Slimfit
  1. İQTİSADİYYAT

Vergi müvəkkillərinin imtahan qaydaları açıqlanıb

Vergi müvəkkillərinin imtahan qaydaları açıqlanıb
Sakura

Vergi müvəkkillərinin imtahan qaydaları açıqlanıb

Vergilər Nazirliyinin təsdiq etdiyi "Vergi müvəkkili olmaq istəyən hüquqi şəxsin birbaşa bu xidməti göstərəcək işçilərinin imtahandan keçirilməsi qaydaları" imtahanın təşkili, keçirilməsi və qiymətləndirmənin aparılması prosesini tənzimləyir.

Nazirliyin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, məqsəd həmin işçilərin zəruri bilik və bacarıqlarını yoxlamaqla, onların müvafiq xidməti göstərməyə yararlılığının müəyyən edilməsidir. İmtahan obyektivlik, bərabərlik, şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçiriləcək. Vergi müvəkkili olmaq istəyən hüquqi şəxsin birbaşa bu xidməti göstərəcək işçilərinin imtahanını Vergilər Nazirliyinin imtahan komissiyası həyata keçirəcək.

Qaydalara əsasən, müraciət edildikdə imtahanlar ildə 2 dəfədən az olmayaraq təşkil ediləcək. İmtahanın keçirilmə yeri və vaxtını isə imtahan komissiyası müəyyən edir. Vergi müvəkkili olmaq istəyən hüquqi şəxsin rəhbəri birbaşa bu xidməti göstərəcək işçilərinin imtahandan keçirilməsi üçün Vergilər Nazirliyinə ərizə ilə müraciət etməlidir. Müraciət ərizəsində vergi müvəkkili olmaq istəyən hüquqi şəxsin birbaşa bu xidməti göstərəcək ən azı iki işçisi qeyd olunmalıdır. Vergi müvəkkili olan hüquqi şəxslər əlavə işçilərinin də imtahandan keçirilməsi üçün nazirliyə müraciət edə bilərlər. İmtahanda iqtisadiyyat və ya hüquq sahəsində ali təhsili olan, maliyyə, mühasibatlıq, hüquq və ya vergi sahəsində ən azı 3 illik iş təcrübəsi olan və vergi qanunvericiliyinin pozulmasına görə cinayət məsuliyyətinə cəlb edilməyən şəxslər iştirak edə bilərlər. Bunun üçün həmin şəxslər şəxsiyyət vəsiqəsinin surəti, ali təhsil barədə diplomun surəti (notarial qaydada təsdiq olunmuş), əmək kitabçasının təsdiq olunmuş surəti (son iş yeri barədə qeydin olması şərti ilə) və vergi qanunvericiliyinin pozulmasına görə cinayət məsuliyyətinə cəlb edilməməsi barədə sənədi təqdim etməlidir.

Qaydalarda qeyd olunur ki, imtahan yazılı və müsahibə mərhələlərindən ibarətdir. Yazılı imtahan mərhələsində iştirakçıların vergi qanunvericiliyi və vergi inzibatçılığı üzrə bilikləri, habelə maliyyə, mühasibat üzrə praktiki bilikləri yoxlanılacaq. Bunun üçün sual bazası imtahan komissiyası tərəfindən hazırlanacaq. Sual bazasının hazırlanması zamanı məlumatların məxfiliyinə tam riayət edilməlidir. Yazılı imtahan zamanı iştirakçılar 60 dəqiqə ərzində imtahan vərəqəsində olan 10 sualı cavablandırmalıdırlar. Sualların hər birinə verilən cavab 10 ballıq sistemlə qiymətləndirilir, balların cəmi 10-a bölünərək orta bal müəyyən edilir, 7 bal keçid balı hesab olunur.

Yazılı imtahanda uğur qazanan iştirakçılar müsahibə mərhələsinə buraxılır və müsahibənin keçirilməsi vaxtı və yeri barədə azı 5 iş günü qalmış hüquqi şəxsə elektron qaydada məlumat göndərilir. Müsahibə hər bir iştirakçı ilə fərdi qaydada azı 30 dəqiqə ərzində aparılır.

Müsahibə imtahan komissiyası tərəfindən iştirakçıya suallar verilməsi və iştirakçı tərəfindən həmin sualların cavablandırılması yolu ilə həyata keçirilir. İştirakçı verilmiş suallara mövzu ətrafında dolğun və mümkün qədər qısa vaxt ərzində cavab verməlidir.

İmtahan komissiyasının hər bir üzvü vergi müvəkkili olmaq istəyən hüquqi şəxsin birbaşa bu xidməti göstərəcək işçisini bilik səviyyəsi, təcrübəsi və digər zəruri keyfiyyətlərinə əsasən qiymətləndirəcək. Bu mərhələdə də iştirakçının verdiyi cavablar komissiyanın hər bir üzvü tərəfindən 10 ballıq sistemlə qiymətləndiriləcək. Verilən qiymətlər toplanılaraq müsahibədə iştirak edən komissiya üzvlərinin sayına bölünərək orta bal çıxarılacaq. Müsahibənin nəticəsi üzrə işçinin orta balı ən azı 7 olduqda həmin iştirakçı müsahibədən müvəffəqiyyətlə keçmiş hesab edilir. Müsahibənin nəticələri barədə 5 iş günü ərzində hüquqi şəxsə elektron qaydada məlumat göndərilməlidir.

Qaydalara görə, vergi müvəkkili kimi fəaliyyət göstərmək istəyən hüquqi şəxs imtahanın nəticələri ilə razı olmadıqda, nəticələr barədə hüquqi şəxsin elektron ünvanına məlumat gəldiyi gündən 3 iş günü müddətində imtahan komissiyasına şikayət ərizəsi verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul ediləcək. Vergi müvəkkili kimi fəaliyyət göstərmək istəyən hüquqi şəxs bu qərardan məhkəməyə şikayət verə bilər. Vergi müvəkkili kimi fəaliyyət göstərmək istəyən hüquqi şəxsin birbaşa bu xidməti göstərəcək işçisi imtahanda iştirak edərkən, imtahanın keçirilməsi ilə bağlı tələblərə və qadağalara əməl etməlidir. Həmin tələb və qadağalara əməl olunmaması halları imtahan komissiyası tərəfindən aşkar edildikdə, şəxsin imtahan nəticələrinin ləğv olunması barədə qərar qəbul edilir. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR