Türkiyənin siyasi partiyaları Ermənistanı qınayıb
"Beynəlxalq birliyi lazımlı reaksiya göstərməyə dəvət edirik"
Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Süreyya Sadi Bilgiç, Baş Məclisdə, AKP, CHP, MHP və İYİ Parti qrupu millət vəkillərinin Ermənistanın Azərbaycana hücumu ilə əlaqədar imzaladığı ortaq bəyanatı oxuyub:
"Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Tovuz bölgəsi tərəfindən avqustun 12-dən başlayaraq şiddətli şəkildə hücuma keçməsini Türkiyə Böyük Millət Məclisi olaraq qətiyyətlə pisləyirik."
Bəyanatda deyilir: "Ermənistan yalnış yoldadır. İllərdir Dağlıq Qarabağ və ətraf bölgələrdə Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın məlum təcavüzkar münasibəti üçün yeni bir nümunə təşkil edən bu hücumlar Cənubi Qafqazda davamlı sülh və sabitliyə ən böyük əngəldir.
Beynəlxalq ictimaiyyəti hüquq və qanuna məhəl qoymayan Ermənistanın bu davranışına lazımi reaksiya göstərməyə dəvət edirik. Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq səviyyədə tanınmış sərhədləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə dəstəyimizi bir daha bəyan edirik.
Ermənistan BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarlarına əməl etməli və işğal etdiyi Azərbaycan ərazisindən çıxmalıdır.
“İki dövlət, bir millət” anlayışı ilə hər zaman sülh və sabitliyin tərəfdarı olan Türkiyə, bundan sonra da ərazi bütövlüyünün bərpası səylərində Azərbaycanın yanında olmağa davam edəcək.
Bu vəsilə ilə dost və qardaş Azərbaycan xalqına və hökumətinə azərbaycanlı şəhidlərimiz üçün başsağlığı verir, yaralıların ən qısa zamanda sağalmalarını arzulayırıq. "
Bəyanatın oxunmasının ardından Baş Məclisin salonunda olan millət vəkilləri alqışlarla bu bəyanata dəstəyini bildirib.
Mənbə: Realtv.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət