Viktor Hüqonun yeni əsəri üzə çıxıb
Məşhur fransız yazıçısı Viktor Hüqonun yazdığı şeir Fransanın şərqində, onun adını daşıyan kollecdə təsadüfən aşkar edilib.
Trend-in məlumatına görə, kollecin işçiləri arxiv sənədləri və mühasibat hesabları saxlanılan dolabların birində Viktor Hüqo tərəfindən imzalanmış "hər kəsin unutduğu" nadir bir əlyazmaya rast gəliblər. Hadisə, yeni il ərəfəsində ümumi təmizləmə işləri aparılan zaman baş verib.
Əlyazmanın təxminən 150 yaşı olsa da çox yaxşı vəziyyətdə qaldığı bildirilir. Hazırda aşkar edilən raritet şüşə altına qoyularaq tədris mərkəzinin direktor otağının divarlarından birini bəzəyir.
Tapılan əlyazmadakı qısa şeir "Kasıb uşaqlar" adlanır. Kollec bu əlyazmanı 1951-ci ildə əldə edib.
Məlumata görə, müəllif doğma şəhəri olan Bezansonda bu əlyazmanı kasıb uşaqlara yardım məqsədi ilə keçirilən lotereyaya hədiyyə edib. Naməlum bukinist həmin əlyazmanı lotereyanın qalibinin oğlundan satın alıb və 1951-ci ildə Viktor Hüqonun adını daşıyan kollecə 6 min franka satıb.
Əlyazmadakı şeir 1837-ci ildə dərc edilmiş "Daxili səslər" yığmasından olan "Dieu est toujours là" (Tanrı hər zaman burdadır) əsərinin bir hissəsidir.
Bezansondakı kollec, Fransada Viktor Hüqonun adını daşıyan ilk təhsil müəssisəsidir. Onun adı kollecə 1885-ci ildə yazıçının dəfnindən bir gün sonra verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət