UEFA Çempionlar Liqasının ikinci finalçısı məlum olub
Mayın 8-də UEFA Çempionlar Liqasının ikinci yarımfinal mərhələsinin cavab qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, Hollandiyada baş tutan görüşdə “Ayaks” İngiltərənin “Tottenhem” klubunu qəbul edib. Səfərdə 1:0 hesabı ilə “Tottenhem” klubunu məğlub edən hollandiyalılar ilk dəqiqələrdən rəqibin qapısı önündə bir neçə təhlükəli vəziyyət yaradıb. Matçın 5-ci dəqiqəsində “Ayaks” hesabı açmağa nail olub. Küncdən zərbəni komandanın gənc kapitanı M.De Ligt dəqiq baş zərbəsi ilə tamamlayıb - 1:0. Qoldan sonra müdafiədən əks hücumlara çıxmağa çalışan “Ayaks” 35-ci dəqiqədə ingilisləri yenidən meydanın mərkəzinə dəvət edib. Hakim Zireş adını tabloya yazdırıb - 2:0. Birinci hissə Amsterdam təmsilçisinin üstünlüyü ilə başa çatıb.
Qarşılaşmanın ikinci hissəsində “Tottenhem” tamam fərqli oyun nümayiş etdirib. Görüşün 55-ci dəqiqəsində sürətli hücum quraraq hesab arasındakı fərqi bir topa endiriblər. Lukas Maura qapıçı ilə təkbətək mübarizədən qalib ayrılıb - 2:1. Dörd dəqiqə sonra Lukas Maura dublun rəsmiləşdirib - 2:2. Matçın 95-ci dəqiqəsində “Tottenhem” klubunun sonuncu hücumu qolla nəticələnib. Lukas Maura uzaq məsafədən dəqiq zərbə vurub - 2:3.
Beləliklə, “Tottenhem” finalda “Liverpul” klubu ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqasının final görüşü iyunun 1-də Madridin “Metropolitano” stadionunda təşkil olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət