Slimfit
  1. MARAQLI

Uzun və sağlam həyatın sirri bol karbohidrat və az zülaldırmı?

Uzun və sağlam həyatın sirri bol karbohidrat və az zülaldırmı?
Sakura

Uzun və sağlam həyatın sirri bol karbohidrat və az zülaldırmı?

Araşdırmalar diqqəti 10:1 nisbətində karbohidrat və zülaldan ibarət bir pəhrizin bədəni yaşlanmağın təsirlərindən qoruya biləcəyini göstərən məlumatlara yönəldir.

İnsanlar yüz illərdir "gənclik cövhərini" tapmaq üğrunda mübarizə aparırlar. Son vaxtlar araşdırmalar Yaponiyanın Okinava adası üzərində cəmləşib. Çünki bu adanın sakinləri dünyanın ən uzun və sağlam ömür sürənlərin siyahısında başda dayanır.

Adadakı hər 100 min insanın 68-nin yaşı 100-ü ötüb. Bu nisbət ABŞ-dakından 3 dəfə artıqdır. Okinava sakinlərinin 100 yaşına çatmaq şansı Yaponiyanın digər bölgələrində yaşayanlarla müqayisədə 40 faiz daha artıqdır.

10 pay karbohidrat, 1 pay zülal

Son vaxtlarda məhşur olan Atkins və Paleo pəhrizləri yüksək zülalı və az karbohidratı tövsiyyə edir. Amma yüksək zülal pəhrizinin uzun müddətli faydalı olduğunu göstərən çox məlumat yoxdur.

Bəs "10:1 Okinava nisbəti", yəni 10 pay karbohidrata qarşı 1 pay zülala əsaslanan pəhriz uzun və sağlam həyatın sirri ola bilərmi?

Həyat tərzində bu istiqamətdə dəyişiklər etməyi təklif etmək hələ çox tez olsa da, son məlumatlar bu nəzəriyyəni ciddi qəbul edib üzərində dayanmağın lazım olduğuna işarə vurur.

Bu məlumatlara görə, aşağı zülal-yüksək karbohidrat pəhrizi xərçəng, ürək-damar xəstəlikləri və Altsheymer də daxil olmaqla yaşlanmağa bağlı bir çox xəstəliyə qarşı bədənin qoruyucu fizioloji reaksiyalar verməsini təmin edir.

Okinavada yaşı 100-ü ötən min insan nəzərdən keçirilib və onlarda normal yaşlanma prosesinin bir çoxunun gecikdiyi müşahidə olunub. Onların təqribən üçdə ikisi 97 yaşına qədər müstəqil bir həyat tərzi sürür. Damarların divarlarında toplanma nəticəsində sərtləşmə olmayıb, beləliklə ürək-damar xəstəliklərinin əlamətləri də ortaya çıxmayıb. Bu insanlarda xərçəng, diabet, demans nisbətləri başqa yerlərlə müqayisədə daha aşağıdır.

Genetik amil

Okinavalıların uzun ömür sürməsində genetik amil də təsirli ola bilər. Coğrafi mövqeyinə görə adalılar tarixlərinin böyük qismini nisbətən təcrid halında keçirdikləri üçün özlərinə məxsus bir genetik profil inkişaf etdirmiş ola bilərlər.

Mövcud araşdırmalar bu insanlarda APOE4 gen variantının həddən artıq üstünlük təşkil edə bilməyəcəyini göstərir. Bu genin ürək xəstəlikləri və Altsheymer riskini artırdığı hesab olunur. Bundan başqa maddələr mübadiləsini və hüceyrə yenilənməsini nizamlayan FOXO3 geninin daha qoruyucu bir variantını daşıya bilərlər. Bu gen bədənin daha kiçik quruluşlu olmasına səbəb olur, ancaq xərçəng də daxil yaşla bağlı bir çox xəstəlik riskini azaldır.

Lakin araşdırmalar uzun ömrün sadəcə yaxşı genlərlə bağlı olmadığını göstərir. Okinavalıların çox da siqaret çəkmədikləri, əkinçilik və balıqçılıqla məşğul olduqları, bu səbəbdən də fiziki cəhətdən fəal olduqları məlumdur.

Bundan başqa onlar yaxın əlaqələrə sahib cəmiyyət halında yaşayırlar və bu onların yaşlı vaxtlarında da fəal bir sosial həyatları olmasını, stressli hadisələr qarşısında dəstək almalarını təmin edir. Tənhalığın isə gündə 15 siqaret qədər insana zərər verə biləcəyi güman edilir. Lakin sağlam yaşlanma və uzun ömür mövzusundakı düşüncülərimizi dəyişdirməkdə ən təsirli amil okinavalıların qidalanma tərzidir. Asiyanın digər bölgələrinin əksinə olaraq bu adada əsas qida maddəsi düyü deyil, şirin kartofdur. Bu kartof növünü adaya XVII əsrdə hollandlar gətirib. Adada bundan başqa bol miqdarda yaşıl və sarı rəngli tərəvəzlərlə soya məhsullarından istifadə olunur. Donuz, balıq və digər ət məhsulları yeyilsə də, pəhrizləri əsasən tərəvəzlərdən ibarətdir.

Kaloriya məhdudiyyəti

Yəni bu vitamin və minerallar, antioksidant baxımından zəngin, amma aşağı kaloriyalı bir pəhrizdir. Fast food tərzi məhsullar adaya gəlməzdən əvvəl bölgə xalqı böyüklərin normal gündəlik kaloriya istehlakından 11 faiz daha az kaloriya qəbul edirdi. Bu səbəbdən bəzi mütəxəssislər "kaloriya məhdudiyyəti"nə əsaslanan pəhrizin ömrü uzatdığını və həyat keyfiyyətini artırdığını söyləyirlər. Bunun sadəcə artıq çəkiyə mane olmadığı, həm də yaşlanma müddətini gecikdirdiyi ifadə edilir.

ABŞ-da aparılan bir araşdırmada az kaloriyalı pəhrizin ürək -damar sağlamlığını inkişaf etdirdiyi, təzyiq və xolesterini aşağı saldığı müşahidə olunub. Bundan başqa makaka meymunları ilə aparılan bir təcrübədə gündəlik kaloriya 30 faiz azaldılıb. 20 illik bir müddətdə yaşla bağlı xəstəliklərdə yüzdə 63 faiz azalma ilə yanaşı, meymunların bədənlərində daha az qırışıqlıq, tüklərində daha az ağarma və pozulma müşahidə olunub.

Az kaloriyalı pəhrizin niyə bunlara səbəb olduğu hələki bilinmir. Kaloriya məhdudiyyətinin hüceyrənin siqnal sistemində dəyişikliyə yol açması bu səbəblərdən biri ola bilər. Beləliklə, bədən böyümək və törəməkdən çox DNT-lərin bərpasına və bədənin qorunmasına daha çox mənbə axtara bilər. Və hüceyrələrdə zərərə yol açan "oksidativ stress" (hüceyrənin davamlı olaraq radikalların hücumuna məruz qalması vəziyyətinə oksidativ stress deyilir) məhdudlaşmış olur. Çünki böyümə və törəmə zamanı maddələr mübadiləsi zəhərli yan məhsulları istehsal edib oksidativ stressə səbəb olur.

Pəhrizin tərkibi əhəmiyyətlidir

Okinava pəhrizinin faydası sadəcə kaloriya məhdudiyyətindən də qaynaqlanmır. Pəhrizin kaloriya miqdarı ilə yanaşı tərkibi də əhəmiyyətlidir. Bəzi araşdırmalar yüksək karbohidrat və az zülal tərkibli pəhrizlərin bir çox canlıda ömrü uzatdığını, beyindəki yaşlanma əlamətlərini azaltdığını göstərir. Buradakı nisbətin də 10 pay karbohidrata qarşı bir pay zülalın olduğu, yəni Okinava pəhrizi ilə oxşarlığı müşahidə olunub. Bu istiqamətdə hələki insanlar üzərində aparılan klinika təcrübələri olmasa da, Okinava pəhrizinə oxşayan Yeni Qvineyanın kiçik bir adası, Boliviyada qızıldərili mənşəli Tsimane qəbiləsi və Aralıq dənizi pəhrizinin oxşar nəticələr verdiyi məlumdur.

Bunun səbəbləri çox aydın olmasa da, hüceyrə daxilində zərərli zülal toplanması probleminə bağlı yaşlanmanın qarşısının alınması amili ola bilər. Bu zərərli zülalların toplanması bir çox xəstəliyə səbəb ola bilər. Lakin az zülallı pəhriz ilə bu yığıntıları təmizləmək olar.

O halda hər kəs Okinava pəhrizini tətbiq etməlidirmi? Mütəxəssislər zəif zülal qəbulunun yaratdığı zərər məhdudiyyətinin 65 yaşa qədər funksional olduğuna dəlalət edən məlumatların mövcudluğundan bəhs edirlər. Bu yaşdan sonra zülal qəbulunu artırmaq olar.

Bundan başqa zülalın hansı qidalardan qəbul edildiyi əhəmiyyətlidir. Bitki mənşəli qidalardan qəbul edilən zülalın ət və süd məhsulları kimi heyvan zülallarından daha yaxşı olduğunu göstərən araşdrmalar var. Yəni, bəlkə də Okinava pəhrizinin sirri yüksək karbohidrat və zəif zülal olmasından çox meyvə və tərəvəzlərin çoxluq təşkil etməsindədir. Ya da ki daha düzgün ifadə etsək, sağlam və uzun ömür üçün bir çox amilin bir arada olması lazımdır. Mütəxəssislər bunların tək-tək əhəmiyyətinin tam olaraq aydınlaşması və "gənclik cövhərinin" tapılması üçün araşdırmaların daha uzun illər davam etməsinin lazım olduğunu söyləyirlər.

Mənbə: bbc.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR