Türkiyənin “Apple” Qərarının İqtisadi Təsirləri
Türkiyə Cumhuriyyəti prezidenti Rəcəb Tayyib Ərdoğanın “ABŞ-nın elektronik məhsullarına biz boykot tətbiq edəcəyik. Onların İphone varsa digər tərəfdə Samsung var, Venüs və Vestel var” sözlərinin ardından Türkiyədə diqqətlər telefon bazarındakı vəziyyətə çevrildi.
“Apple” İphone ilk modelini 2007-ci ildə təqdim etmişdir. Türkiyədə isə 2008-ci ilin sonunda satışa təqdim olunmuşdur. Ötən zaman kəsiyində dünya miqyasında İphone satışları 1.3 milyard ədədi keçmişdir, Türkiyədə isə İphone istifadəçilərinin sayı 10 milyon nəfərə çatmışdır.
“Statcounter” adlı araşdırma şirkətinin statistik hesablamalarına görə, Apple-ın İphone ilə bazar payı 19.4%, Cənubi Koreyalı “Samsung” şirkətinin bazar payı isə 30.7% təşkil edir. “Apple”ın Türkiyədə bazar payı 16.5%, “Samsung”un bazar payı isə, 52.7% təşkil edir.
“Statcounter” şirkətinin analizinə görə, Türkiyədəki mobil cihaz bazarında “Samsung” və “Apple”ı 5% bazar payı ilə “General Mobile”, 5.2% bazar payı ilə “LG”, 4.9%-lik bazar payı ilə “Huawei” və 2%-lik bazar payı ilə “Vestel” izləyir.
Türkiyədə 2018-ci il birinci rüb Hesabatına görə, Türkiyədə ümumi abunəçi sayı 79 milyon, ağıllı telefon istifadəçilərinin sayı bu sayın 70%-ni təşkil edir. Bu statistikanı nəzərə alaraq qeyd etmək mümkündür ki, Türkiyədə Apple istifadəçilərinin sayı 10 milyon nəfərdən çoxdur. İl ərzində ortalama 12 milyon ədəd mobil telefon idxal edən Türkiyə, xaricdən toplam 142 milyon ədəd mobil telefon idxal etmişdir. Bu telefonlar üçün 10 il ərzində ödənən toplam məbləğ 24 milyard dollar təşkil edir. Yalnız İphone üçün ödənilən məbləğ 7 milyard təşkil edir. Buradan irəli gələrək qeyd etmək mümkündür ki, “Apple” ölkədə idxal olunan mobil telefonların 29% bazar payını əldə etmişdir.
Türkiyə Ticarət Nazirliyi Hesabatlarına görə, ABŞ-ın ən çox məhsul ixrac etdiyi ölkələr sırasında Türkiyə təxminən 9.8 milyard dollarla dünyada 28-ci yerdədir. ABŞ-ın əsas ixrac məhsullarını sənaye və texnoloji məhsullar təşkil edir. ABŞ-ın ixracatında Türkiyə elə də böyük paya sahib olmadığı üçün bu boykot qərarı ABŞ iqtisadiyyatına çox böyük təsiri olmayacaqdır.
Türk Amerikan İş Adamları Dərnəyinin rəhbəri Əli Osman isə prezident Ərdoğanın çağırışının “yerli və milli məhsulların istifadəsinin artırılması və ixracatın ön plana çıxarılması” şəkilində izah etmək lazım olduğunu deyir:
“Yerli istehsalımızı artırıb ixracata istiqamətlənməliyik. Eyni zamanda, ölkə daxilində yerli və milli məhsulları seçməliyik. Xaricdən valyuta ilə alınan hər məhsuldan daha keyfiyyətlisini istehsal edib satmalıyıq. Beləliklə, yerli məhsulların istifadəsi və keyfiyyətini artırmış olarıq”.
Lakin, hal-hazırda xarici elektronik məhsullardan bu formada imtina etmək qeyri-mümkündür. Blomberg araşdırmaçısı Lanxon məsələ ilə əlaqədar olaraq, “Vestel Venüs cihazlarının istehsalı zamanı, çip istehsalçısı Qualcomm tərəfindən istehsal edilən çiplər və bir neçə digər hissəsi Amerikan şirkətləri tərəfindən istehsal edilən ehtiyat hissələri istifadə olunur.
Vestel telefonlarının öz işləmə sistemi yoxdur. Analitiklər Vestel telefonlarının 1 trilyon dollarlıq bazar dəyərinə sahib olan “Apple” ilə rəqabət etməsinin qeyri-mümkün olduğunu bildirirlər.
Proqnozlaşdırmaq mümkündür ki, Ərdoğanın bu açıqlaması Vestel səhmlərində ciddi bir yüksəlişə səbəb oldu və olmağa davam edəcəkdir. “Vestel Elektronik Sənaye və Ticarət A.Ş” səhmləri, açıqlamanın ardından 7% artımla 8.57 liradan 8.94 liraya qədər yüksəldi. Hesab edirəm ki, Türkiyədə istehlakçılar ölkə daxilində istehsal olunan və ABŞ istehsalı olmayan məhsullara doğru yönləndiriləcəklər. Yerli elektronik məhsul bazarında önə çıxan ilk marka isə Ərdoğanın qeyd etdiyi Vestel oldu. Bu isə onu deməyə əsas verir ki, Vestel səhmləri yüksəlişini davam etdirəcəkdir.
Jamid Movsumov
Biznesin inkişafı eksperti
Mənbə: Moneta.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət