Velosiped idmanı ilə bağlı dünya çempionatları 4 ildən bir eyni ölkədə keçiriləcək
Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) qurumun bayrağı altında keçirilən bütün növlər üzrə dünya çempionatlarını (Olimpiya və qeyri-Olimpiya növləri) hər 4 ildən bir eyni ölkədə və eyni ayda təşkil edəcək. Qərar yalnız Yay Olimpiya Oyunlarından əvvəlki ildə keçiriləcək dünya çempionatlarına şamil ediləcək və 2023-cü ildə təşkil olunacaq ilk birləşmiş dünya çempionatlarının ev sahibi Şotlandiyanın Qlazqo şəhəri olacaq.
Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, ötən ilin avqustunda Qlazqoda keçirilən və yüngül atletika, üzgüçülük, gimnastika, triatlon, qolf və avarçəkmə ilə yanaşı, velosiped idmanının da təmsil olunduğu birləşmiş Avropa çempionatlarının təhlili belə bir qərarın verilməsində həlledici rol oynayıb. Belə ki, şosse, trek, BMX və MTB (dağ velosipedi) üzrə birləşmiş qitə çempionatlarına olan tamaşaçı, teleyayım və sponsor maraqları UCI rəhbərliyini dünya çempionatları ilə bağlı tarixi qərar verməyə sövq edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət