Universitet müəllimlərinə də yaş limiti tətbiq oluna bilər
Əmək Məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən orta ümumtəhsil müəssisələrində çalışmanın yaş həddi 65-dir.
65 yaşına çatmış müəllimin həmin məktəbdə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına isə istisnaları çıxmaq şərti ilə yol verilmir.
Amma ali təhsil müəssisələrində yaşı 70-dən yuxarı olan xeyli insanın çalışdığının şahidi oluruq. Çoxlarını maraqlandıran məqam ali təhsil müəssisələrində çalışmanın yaş həddinin neçə olması ilə bağlıdır.
AzEdu.az məlumat verir ki, Bu, Əmək Məcəlləsinin 4-cü maddəsi ilə tənzimlənir. Qanunvericiliyə görə, əvvəllər universitet müəllimləri üçün çalışmanın yaş həddi nəzərdə tutulsa da, bu, 2017-ci ildə ləğv edilib.
Həmin ildə Məcəllənin 4-cü maddəsinə edilən dəyişiklikdə göstərilib ki, Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrində çalışmanın yaş həddi (65 yaş) elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir.
Qeyd edək ki, məktəbdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.
Məktəbin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Məktəb işçilərinin sayı 100-dən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.
Məktəbdə işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət