Vitse-spiker: “Cəmiyyət olaraq radikal müxalifətə qarşı vahid cəbhədən çıxış etməliyik”
Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə toplantısının yekunlarına, eyni zamanda Azərbaycanın bu quruma sədrliyi ilə bağlı mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, artıq Azərbaycan beynəlxalq təşkilatların mötəbər tədbirlərinin keçirildiyi, həmçinin dünyanı çox ciddi narahat edən məsələlərin müzakirə edildiyi bir məkana çevrilib.
“Sonuncu Qoşulmama Hərəkatının Zirvə toplantısının Bakıda keçirilməsi Azərbaycanın dünyada, həmçinin bu təşkilat çərçivəsində oynadığı rola və töhfəyə verilən qiymətdir”, - deyə vitse-spiker vurğulayıb.
B. Muradova əlavə edib ki, Zirvə görüşündə qəbul edilən qərar və sənədlərdə bir daha dövlətlərin suverenliyi, onların ərazi bütövlüyünə, beynəlxalq hüququn tətbiqinə mane olan məsələlərdə birgə mövqe sərgiləndi:
“Dünyanın 120 ölkəsinin iştirakı ilə qəbul edilən sənədlərdə faşizmə,separatizmə, işğala vahid mövqe nümayiş etdirməsi, elə Azərbaycanın mövqeyini dəstəkləmək kimi dəyərləndirmək lazımdır. Hesab edirəm ki, Azərbaycanın növbəti 3 ildə BMT-dən sonra ikinci ən böyük təşkilata sədrlik etməsi bu təşkilatın dünya miqyasında rolunun artması baxımından faydalı olacaq. Qoşulmama Hərəkatı Aəzrbaycan liderliyində daha ciddi dönəmini yaşayacaq”.
B.Muradova onu da bildirib ki, Azərbaycan qurumda tutduğu mövqedən istifadə edərək Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq prinsiplərlə həlli istiqamətində səylərini artıracaq və Qarabağ probleminin həllinə töhfə verən qərarların alınmasına çalışacaq.
Vitse-spikerin sözlərinə görə, Azərbaycanın belə bir mötəbət tədbirə ev sahibliyi etməsi ilə yanaşı, növbəti 3 ildə rəhbərlik etməsi təbii ki, anti-Azərbaycan qüvvələri və onların ölkəmizdəki uzantılarının heç də xoşuna gəlməyib və yuxularını ərşə çəkib.
“Azərbaycanda vətəndaş həmrəyliyi gücləndikcə, dövlətin və hakimiyyətin qarşısında qoyduğu hədəflərə doğru irəlilədikcə, bunu istəməyən qüvvələr də ölkəni bu inkişafdan saxlayıb, maneçelik yaratmağa çalışır, fəaliyyətlərini genişləndirməyə çalışırlar. Ona görə də bütün bunları bildiyimizdən sayıqlığımızı itirməməliyik. Cəmiyyət olaraq belə qüvvələrə qarşı vahid cəbhədən çıxış etməliyik. Düzdür, cəmiyyət onlara hərkətləri ilə reaksiya verir və onların bu hərəktələrini qətiyyətlə rədd edir. Ancaq tamamilə fərqli metodlardan istifadə etməklə buna nail olmağa çalışırlar”, - deyə B.Muradova deyib.
Vitse-spiker deyib ki, bu qüvvələrin indiyədək həyata keçirmək istədikləri bütün cəhdlər boşa çıxdığı kimi bu cəhdləri də boşa çıxacaqdır:
“Çünki radikal müxalfətin mənəviyyatsılıq, dəyərsizləşdirmə, milli adət-ənənəyə, milli maraqlara yönəlik hərəkətləri heç vaxt xalqın əksətiyyəti tərəfindən dəstəklənə bilməz. Elə son hadisələrə bunlara dərs olmalıdır və bundan nəticə çıxarmalıdırlar”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət