Slimfit
  1. BİOQRAFİYA

Ümmügülsüm

Ümmügülsüm
Sakura

Ümmügülsüm - Azərbaycanlı şairə

Ümmügülsüm (Ümmügülsüm Rəsulzadə; 1899—1944) — Azərbaycanlı şairə.

Azərbaycan şairi Ümmügülsüm Sadıqzadə 1899-cu ildə Novxanı kəndində ruhani ailəsində doğulmuşdur. Məhəmmədəmin Rəsulzadənin əmisi qızıdır. Ailəsi uzun müddət M.Ə.Rəsulzadənin ailəsi ilə bir həyətdə yaşamış, sonralar Ümmügülsümün bacısı Ümmülbanu xanım M.Ə.Rəsulzadə ilə ailə həyatı qurmuşdur. Ümmügülsüm 9 yaşından şeir yazmağa başlamışdır. "İqbal”, "Yeni iqbal”, "Açıq söz”, "Qurtuluş”, "Dirilik”, "Məktəb”, "Qardaş köməyi”, "Azərbaycan” və s. qəzet və jurnallarda şeirləri, hekayələri dərc edilmişdir. "Solğun çiçək” hekayəsi "Qurtuluş” jurnalının elan etdiyi müsabiqədə mükafata laiq görülmüşdür. Sonralar jurnalın redaktoru, görkəmli yazıçı Seyid Hüseynlə tanış olmuş, ailə qurmuşdur. Gələcək həyat yoldaşını şəxsən tanımazdan qabaq tez-tez mətbuatda imzasına rast gəlir və həmin dövrdə Azərbaycan qadınlarının azadlığa çıxmasını, hüquqlarının qorunmasını, ictimai işlərdə fəal iştirak etməsini arzulayan Seyid Hüseyn Ümmügülsüm kimi gənc Azərbaycan qadınının bu uğuruna sevinir və onun şəxsiyyəti ilə maraqlanırdı. Çox keçmədən həm Seyid Hüseyni, həm Ümmügülsümün ailəsini yaxından tanıyan Hüseyn Cavid C.Məmmədquluzadənin "Ölülər” pyesi birinci dəfə Bakida səhnəyə qoyulanda teatrda onları tanış edir. Beləliklə Seyid Hüseyn çoxdan bəri maraqlandığı qızı görüb bəyənir. İyirminci illərin keşməkeşli günlərinin başlanmasına baxmayaraq onlar tezliklə evlənib xoşbəxt həyat sürməyə başladılar. Məhəbbət,bir-birini başa düşmək, mənəvi və ədəbi yaxınlıq bütün çətinlikləri aradan qaldırmağa kömək edir. 1918-20 illər Ümmügülsüm yaradıcılığının ən məhsuldar dövrüdür. O, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını sevinclə qarşılamış, şeirlərində xalqımızın milli istiqlala qovuşmasını tərənnüm etmişdir. Bütün başqa xalqlar kimi Azərbaycan xalqının da azad yaşamaq hüququnu müdafiə edən şair, milli istiqlalın qorunmasına çağırış ruhlu əsərlər ("Türk ordusuna”, "Ey türk oğlu!”, "Çəkil, dəf ol!”, "Əsgər anasına”, "Dərdli nəğmə”, "Yurdumuzun qəhrəmanlığına”, "Yollarını bəklədim” və s.) yazmışdır 1920 ci il aprelin 28-də Cümhuriyyətin devrilməsi ilə ələqədar "Hicran” şeirində yazırdı:

Ayrılınca hilal qaşlı yarımdan, Mən yaşlara batdım geymədim əlvan. Düşünüb o yıldız gözləri hər an, Ağlarkən kəndini yorma dedilər. Könül şəkvəsini kimə söyləsin, Qəlbimin dərdini kimlər dinləsin? Səni sevən, sənsiz ömrü neyləsin? Dalınca qoşarkən, varma dedilər... Günəşim bir daha doğmayacaqmı? Vəhşi qaranlığı boğmayacaqmı? Kölgələri şərəf qovmayacaqmı? Sordum ümidini qırma dedilər. "Bayrağım enərkən” şeirində isə deyilir. Yazıq səni Bayrağım, endirdilər, öyləmi? Səni yıxıb devirən o zəhərli ruzigar, O haq yeyən haqsızlar, vəhşilər, tanrısızlar Yanar ocağımı da söndürdülər, öyləmi? Bir röyamı oldu o, gördüklərim, həpisi? Bağlandımı üzümə türk elinin qapısı?

1937 ildə Seyid Hüseyn həbs edildikdən sonra Ümmügülsüm də "xalq düşməni”nin arvadı kimi bir müddət Bayıl həbsxanasında saxlanıldıqdan sonra, Rusiyanın Mordva vilayətinə 7 illik həbs düşərgəsinə göndərilmişdir, əsərləri yasaqlanmışdır. 30-cu illər ədəbi tənqidində Ümmügülsüm Cumhuriyyət dövründə yazdığı şeirlərdən daha çox, "Hicran” və "Bayrağın enərkən” şeirlərinə və M.Ə.Rəsulzadəyə həsr etdiyi "Bən” şeirinə görə "xalq düşməni”, "sosializmin düşməni”, "müsavatçı” kimi ittiham edilmişdir. Bu şeirlər 20-30-cu illərdə Türkiyədə, Azərbaycan siyasi mühacirləri arasında dillər əzbəri olmuş, M.Rəsulzadə mühacirətdə yazdığı əsərlərində onlardan xüsusi bəhs etmişdir. Ümmügülsüm, eyni zamanda, 1937-ci ildə Bayıl həbsxanasında bolşevik rejimini ittiham edən şeirlər yazmış yeganə Azərbaycan şairidir. "Xəzərə xitab” şeiri bu cəhətdən səciyyəvidir. Şair dənizə müraciətlə yazırdı:

Darmadağın eylə dalğalarınla
Bizi dar divara alan qalanı.
Heçliklərə sovur nalələrinlə
Çıxılmaz tilsimə salan qalanı.
Nəymiş təqsirimiz, neyləmişik biz?
Bunu sən sual et, mənim dilim yox.
Hansı xəyanətin şərməndəsiyiz?
Bunu sən sual et, mənim dilim yox.

Ümmügülsüm 7 ildən sonra Bakıya dönsə də, onun burada yaşamasına icazə verilməmiş, Şamaxıya sürgün olunmuş və orada vəfat etmişdir. Qızı Qumral Sadıqzadə atası Seyid Hüseynə həsr olunmuş "Son mənzili Xəzər oldu” romanının 2-ci hissəsində Ümmügülsümdən də geniş bəhs etmişdir. Qızı Qumral atasının yolu ilə gedib, yazıçıdır. Oğlanları Oqtay və Toğrul (vəfat edib) dünyada tanınmış rəssamlardır. Digər oğlu Çıgatay isə fəhlə batalyonundakı ağır katorqa işləri nəticəsində vərəm xəstəliyinə tutulub, 24 yaşında vəfat edib.

Məhəmməd Əmin Rəsulzadənin əmisi oğlu, tanınmış yazıçı Seyid Hüseynlə evli olmuşdur. Həyat yoldaşı ilə birlikdə repressiya qurbanı olmuşdur.

 

Şeirləri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR