Dərc edildi: Baxış sayı: 680
“Üzümüzə ləkə düşür, makiyaj etdirməyə pulumuz yoxdu, bu yolla günəşdən qoruyuruq”
Ölkə ərazisində salınan üzüm bağları yeni iş yerlərinin açılmasına da zəmin yaradıb. Buna misal kimi ölkənin cənub bölgəsi olan Cəlilabad rayonunda salınmış üzüm bağlarını göstərmək olar. Burada hər gün yüzlərlə qadın və kişi işləyərək ailəsini dolandırır.
İndi üzüm yığımı başladığından bağlardan hər gün paytaxt Bakıya üzüm daşınır. Moderator.az saytının əməkdaşı Araz Hüseynovun üzüm bağında olaraq sakinlərlə danışıb. Araz Hüseynov üzümçülük sahəsində on iki ildən çoxdur ki, təcrübəsi olduğunu bildirib:
“Mütəxəssislərdən üzümçülüyün bir çox sirlərini öyrənmişəm...”
“Üzümçülüklə on iki ildən çoxdur ki, məşğulam. Mütəxəssislərdən üzümçülüyün bir çox sirlərini öyrənmişəm. Bağımızda “Prima”, “Dallas”, “Ora” “Kardinal” və digər sortlar yerləşdirilir. Üzümün kloqramının qiyməti 50-60 qəpik arası dəyişir. Burdan hər gün 15-20 adam evinə qazanc aparır”.
Üzüm bağlarında yığımı isə qadınlar həyata keçirir. Amma üzüm yığmağın da öz qaydaları var. Səliqəli olmaq lazımdır ki, üzümlər əzilməsin, həm də tozu getməsin ki, sora deməsinlər üzüm köhnədir. Lənkəran şəhərindən hər gün bura işləməyə gələn altmış yaşlı Dünyaxanım adlı qadın özü haqda bunları deyir:
“Yoldaşım işsizdi evi mən dolandırıram...”
“İşimizdən razıyıq. Günlük əmək haqqımız səkkiz manatdır. Müdriyyət hələ axşam evimizə qayıdanda bizə üzüm də verir. Lənkəranda çay yığımı ilə məşğul olurdum, əmək haqqımızı gecikdirdikləri üçün işləmədim. Cəlilabadda həmişə iş var. Biz çiyələk, kartof, sarımsaq və üzüm yığımında işləyirik. Sağ olsun bu bağları yaradanlar bizləri işlə təmin edirlər. Yoldaşım işsizdi evi mən dolandırıram. Uşaqlarımı da yerbəyer etmişəm, bir oğlum subaydı onu da evləndirəcəm”.
Bağda işləyən Gültəkin adlı qadın taleyindən gileylidi. Həyat yoldaşı onu iki körpə balası ilə qoyaraq Rusiyaya gedib. O vaxtdan övladlarını böyüdən Gültəkin oğlunu evləndirib, qızı isə rəqslə məşğul olur:
“Yoldaşım uşaqlarım körpə olanda bizi atdı getdi...”
“Yoldaşım uşaqlarım körpə olanda bizi atdı getdi “Nataşa”ların yanına. Uşaqlarımı özüm böyütdüm. Oğlumu evləndirmişəm, indi müalicə etdirirəm ki, nəvəm olsun. Qızım hələ balacadı, rəqsə gedir təltifləri var. İşimiz də gördüyün kimi bundan ibarətdir. Lənkərandan marşurut danışmışıq hər səhər o bizi gətirib-aparır. Gündəlik pulumuzu alırıq dolanışığımız çıxır, çox şükür”.
“Oğlanlarım deyir ki, nəvələrini oynat...”
Özünün qocaldığını deyən Dilarə adlı qadın da burda işləməyə gəlir. Deyir ki, oğlanlarım istəmir işləyim, amma özüm evdə qala bilmirəm:
“Oğlanlarım işləməyimi istəmir. Özləri “Sədərək” Ticarət Mərkəzində işləyirlər. Vallah ay oğul, birdən şəkilimi saytınızda görsələr mənlə dalaşacaqlar. Onlar da düz deyir, amma işləməsəm, elə bilirəm ölərəm. Nəvələrim var, oğlanlarım deyir ki, nəvələrini oynat, amma mən hər səhər işləmək üçün bura üz tuturam”.
“Makiyaj etdirməyə pulumuz yoxdu...”
Aida adlı qadının oğlu və həyat yoldaşı Bakıya avtobusla sərnişin daşıyırlar. Amma görünür dolanışıq onu qane etmədiyindən işləməyə məcburdu:
“Oğlumla həyat yoldaşım avtobus sürür, Bakıya sərnişin daşıyırlar. O da ki, həftədə bir dəfə olur. Gündəlik çörək pulu çıxsın deyə mən də qadınlara qoşulub işə gəlirəm. Bizimlə hamı yaxşı davranır. İşimizi işləyib axşamüstü pulumuzu alıb evimizə qaydırıq”.
Burda işləyən qadınlar bütün çətinliklərə baxmayaraq üzlərini bağlayıb, öz gözəlliklərini qoruyurlar. Elə üzlərini nə üçün bağladıqlarını soruşuram hərəsi bir tərəfdən dillənir:
“Üzümüzə ləkə düşür, makiyaj etdirməyə pulumuz yoxdu, aldığımız pula qənd, çay alırıq. Üzümüzü günəşdən qoruyuruq”.
Vasif Əlihüseyn
Fotolar müəllifindir
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət