Slimfit
  1. MƏDƏNİYYƏT

Ürəkləri fəth edən səs

Ürəkləri fəth edən səs
Sakura

Bu gün Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin doğum günüdür

Bəşəriyyət tarixində elə şəxsiyyətlər var ki, sağlığında olduğu kimi, əbədiyyətə qovuşduqdan sonra da ölümsüzlük qazanır, adları ehtiramla yad edilir. Çünki həmin şəxsiyyətlər yaradıcılıqları ilə nəinki xalqına, bütün bəşəriyyətə xidmət edirlər.

AZƏRTAC xəbər verir ki, belə ölməz, parlaq şəxsiyyətlərdən biri də bu gün anadan olmasının 76-cı ildönümü nəyinki doğulduğu Azərbaycanda, həm də dünyanın bir çox yerlərində qeyd edilən SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevdir.

Hər il avqustun 17-də zəmanəmizin görkəmli müğənnisi, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin xatirəsi ehtiramla anılır. Sənətə və əsil sənətkara hörməti olan hər kəs həmin gün Fəxri xiyabana gələrək Müslüm Maqomayevin məzarını ziyarət edir, abidəsi önünə təzə-tər güllər düzür.

Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayev 1942-ci ildə Bakıda anadan olub. 14 yaşında doğma şəhəri Bakıda dənizçilər klubunda çıxış edən Müslüm Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya festivalına yollanan Müslüm oradan medalla qayıdıb. Bu münasibətlə populyar “Oqonyok” jurnalı onun portretini və “Bakılı gənc dünyanı fəth edir” sərlövhəli məqaləni dərc edib.

Müslüm Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, Milanın dünya şöhrətli “La Skala” teatrında təcrübə keçib.

Ötən əsrin 60-70-ci illərində Müslüm Maqomayevin məşhurluğunun həddi-hüdudu yox idi. Konsert salonlarındakı yerlər azlıq etdiyindən o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılan vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırlar. Keçmiş SSRİ-də klassik opera ariyalarını estradaya məhz Müslüm Maqomayev gətirib. Təsadüfi deyil ki, o, 31 yaşında SSRİ Xalq artisti fəxri adına layiq görülüb.

Dünya şöhrətli müğənninin repertuarında 600-dək əsər var. O həm də gözəl mahnılar müəllifidir. Müslüm Maqomayevin ecazkar səslə ifa etdiyi mahnıların sırasında dahi Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəllərinə bəstələdiyi “Sənsiz” və “Sevgili canan” romanslarının xüsusi yeri var. Ona görə ki, burada üç dahi sənətkarımızın - şair, bəstəkar və müğənninin ruhu görüşür. Onu da etiraf etmək yerinə düşər ki, bu romanslar Müslümə qədər korifey sənətkarların ifasında səslənib. Amma o, bu romanslara elə çalarlar, elə bənzərsiz intonasiyalar gətirdi, elə sevgi ilə yanaşdı ki, onları fərqləndirməyi, özününküləşdirməyi bacardı, fəlsəfi yüksəkliyə qaldırdı.

Onun Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan, vətənimizin himni kimi əzəmətli səslənən “Azərbaycan” mahnısı da ölkəmizə ithaf olunmuş ən gözəl əsərlərdəndir. Müğənni həm də “Oxuyur Müslüm Maqomayev”, “Nizami”, “Moskva notlarda” filmlərində çəkilib.

Müslüm Maqomayev çoxşaxəli sənətkar idi. Belə geniş diapazonu, ürəkləri fəth edən həm lirik, həm də güclü səsə çox az rast gəlinir. Müslüm Maqomayev ifa etdiyi hər mahnıda, ariyada yeni bir dünya, öz dünyasını yaradırdı.

Azərbaycan xalqının zəngin musiqi ənənələrinin qorunub saxlanılmasında və müasir dövrdə layiqincə inkişaf etdirilməsində Müslüm Maqomayevin yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Dövlət estrada-simfonik orkestri mühüm rol oynayıb. Orkestrin rəngarəng proqramlarında M.Maqomayev əsl sənətkara xas əzmkarlıqla hər bir ifasını bir aktyorun teatrı səviyyəsinə qaldırmağa nail olub.

M.Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafı sahəsində mühüm nailiyyətləri yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycanın ali mükafatları – “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib. Ecazkar səsi ilə dünyanı fəth edən Müslüm Maqomayevin 70 və 75 illik yubileyləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə silsilə tədbirlərlə qeyd olunub.

Onun yoxluğunun acısını daha çox hiss edən sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq Artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya deyir: “Müslüm Maqomayevi yığcam, qısa fikirlərlə təsvir etmək çətindir. O, böyük insan idi. Həyatımın müxtəlif illəri onunla birgə keçmişdir. Fikirlərini mənimlə bölüşərdi. O anlar mənim üçün unudulmaz olduğu qədər də əlçatmazdır. Müslüm Maqomayev ad gününü böyük salonlarda, hay-küylü keçirməyi xoşlamazdı, ancaq dostlarının əhatəsində qeyd edərdi. Hədiyyələri bir o qədər də sevməzdi. Ad günündə onun haqqında gözəl sözlər deyərdilər. Mən bunların şahidi olmuşam. Müslüm Maqomayev bütün dövrlərin musiqiçisidir və ikinci belə bir sənətkar dünyaya gəlməyəcək”.

Dünyaya göz açdığı 17 avqustu Azərbaycan təqvimində əlamətdar günə çevirən ölməz Müslüm Maqomayev qəlblərdə elə bir sənət abidəsi ucaldıb ki, onu ziyarətə gələnlərin sırası heç vaxt seyrəlməyəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR