UEFA milli komandanın bilərəkdən çox top buraxdığını düşünür: Araşdırma başlayıb
Futbol üzrə gənclərdən ibarət milli komandamızın (U-21) fransızlara 0:5 hesablı məğlubiyyəti söz-söhbətə səbəb olub. UEFA bizim komandanın bilərəkdən çox top buraxdığını düşünür.
Bizimyol.info xəbər verir ki, bununla bağlı araşdırma başlayıb. Məsələ haqda idman jurnalisti Anar Xanlarov da “Facebook” hesabında yazıb. Onun yazdığına görə, komandamızın qapısından 4-dən çox top buraxmasına bukmeyker kontorlarında 200 min dollar yatırılıb. Belə böyük məbləğ UEFA-da şübhə yaradıb. AFFA-nın qarşısında məsələni araşdırmaq tələbi qoyulub.
Ümumiyyətlə, UEFA-nın yüksək və birinci divizionlarımızdan gözü su içmir. Beynəlxalq futbol təşkilatı bizim çempionatlarda çoxlu oyun alveri olduğunu düşünür. Xüsusilə birinci divizionla bağlı xeyli araşdırma aparılıb. Bəzi klublar oyun alverinə görə futboldan kənarlaşdırılıb. Hətta cəza alan oyunçular da olub.
Azərbaycan UEFA-nın oyun alveri ilə bağlı təbliğat seminarı keçirdiyi bir neçə ölkədən biridir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət