Vilayət Eyvazov idarə rəislərinə tapşırıqlar verib
Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ərəfəsində, faşizm üzərində Qələbənin 75 illik yubileyi günü - mayın 9-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş İctimai Təhlükəsizlik və Mülki Müdafiə idarələrinin yerləşəcəyi inzibati binanın yenidənqurma və əsaslı təmirdən sonra açılışı olub.
Ens.az xəbər verir ki, bu barədə "Report"a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tədbirdə iştirak edib.
Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, polis general-mayoru Elçin Həsənov görülən işlər barədə nazirə məlumat verərək bildirib ki, 4 mərtəbəli xidməti binanın əsaslı təmir və yenidənqurma işlərinə ötən ilin noyabrında başlanılıb, müasir standartlara uyğun olaraq əsaslı təmir edilib. Binanın fasadı dekorativ aqlay daşı ilə üzlənib, paslanmaz dəmirdən məhəccərlər qurulub, xidməti otaqlar müasir tələblərə uyğun keyfiyyətli materiallardan istifadə edilməklə təmir olunub, zəruri mühəndis təminatı işləri görülüb. Qeyd olunub ki, ümumi sahəsi 1556 kvadratmetr olan inzibati bina bütün zəruri kommunikasiyalarla təchiz edilib. Xidməti otaqlar mebel və inventarlarla təmin olunub. Ərazidə abadlaşdırma, yaşıllaşdırma və xarici isıqlandırma işləri yerinə yetirilib.
General-polkovnik Vilayət Eyvazov binadakı xidməti otaqlar, müasir avadanlıqlar və digər yardımçı sahələrlə yaxından tanış olub, ulu öndər Heydər Əliyevin zəngin və mənalı həyat yolunu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərə baxıb.
Nazir görülən işləri yüksək qiymətləndirib, şəxsi heyətin normal fəaliyyət göstərməsi üçün yaradılan şəraitdən məmnunluğunu bildirib, konkret tapşırıqlarını verib.
O bildirirb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən hüquqi-demokratik, sosial-iqtisadi islahatlar, ölkəmizin siyasi, hərbi və iqtisadi qüdrətinin daha da yüksəldilməsi istiqamətində aparılan geniş quruculuq işləri, fəal hüquq mühafizə siyasəti daxili işlər orqanlarının da fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, maddi-texniki təminatının, şəxsi heyətin məişət və xidməti iş şəraitinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımların atılmasına əlverişli şərait yaradıb.
Daxili İşlər naziri əmin olduğunu bildirib ki, şəxsi heyət dövlət başçımızın daxili işlər orqanlarına göstərdiyi ali diqqət və qayğıya əməli işlə cavab verəcək, sabitliyin, əmin-amanlığın, ictimai təhlükəsizliyin nümunəvi qorunması sahəsində bundan sonra da qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən yüksək səviyyədə və məsuliyyətlə gələcəkdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət