Dərc edildi: Baxış sayı: 636
Varxiyanlı Aşıq Məhəmməd - Bir cam az
Yatmış idim, qafil gəldi üstümə,
Bir cam dolu, bir cam yarı, bir cam az.
Üç muradı onda tutdum dəstimə,
Bir cam kamal, bir cam söhbət, bir cam söz.
Dönübdü bir şaha, çıxıbdı taxta,
Cığaları qıvrılıbdı qabaxda,
Üç şey var, məzəsi dildə, dodaxda,
Bir cam peykan, bir cam müjgan, bir cam göz.
Cavan ömrüm eşq oduna odlandı,
Bu qisaslar qiyamətə qalandı,
Cananda üç şey var, canlar alandı,
Bir cam yanaq, bir cam buxaq, bir cam üz.
Eşq əhlilər içən kövsər abıdı,
Hər kəsin sevgisi mələk babıdı,
Üç şey də var, bir-birinə tabıdı,
Bir cam ceyran, bir cam çəmən, bir cam düz.
Məhəmmədəm, bu dərd məni sındırı,
İsmim bilməz, hər yetənlər dindiri,
Üç şey var, əbədi məni yandırı,
Bir cam eşq, bir cam atəş, bir cam köz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət