Slimfit
  1. MEDİA

Vikipediyada kimin haqqındasa məlumat yerləşdirmək istəyirsənsə... qaydaları peşəkardan eşidək

Vikipediyada kimin haqqındasa məlumat yerləşdirmək istəyirsənsə... qaydaları peşəkardan eşidək
Sakura

Vikipediyada kimin haqqındasa məlumat yerləşdirmək istəyirsənsə... qaydaları peşəkardan eşidək

Hamımız kimsə və ya nə haqqındasa “Google”da məlumat axtaranda birinci Vikipediya səhifəsinə baxırıq. Bəzən bu məlumatın Azərbaycan dilində olmadığını görəndə təəssüflənirik. Və ya özümüz, qohumumuz haqqında bu onlayn ensiklopediyada məlumat yerləşdirmək istəyirik. Bu zaman müxtəlif suallarımız da meydana çıxır. Bax, bu müsahibəmizdə vikipediya haqqında sualların hər birinə cavab tapa biləcəksiniz. Müsahibimiz - Azərbaycanca “Vikipediya”, “Vikimənbə” və “Vikisitat”da idarəçi olan tədqiqatçı jurnalist Araz Yaquboğludur.

Araz müəllim, necə oldu ki, Vikipediyada məqalələr yazmağa başladınız?

Əvvəla, onu qeyd edim ki, bizim ailəmiz “vikipediyaçılar ailəsi”dir. Məndən başqa oğlum və qızım da Vikipediyada məqalələr yazır. 2010-cu ildə Vikipediya istifadəçisi  olan kiçik qardaşım  mənə bu açıq ensiklopediya haqqında məlumat verdi. O zamanlarda mən şeirlər, məqalələr yazır, araşdırmalar aparırdım, bir sözlə desək, yazı-pozu işi ilə məşğul idim. Qardaşım məsləhət bildi ki, araşdırmalarımı, müəyyən yazılarımı Vikipediyada yerləşdirim. Vikipediyada məqalə yazıb yerləşdirməyi də mənə məhz o öyrətdi. Düşünürəm ki, Vikipediya bir növ “yaxşı xəstəlik” kimidir. Hətta müəyyən istifadəçilər var ki, bu sayta çox aludə olurlar. Mənim asudə vaxtım olanda mütləq şəkildə Vikipediyaya daxil olur, redaktə işləri aparıram, müəyyən məqalələrə düzəlişlər edirəm. Bəzən olur ki, hər hansı bir məqalələrə kimsə təhqirli ifadələr yazır və yaxud məqaləni silir, korlayır, biz vikipediyaçılar bu halların – vandalizmin qarşısını alırıq. Bəzən həmin yazılar üzərində yenidən işləməli oluruq.

Bu gün Azərbaycanca Vikipediyadakı vəziyyəti necə qiymətləndirirsiniz?

Hesab edirəm ki, vəziyyət qənaətbəxşdir, inkişaf etməkdədir. Amma öncəki illərdə, məsələn, 5-6 il bundan əvvəl Azərbaycan dilində Vikipediya çox zəif idi. Hətta son zamanlar bəzi söhbətlər əsnasında vətəndaşlarımız deyirlər ki, əvvəllər vikiməqalələri ingilis, rus dillərində oxuyurduq, amma indi bir çox məlumatları birbaşa Azərbaycan dilində də əldə edə bilirik.

Azərbaycan dilindəki Vikipediya məqalələrinin sayının artırılması, keyfiyyətinin yüksəldilməsi üçün hansı işlər görülür?

Bizim vikipediyaçılarımızın böyük əksəriyyəti çalışır ki, Azərbaycan dilində keyfiyyətli məqalələr yazılsın. Yəni, keyfiyyətli deyərkən məqalə mövzunu tam əhatə etsin, informasiya dolğun olsun.  Hazırda məqalə sayı baxımından Azərbaycanca Vikipediya dünya dilləri sırasında 49-cu yerdədir. Bizdə 146500 məqalə mövcuddur. Bildiyimiz kimi, Vikipediya 300-ə yaxın dildə fəaliyyət göstərir. Vikipediyada bir “dərinlik” ifadəsi var. İndi bir müqayisə aparaq; qazax dilində Vikipediya 224000 məqalə ilə 39-cu yerdədir. Bu bizdən 10 pillə öndə deməkdir. Amma onların Vikipediyasının dərinliyi  10-dur. Bizdə isə 32-dir. Yəni biz əhatəli, keyfiyyətli məqalələrə görə 3 dəfə Qazaxca Vikipediyadan irəlidəyik.

Azərbaycanda ən çox hansı mövzularda məqalələr yazılır və oxucular tərəfindən daha çox hansılarına düzəliş edilir?

Yeni gələn istifadəçilər çalışır ki, əsasən şəxsiyyətlər haqqında məqalələr yazsınlar. Xüsusilə də ailə üzvləri, qohumları barəsində. Düzdür, sonradan  bəzi istifadəçilər şəxsiyyətlər haqqında olan yazıları daha da genişləndirirlər, alimlər, musiqiçilər, siyasətçilər, yazıçılar, idmançılar, Sovet İttifaqı Qəhrəmanları, Sosialist Əməyi Qəhrəmanları haqqında məqalələr yazırlar. Burada əsas məsələ Vikipediya istifadəçilərinin maraq dairəsidir. Eləsi var ki, coğrafiya, eləsi var tarix, bəziləri şəxsiyyətlər haqqında, bəziləri abidələr haqqında  məqalələr hazırlayırlar. Məsələn, bizdə bir istifadəçi var adalar, dənizlər, dağlar, çaylar haqqında yazır. Eyni zamanda, istifadəçilər hansı mövzunu yaxşı bilirlərsə çalışırlar o mövzularda yazsınlar. 

Araz müəllim, bizdə olan məlumata görə Vikipediya oxucuları  idman sahəsində yazılan məqalə azlığından şikayətlənirlər...

Mən sizinlə razıyam. Bu şikayətləri bizə yüzlərlə oxucular edib. Amma belə deyək də, kim şikayət edirsə, özü daxil olub o məlumatı yaza bilər. Əgər şikayət edənlər bu gün hansısa bir informasiya  yazsalar, bu yüzlərlə, minlərlə məqalə deməkdir. Vikipediya hər kəsin məqalə yaza biləcəyi azad və açıq bir saytdır.

Vikipediyada məqalə yazan şəxs hansısa şərtlərlə qarşılaşır? Bu şərtlər Vikipediya səhifəsində öz əksini tapırmı?

Bəli, şərtlər var. Vikiməqalə yazmaq istəyən istənilən şəxs saytda qeydiyyatdan keçir, özünə ad yəni nik (ləqəb) seçir. Mən bütün redaktələrimi öz adımla yazıram, amma vikipediyaçıların çoxu şərti adlardan istifadə edirlər. Qeydiyyatdan keçdikdən sonra istənilən mövzuda məqalə yaza, redaktə edə bilərsiniz. Qeydiyyatdan keçən istifadəçilərə “Xoş gəldin” mesajı gəlir və bu mesajda Vikipediyanın qaydaları, şərtləri əks olunur. Məsələn, bir idmançı haqqında məqalə yazmaq istəyirsinizsə, o mütləq ensiklopedik olmalıdır, bu şərt bütün yazılan mövzulara aid edilir. Ensiklopedik deyərkən ən azından o insan və ya mövzu haqqında “Google”da axtarış zamanı məlumat çıxmalıdır. Yazılan məqalələr etibarlı mənbələrə istinad edilməlidir. Yeni istifadəçilər məqalə yazdıqda biz onu görürük. Məqalə adı qarşımıza sarı rəngdə çıxır. Məqaləni “patrulladıqdan” sonra məqalə qəbul edilir. Lakin həmin məqalə yenə də deyirəm ki, mütləq ensiklopedik olmalıdır. Lap “patrullansa” belə əgər mövzu ensiklopedik deyilsə o silinəcək.

Azərbaycanda vikipediyaçıların iclasları, görüşləri keçirilirmi?

Bir-iki aydan bir iclaslar, görüşlər keçirilir. Vikipediyada olan problemlər, texniki yeniliklər, şablonlar, işlərin daha da sürətləndirilməsi, təkminləşdirilməsi haqqında müzakirələr aparılır. Görüşləri əsasən bizim “Azərbaycan vikimediaçıları” istifadəçi qrupu təşkil edir. 2014-cü ildə yaradılan qrup 2017-ci ildə ictimai birlik kimi dövlət qeydiyyatına da alınıb. “Azərbaycan vikimediaçıları” istifadəçi qrupu “Vikipediya”nın inkişafı üçün bir neçə yaxşı layihələrə imza atıb. Belə ki, məsələn hər ay müxtəlif mövzularda olmaqla “Mövzulu ay” keçirilir. Məsələn, may ayı siyasət ayı elan edildi və istifadəçilər də  həmin mövzuda məqalələr yazdılar. Həmin məqalələr xal verilməklə qiymətləndirilir. Və ilk üç yeri tutan istifadəçiyə müəyyən həvəsləndirici hədiyyələr təqdim edilir.

“Azərbaycan vikimediaçıları”  istifadəçi qrupu “Mövzulu ay”dan əlavə hər il yayda istifadəçilərin  “Vikidüşərgə”sini də təşkil edir. Keçən il Qubada, ondan əvvəlki il isə Qax rayonunun İlisu kəndində “Vikidüşərgə” təşkil edilmişdir.

Azərbaycanda Vikipediya təlimləri keçirilirmi?

Əvvəllər ayrı-ayrı və layihə şəklində təlimlər keçirilib.  Hal-hazırda Mərkəzi Elmi Kitabxanada “Vikipediya” ilə bağlı fəaliyyət göstərən şöbədə ödənişsiz olmaqla təlimlər keçirilir. Arzu edən hər bir şəxs həmin şöbəyə yaxınlaşıb təlimlərdə iştirak edə bilər.

Vikiməqalələri hər bir şəxs yazıb üzərində düzəliş apara bilirsə bu məqalələri nə dərəcədə keyfiyyətli hesab etmək olar?

Statistikaya görə Vikipediya istifadə olunan internet saytları sırasında təxminən 6-7-ci yerdədir. İngilis dilində olan Vikipediya həm say baxımından, həm də keyfiyyətinə, dərinliyinə görə ilk pillədədir. İngilis dilində altı milyona yaxın məqalə mövcuddur. Hətta onlarda məqalələr o qədər zəngindir ki, səhiyyə ilə bağlı məlumatları  həkimlər belə istifadə edə bilir. Təəssüf ki, Azərbaycanca Vikipediya üçün bunları demək mümkün deyil. 

Hər hansı bir şəxsin Vikipediya səhifəsini silmək mümkündür?

İstifadəçi  yox, amma idarəçilər hər hansı bir məqaləni silə bilirlər. Bizdə bu idarəçilərin  sayı hazırda 15 nəfərdir.  İstifadəçi isə hər hansı bir məqalənin ən yaxşı halda sadəcə məzmununu silə bilər. Vikipediyada silinməsi mübahisəli olan material olduqda, o mütləq şəkildə idarəçilər və istifadəçilər arasında müzakirə aparılıb sonra silinir. 

Bu günədək neçə məqalə yazdığınızı bilirsinizmi? Bunlar içərisində hansı sizin üçün xüsusi bir seçilmişdir?

2 il öncə hesablamışdım, 6000 məqalə yazmışdım. Amma indi dəqiq deyə bilmərəm. İlk məqaləm Məhərrəm Musayev və onun doğulduğu Göyçə mahalının Şişqaya kəndi haqqında olub. 7000-dən çox səhifə mənim izləmə siyahımda yer alır. İzləmə siyahımda olan yazılara kimsə düzəliş etdikdə mən bunu görürəm. Əgər düzəliş normaldırsa qalır, normal deyilsə düzəlişi geri qaytarıram. Yazdığım məqalələr içərisində biri “Yaxşı məqalə”statusu alıb. Bu məqalə akademik Əhliman Əmiraslanov haqqındadır.

Vikipediya üzvlərinin ümumdünya səviyyəsində görüşləri keçirilir?

Bu 2005-ci ildən başlayaraq  hər il bir dəfə baş tutur. Ötən il Afrikada, ondan öncəki il Kanadada keçirilib. Görüşlər müxtəlif ölkələrdə olur. Bu görüşlərdə Azərbaycanı hər il bir və ya iki nəfər təmsil edir. Görüşün bütün xərcləri isə Vikimedia  Fondu tərəfindən qarşılanır. Bununla yanaşı, vikipediyaçıların “Mərkəzi və Şərqi Avropa vikigörüşü” səviyyəsində də görüşləri keçirilir. Bizim təmsilçilər burada da iştirak edirlər. Çalışırıq ki, növbəti belə görüşlərdən biri Azərbaycanda  baş tutsun.

Vikipediya saytı necə maliyyələşir?

İanələr əsasında. Bəzi təşkilatlar, şəxslər ianə şəklində Vikipediyaya maliyyə vəsaiti ayırırlar. Amma Azərbaycandan belə bir ianə yardımlarının olmasına inanmıram. Varsa da çox kiçik məbləğ olar. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR