Oruc Quliyev çıxış edərək ədibin həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, tədbir Prezident İlham Əliyevin ədibin 100 illiyinin qeyd edilməsi haqqında imzaladığı müvafiq Sərəncama uyğun olaraq təşkil olunub.
Kitabxananın direktor müavini Xalidə Musayeva İsmayil Şıxlının bütün əsərlərində insanı uca tutmasından, böyük xarakterlər yaradıb xeyirin, ədalətin qələbəsinə çalışmasından, həyati mövzular yazaraq zamanın nəbzini tutmasından və yaradıcılığında günün mühüm məsələlərinə toxunmasından bəhs edib.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, dosent Aytən Rüstəmzadə İsmayıl Şıxlının ömrünün əlli ildən çoxunu pedaqoji fəaliyyətə həsr etməsi, əsl əqidə sahibi olması, Azərbaycan ədəbiyyatının inkişafında əvəzsiz xidmətlər göstərməsi, eləcə də əsərlərinin əsas mövzu və ideyası barədə danışıb.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları - filologiya üzrə fəlsəfə doktorları Rasim Nəbioğlu və Esmira Fuad, baş elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Yadigar Əsgərova, Azərbaycan Dillər Universitetinin müəllimi, ədibin gəlini Reyhan Yusifqızı və başqaları çıxış edərək onun zəngin yaradıcılığından, yaradıcılığına verilən qiymətdən söz açıblar.
Sonra ədibin “Dəli Kür” əsərinin motivləri əsasında çəkilən filmdən fraqmentlər nümayiş olunub.
Sonda yazıçının oğlu Fərrux Şıxlı tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət