Slimfit
  1. AZƏRBAYCAN

Unudulmaz səslər: Erməniləri qəzəbləndirən, Mərkəzi Komitədən töhmət alan xaliq artistimiz

Unudulmaz səslər: Erməniləri qəzəbləndirən, Mərkəzi Komitədən töhmət alan xaliq artistimiz
Sakura

Unudulmaz səslər: Erməniləri qəzəbləndirən, Mərkəzi Komitədən töhmət alan xaliq artistimiz

Əbülfət Əliyev sənətinin Məcnunu idi...

Onun həzin, məlahətli səslə ifa etdiyi muğam və təsniflər, xalq mahnıları bu gün də yaddaşlarda yaşayır. Mərhum xanəndə, Xalq artisti Əbülfət Əliyevin səsinin vurğunları Azərbaycanla yanaşı, onun hüdudlarından kənarda - İran, Misir, Hindistan, Almaniya və başqa ölkələrdə də çox olub. 
 
O, Azərbaycan Opera və Balet Teatrının ən məhşur Məcnunlarından idi...

Modern.az
 saytı “Unudulmaz səslər” layihəsinə davam edir. Bu dəfə Azərbaycanın muğam, sənət beşiyi Şuşanın musiqi mədəniyyətimizə bəxş etdiyi görkəmli sənətkar Əbülfət Əliyevin ömür yoluna nəzər salacağıq.
Əbülfət Əliyevin doğum günü də, ölüm günü də bu aya – dekabra təsadüf edib. Ölüm günü (27 dekabr) doğum günündən (30 dekabr) 3-gün öncəyə təsadüf edib.

7 yaşında atadan yetim qalıb...

Əbülfət Əliyev 1926-cı il dekabr ayının 30-da Qarabağın musiqi beşiyi sayılan Şuşa şəhərində anadan olub. 7 yaşında atası Əsəd kişini itirən Əbülfətin ailəsinin maddi vəziyyəti getdikcə çətinləşir. Ailənin ağırlığı anası Mülayimin öhdəsində qalır. Evin çörək gətirənini itirmiş ailə üçün Şuşada qalmaq çətin köçmək məcburiyyətində qalan ailə Füzuliyə pənah  gətirir. Təxminən 4 il burda qaldıqdan sonra Ağdamda yerləşməli olurlar.
Atasızlıq onu erkən yaşlarından həyatın ağrı-acısını çiyinlərində daşımağa vadar edib. Təsəllisini  Pionerlər Evindəki muğam dərnəyində, oxuduğu mahnılarda, muğamlarda tapıb. Kasıbçılıqdan, kəndlərdə anası ilə başaq yığmaqdan  təngə gəlmişdi. “İmkanım olsa, qoymaram anam əlini ağdan-qaraya vursun” deyirmiş.  Ancaq başaq yığmaqda anasına yardımçı olmaqdan başqa çarəsi də yox imiş.


Yeniyetmə vaxtlarında tez- tez ictimai tədbirlərə qatılan Əbülfəti daha sonra toy məclislərinə də dəvət edirlər. Bir gün Pionerlər Evində  tanış olduğu həmyaşıdı tarzən  Elman Bədəlova  üçlük yaradıb toylara  getməyi  məsləhət görür. Dostunun “bu yaşda kim bizi toylara aparar?” inamsızlığına 16 yaşında Çəmənli kəndində xanəndəlik etdiyi toyun uzun müddət yatmayan səs-sədası ilə son qoyur.
Getdikcə məşhurlaşan gənc xanəndənin səsi-sorağı Bakıya qədər gəlib çatır. İlk dəfə 19 yaşında radio efirinə çıxaraq “Şuşanın dağları” mahnısını ifa edir və bununla da bütün taleyini birdəfəlik Bakıya bağlayır. Gənc yaşlarından böyük səhnələrə atılan Əbülfət Əliyev dövrünün tanınmış müğənniləri ilə birlikdə konsert proqramlarında çıxış edir.

Amansız xəstəlik...
Əbülfət Əliyev hələ həddi-buluğa çatanda Ağdamdakı Pionerlər  Evinin rəqs dərnəyində çalışan sarışın bir qıza vurulur. İçindəki sevgisini, arzu-istəklərini mahnıların diliylə yuxusunu ərşə çəkən  həmin sarışın qıza bəyan etmək istəyir.
Bir dəfə gənc muğam ifaçılarının Bakıda keçirilən olimpiadasında iştrak edir və birinci yeri tutur. Azərbaycan Radiosunda canlı olaraq “Rast” dəstgahını və “Yar bizə qonaq gələcək, bilmirəm haçan gələcək” mahnısını oxuyur,  gözlərinin önündə isə sarışın sevgilisinin surəti çəkilmir.
1945-ci ildə onu Azərbaycan Dövlət Filarmoniyasına  işə dəvət edirlər. Bir il sonrasa həsrətində olduğu yarı axır ki, onlara qonaq gəlir, sevib-seçdiyi Elza xanımla ailə həyatı qurur. 1947-ci ildə oğlu Rauf, daha sonrasa qızı Rəisə dünyaya gəlir.

1957-ci ildə ilk dəfə olaraq Opera və Balet Teatrının səhnəsinə çıxır, Məcnun kimi. 10 il ərzində bu sənət məbədində çalışır. Operada çalışdığı illər həmdə Filarmoniyanın solisti olur. 1967-ci ildən Filarmoniya çalışmağa davam edir.
Onun repertuarında 400-dən artıq xalq və bəstəkar mahnısı yer alır. “Dinə bilmədim”, “Bu qala daşlı qala”, “Endim bulaq başına”, “Qara gözlüm”, “Bülbüllər gəzər bağı” və s. Hər bir ifaçının musiqidə vizit kartı olduğu kimi, Əbülfət Əliyevin də vizit kartı “Ögey ana” filmində ifa etdiyi “Eşqimin növrağı” (“O körpəmin anasıdır”) mahnısı olur. Bu ifa hər kəsin yaddaşında silinməz iz buraxır. Xanəndənin səsi artıq ölkə hüdudlarından kənarda da gəlməyə başlayır. Müğənni İran, Hindistan, Almaniya, Misir və bir çox ölkələrdə konsert proqramları ilə çıxışlar edirdi.
Ancaq amansız xərçəng xəstəliyi ifaçını rahat buraxmadı.
Əbülfət Əliyev 27 dekabr 1990-cı il tarixində 64 yaşında mədə xərçəngindən dünyasını dəyişib.
Onun sənətinə Xan Şuşiniski, Bülbül kimi nəhəng sənətkarlar yüksək qiymət vermişdilər.
İrəvanda baş verənlər...
Oğlu Rauf Əliyev atası haqda keçmiş jurnalist Mənsurə Səttarovaya müsahibəsində atasının İrəvanda verdiyi məşhur konsert haqda bunları danışıb:
- Atam dünyaya göz açdığı Şuşanı çox sevirdi. İşimlə əlaqədar uzun illər xarici ölkədə çalışmışam. 90-cı ilin yayında Bakıya gəlmişdim. Qarabağın gərgin günləri idi, Şuşanın yolları bağlanmışdı. Atam Şuşanı görmək istəyilə alışıb-yanırdı. Şuşanın adını çəkəndə simasını kədər bürüyür, səsində bir qəhər hiss edilirdi...
Çox vətənpərvər insan idi. Sovet dövründə İrəvana qastrol səfərinə gediblərmiş. Erməni tamaşaçıları onun ilk çıxışlarını sürəkli alqışlarla  qarşılayırlar. Təkrar səhnəyə çıxanda tarzən Sərvər İbrahimova “gör indi türk mahnısı oxumaqla bunların kefinə necə soğan doğrayacağam” deyir. Səhnəyə çıxır, oxuyacağı mahnını elan etmədən tarzənə çalğıya başlamasını işarə edir. Zala bir sakitlik çökür. Bayaqdan bəri xanəndənin ifasını alqışla qarşılayan erməni tamaşaçıların üzərinə sanki qaynar su tökülür. Çıxışından dərhal sonra  tənqid və məzəmmətlər başlayır:
- Əbülfət müəllim, niyə türkcə oxudunuz?
- Bəs nə dilində oxuyum?
- Azərbaycanca oxuya bilmirsiniz?
- Mən də bu dildə oxudum də, bəs Azərbaycan dili türk dili deyil, biz indi nə dilində danışırıq?
Bu mahnıya görə atamı çox incitdilər. Ermənilər rahat oturmadılar, Mərkəzi Komitəyə qədər şikayət etdilər, sonda töhmət aldı...”.

“Ay vicdansız sənə görə içki içməmişəm”

“Xaricdə olduğum vaxtlar məndən bərk nigaran olurdu. Hər məktubunda “ehtiyatlı ol, özündən muğayat ol” sözlərini dönə-dönə vurğulayırdı. Məktublarında ilk baxışdan xırda, əhəmiyyətsiz görünən məsələlər barədə belə məlumat verirdi. Atam ömrünün sonuna qədər qayğısını övladlarından və yaxınlarından əskik etməyib. İndi bu qayğının yerini onun boşluğu əvəz edib...Səhhətindən şikayət etməmişdi. Səsi korlanar deyə, soyuq su içməz, siqaret çəkməzdi. Spirtli içkilərdən də uzaq idi. 1990-cı ilin yayında səhhətindən şikayətçi olduğundan həkimə apardıq, mədə xərçəngi diaqnozu qoyuldu...”.
Bunlar mərhum xanəndənin oğlu Rauf Əliyevin atasıyla bağlı  kövrək xatirələrdir. Ayrılarkən onu hava limanına qədər yola salan atasını bir daha ayaqda görməyəcəyi həmin vaxt çətin ki, onun ağlına gələrdiNoyabrda vəziyyəti ağırlaşan sənətçini Moskvaya aparırlar. Ancaq həkimlərin səyi, iynə-dərman bir nəticə vermir. Ömrünün son 90 günü olmazın əzab-əziyyət çəkir. Çox zaman ağrıdan səhərəcən yata bilmirdi. Belə gecələrdə “ay vicdansız, sənə görə içki içməmişəm, sən niyə belə üzüqara çıxdın” deyə ona vəfasızlıq edən qara ciyəriylə  “dərdləşirdi”.

1990-ci ilin 27 dekabrı xalq artisti Əbülfət Əliyevin həyatdakı son günü oldu. Qəlbində sağalacağına sonsuz ümid hissi səssiz-səmirsiz fani dünya ilə vidalaşdı. Əcəl ömrünün 64-cu ilini qarşılamağa üçgünlük möhləti  belə çox gördü...
Tanınmış xanəndənin sənət yoldaşları onunla bağlı xatirələrini Modern.az-la bölüşüblər.
“Onun qışqırıb oxumaqla arası yox idi”



Əməkdar artist Süleyman Abdullayev (Dədə Süleyman)
 bildirib ki, Əbülfətin əsli Şuşalı olsa da, gənclik illərinin çoxu Füzulidə keçib.
“Füzuli camaatı onsuz toy etməzdi. Düz 20 il bizim torpaqda yaşayıb. Həmişə də deyərdi ki, “mən 20 il Füzuli çörəyi yemişəm”. Əbülfət məni çox istəyirdi...
Deməli o vaxtlar “Azərbaycan gəncləri” qəzeti vardı, aradabir istedadlı və gənc ifaçıları adları və şəkilləri ilə barəbər ictimaiyyətə tanıtdırırdı.
Bir dəfə qəzetdə oxudum ki, Əbülfət haqqımda bir kəlmə deyib, mənə simpatiyası olduğunu bildirib. İnanın o qədər sevindim ki... Kefinin yaxşı vaxtında mənə “Sülü”  deyərdi.
Əslinə baxanda Əbülfətlə mənim aramda o qədər də çox yaş fərqi yox idi. Cəmi 13 yaş fərqimiz vardı.
Əbülfət ifaları ilə hələ uşaqlıqdan insanların qəlbini ofsinlamağı bacarmışdı. Musiqiyə çox bağlı insan idi. Heç kimlə işi olmazdı. Çalışardı ki, hər kəslə xoş danışsın. Deyirdi ki, “kiminsə xətrinə dəysəm, elə bilərəm dünyanın ən pis adamı mənəm”. Bax o qədər yumşaq ürəkli bir insan idi. Səsinə də söz ola bilməzdi.
Onun qışqırıb oxumaqla arası yox idi. Səs tonu elə nazik və axıcı idi ki, tamaşaçılar bax elə ona görə Əbülfətin ifasını bəyənirdi. Unikal bir səsi vardı. 80 yaşı haqlamışam, hələ də o səsin oxşarını tapa bilmirəm. Onun səsini 100 ifaçının içərisindən də seçmək olur. Bənzəri olmayan bu səs Allahın bir tapıntısı idi”.

Dədə Süleyman xanəndə haqqında maraqlı bir fakt açıqlayıb.

Bir məqamı da xüsusilə bildirim ki, hazırda Özbəkistanda, Macarıstanda Əbülfətin xalq və bəstəkar mahnılarından ibarət bir kaseti var ki, hələ də ölkəmizə gəlib çıxmayıb. İnanın o ifaları eşidəndə adam quruyub qalır. Mən bunu şişirdərək demirəm haa, sənətdən anlayışı olanlar bilər ki, Əbülfət necə oxuyurdu. İndiki gənclərə çatmaz Əbülfət necə oxuyurdu. Onun bir ifası var ee “Ögey ana” filmindəki “O körpəmin anasıdır”, hər dəfə onu eşitdikcə anam yadıma düşür. O qədər yanıqlı və içdən oxuyub ki, onu eşidəndə ürəyim sakitləşir. O dəqiqə xəyalən kəndimizə qayıdıram, uşaqlığım  yadıma düşür. Əbülfətin səsi o qədər musiqili idi ki, danışanda da elə bilirdik ki, nəsə oxuyur. Elə bil bu insanın ruhu da musiqi ilə yoğrulmuşdu”.

“Xasiyyətinə yaxşı bələd idim...”
“Onunla çox yerlərdə olmuşam, xasiyyətini öz  xasiyyətim qədər yaxşı  bilirəm, çünki həmişə bir yerdə olardıq. Ata-bala kimi idik. Bax onun xasiyyəti məni məcbur edirdi ki, bu kişinin qulluğunda dayanım. Qıymazdı ki, kimsə ona nəsə bir şey etsin. Ən çətin işi də özü həll edirdi.Yəni kimisə buyurmağı heç xoşlamırdı. Yaman gözəl qaval çalırdı. Onun kimi qaval çalan olmazdı, qavalla  nə qədər toylar yola salıb. İnanın ki, nağaraya ehtiyac olmurdu. Ritmi çox gözəl tutub çalırdı.
Mənə deyirdi ki, “Sülü, hərdən elə olub ki, toy yiyələri 3 gün qoymayıb evimə gəlim. Deyiblər qal bizdə qaval çal. Bax mən o qavalla həm çalıb-oxuyurdum, həm də ki, insanları oynadırdım”.
Belə bir sənətkarı unutmaq olarmı? Tez-tez onun ruhuna Quran oxutdururam, arada özüm də oxuyuram. O əjdaha kimi insan olub. Həm də yaxşı mənada hamı ondan çəkinirdi. Sərt baxışları vardı, elə baxırdı ki, özünü yığışdırmamaq mümkün deyildi. Yaxşı pul qazanırdı. O vaxtı bir toya 50 manata gedirdi. O da pul idi ey, çox böyük pul hesab olunurdu onda. Hər aya da 10-15 toyu olurdu. Pul qazanan kişi idi, daşdan da pul çıxardırdı.
Ömrünün son vaxtlarında xəstəlik onu bərk incidirdi. Tez-tez dəniz kənarında olardı, soruşardım “ay Əbülfət,  nolub sənə tezdən bu soyuqda dənizin kənarında oturmusan?”. Deyərdi “Sülü, bura gəlib bir az rahatlıq tapıram”. Allah ona qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun”.

“Adam kimi adam idi”


Xalq artisti Teymur Mustafayev
 deyir ki, o da Əbülfət Əliyevin sənətindən bəhrələnmiş xanəndələrdəndir:

“Mən deyərdim ki, Əbülfət Əliyev kimi xanəndə hələ də dünyaya gəlməyib. Bütün muğamların bilicisi idi, yaman gözəl segah oxuyardı. Əbülfətlə mənim xasiyyətim elə yaxşı tuturdu ki, elə bilirdim böyük qardaşımdır. Görünən dağa nə bələdçi, oxumağı da göz qarşısındadır. Bu insan öz səsi ilə musiqi mədəniyyətində iz qoyubsa, kiminsə ixtiyarı çatmaz ki, onun ifası haqqında pis danışsın. Mənə elə gəlir ki, əsl sənətkar sözü, bu cür insanlar haqqında deyilsə daha yaxşı olar. Ona görə ki, bu sahədə özündən sonra bir iz qoyub gedib. Yoxsa indi yerindən duran adını sənətkar qoyur. Olmaz axı belə?
Əbülfət kimi xanəndələri qoyub özünə sənətkar demək ayıbdır vallah. Onun bir ifası var e “Eşqimin növrağı” - o ifanı hələ heç kim Əbülfət qədər məlahətli, yanıqlı oxuya bilməyib. Düzdür, oxuyanlar çox olub, amma onun ifası qədər şirin olanı hələ ki yoxdur. İstər ölkə daxilində, istərsə də xaricdə tez-tez qastrol səfərlərində olurduq. Çox əxlaqlı, namuslu insan idi. Onun xasiyyətinə yolda bələd oldum. Adam kimi adam beləsinə deyərlər. Qızıl xasiyyəti var idi, adama bir can deyərdi, inanın, o sözdən sonra ən pis adam da yumşalardı. Düzdür,  məndən böyük idi, ancaq özünü elə aparırdı ki, elə bil mənimlə tay-tuşdur. Eyni zamanda, şən və zarafatcıl insan idi. Uzun müddət Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışıb, həm də səhnəmizin “Məcnun”u olub. Çox az ifaçı var ki, bu işin öhdəsindən məharətlə gəlsin. Əbülfət də o ifaçılardandır ki, səsinin gücü Məcnunu ifa etməyə çatırdı. Əslində güc qalsın bir qırağa, gərək səsdə məlahətlilik olsun. O vaxtı hər adamı da səhnəyə Məcnun kimi, çıxarmırdılar. Gərək səndə o potensialı görsünlər ki, Məcnun olasan”. 


“Ağrı onun içini doğrayırdı, ancaq bunu kiməsə bəlli etməzdi...”

Teymur Mustafayev deyir ki, Əbülfət Əliyev heç vaxt sağlamlığından şikayət etməyib:

“Hələ bir dəfə eşitməzdim deyə ki, filan yeri ağrıyır. Heç vaxt sağlamlığından şikayət etmirdi. Bəlkə də ağrı onun içini doğrayırdı, ancaq bunu kiməsə bəlli etməzdi. Xoşlamırdı ki, kimsə onu bədbin bir aurada görsün. Həmişə üzü gülərdi. Səsinə həmişə fikir verirdi, inanın, adi suyu belə isidib içərdi ki, birdən səsinə nəsə olar. Həmişə xalqını düşünən insan olub, deyirdi ki, “birdən soyuq su içərəm, toyda səsim yaxşı işləməz. Axı bu toyu mənə həvalə ediblər, gərək orda yaxşı oxuyum ki, toy yiyəsi məndən narazı qalmasın”.
Sözün əsl mənasında toya gedəndə canını qoyan sənətkarlardan biri idi. Yola verməklə işi olmazdı. Deyirdi “ya oxu, ya da oxuma! Amma heç vaxt yola vermə, bu kişilikdən deyil”.
Heç vaxt əlinə siqaret almazdı. Yəni az adam tapılar ki, Allahın verdiyi bu cana dəqiq şəkildə qulluq etsin. Ancaq çox təssüf ki, amansız xəstəlik onu bizim aramızdan tez alıb apardı.
Oğlu Rəşid həmişə atası haqqında danışanda deyərdi ki, “atam birdən elə vəziyyətdə olurdu ki, səhərə qədər yata bilmirdi”. Yəni xəstəlik  onu o dərəcədə narahat edirdi.  Hətta deyirdi “ay qaraciyər, sən niyə vəfasız çıxdın, axı sənə görə mən heç vaxt içki içməmişəm. İndi mənə niyə əzab verirsən?”.
Bu sözləri eşidəndə o qədər pis olmuşdum ki, özünü saat kimi qoruyan bir adam amansız xəstəliyə düçar oldu. Nə deyək Allahın qismətinə,  verdiyi canı bir gün də alıb aparır. Allah onun ruhunu şad eləsin, Əbülfətin ruhuna qurban olum. Mən çox sevinirəm ki, sizlər onu yad edirsiniz, yaşadırsınız. Çünki o yaddan çıxılası insan olmayıb, buna görə hər birinizə təşəkkür edirəm”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR