Slimfit
  1. CƏMİYYƏT

Uşaqlarda məsuliyyət hissinin tərbiyəsi

Uşaqlarda məsuliyyət hissinin tərbiyəsi
Sakura

Uşaqlarda məsuliyyət hissinin tərbiyəsi

 

Məsuliyyətli uşaq sərbəst şəkildə məktəb tapşırıqlarını yerinə yetirir, yuxudan vaxtında qalxır, şəxsi təmizliyinə fikir verir, valideynlərinin və başqalarının yardımına ehtiyac duymur. Uşaqda məsuliyyət əlamətləri valideynin qoyduğu məhdudiyyətlərə hörmətlə yanaşmaq və onlara əməl etmək, öz problemlərini sərbəst həll etmək gücünə malik olmaq, iş görərkən dəlillərə əsaslanmaq, səhvi etiraf etmək, uğursuzluq zamanı başqalarını günahlandırmamaq, verdiyi sözə əməl etmək, bacardığı qədər ictimai qaydaları pozmamaq kimi keyfiyyətlərlə müəyyənləşdirilir.

"Loqos” psixoloji və nitq inkişafı mərkəzinin psixoloqu Mehriban Heydərova uşaqlarda məsuliyyət hissinin formalaşması barədə danışarkən AZƏRTAC-a deyib: “Uşaqda məsuliyyət hissi 3-5 yaşlarından aşılanmalıdır. Ayaq açıb yeriməyə başlayan vaxtlarda onlarda iş və fəaliyyətə maraq yüksək olur, öhdələrinə məsuliyyət götürməkdən həzz alır, özlərini gərəkli sayır, müstəqil hiss edirlər. Bu məqsədlə 250 azyaşlı arasında aparılan araşdırma nəticəsində məlum olub ki, uşaqların 97 faizi ev işlərinə kömək etməyi sevir. Balacalar evdə öhdələrinə nə qədər erkən məsuliyyət götürərlərsə, bu, daha tez vərdiş halına keçir. Nəzərə almaq lazımdır ki, uşağın məsuliyyəti onun yaş və bacarığına uyğun olaraq artırıla bilər. Uşağı hazırlamadan üzərinə məsuliyyətli tapşırıq qoyulması onu ümidsizliyə düçar edir, özünə inam hissini zəiflədir. Bəzi halda uşağın yaşı münasib olsa da, o, məsuliyyəti qəbul etmək üçün lazımi gücə malik olmur. Uşaq bacardığı həddə “yüklənməlidir”. Onların, xüsusilə yeniyetmələrin həddən artıq yüklənməsi onlarda yalançı bacarıq, uydurma özünüidarə hissinin yaranmasına səbəb olar və nəticədə onlarda bir sıra psixoloji problemlər meydana çıxar”.

Psixoloq bu sahədə tərbiyəçilərin üzərinə düşən məsələlər barədə danışarkən bunları deyib: “Hər bir tapşırıq zamanı övladın yaşını və bacarığını diqqətə almaq lazımdır. Uşaqların məsuliyyətli olmasında örnəklər, xüsusilə ana və ata timsalı mühüm rol oynayır. Buna görə də gərək valideynlər atalıq-analıq məsuliyyətinə ciddi əməl etsinlər. Valideynlər uşaqlardan nə istədiyini aydın və qısa şəkildə izah etməlidir, “kömək eləsən, yaxşı olar”, “mümkündür”, “ola bilər”, “edə bilərsən” və s. ifadələr işlətmək lazım deyil. Əgər o üzərinə qoyulmuş məsuliyyəti yerinə yetirməsə, beş dəqiqə sonra bir daha yadına salmaq və əgər yenə etməsə, həmin işi valideyn öz öhdəsinə götürə bilər. Valideyn mehribandırsa, övladın məntiqi istəklərinə müsbət cavab verirsə, uşaq peşmanlıq hissi keçirərək növbəti dəfə onun istəyinə müsbət cavab verəcək.

Məsuliyyət hissi yaratmaq üçün zor və təzyiqdən istifadə etmək olmaz, çünki bu, valideynlə övlad arasında konflikt və narazılıq yaradar, üstəlik həmin hissin yaranmasına mane olmaqla yanaşı onu tərsliyə sövq edər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR