Slimfit
  1. CƏMİYYƏT

Türkiyədəki tələbələrimiz niyə passivdir?

Türkiyədəki tələbələrimiz niyə passivdir?
Sakura

Türkiyədəki tələbələrimiz niyə passivdir?

Politoloq Elxan Şahinoğlu Türkiyənin Burdur və Dənizli Universitetlərində 8-12 oktyabr tarixlərində təşkil olunan konfranslarda iştirak edib.

Qeyd edək ki, hər iki konfransın mövzusu Ermənistanın işğal siyasəti ilə bağlı olub. E. Şahinoğlu konfranslarda sırf Dağlıq Qarabağ münaqişəsinə və bunun bölgəyə təsirinə həsr olunmuş məruzələrlə çıxış edib. Məruzələrdə bölgədə marağı olan dövlətlərin münaqişəyə baxışları da yer alıb. Toplantıya Türkiyənin erməni məsələsini araşdıran tanınmış mütəxəssisləri də dəvət olunub.

Politoloq Türkiyədəki müşahidələrini Redaktor.az-la bölüşüb.

E. Şahinoğlu qeyd edib ki, konfransda Türkiyənin regional siyasəti barədə də maraqlı məruzələr dinləyib:

“Fərəhləndirici haldır ki, çıxış etdiyimiz zallar dolu idi, müəllim və tələbələr məruzələrimizi diqqətlə dinləyirdilər. Ancaq təəssüf etdiyim hal da oldu. Bu iki universitetdə Azərbaycanın dərdinə aid olan konfranslarda yalnız Spartadan bir tələbəmiz– Şahməran Mahmudov qatıldı. Burdur və özəlliklə də Dənizlidə çoxsaylı gənclərimizin təhsil almasına baxmayaraq konfransımıza gəlmədilər. Türkiyədə təhsil dalınca gedən bir qrup tələbəmizin heç nəyə maraq göstərmədiyini mənə söhbət etdiyim yerli müəllimlər də dedilər. Məyus oldum.

Digər tərəfdən konfranslarda iştirak mənə Türkiyənin təhsil sistemindəki müsbət və mənfi məqamları öyrənməyə imkan yaratdı. Son illərdə Türkiyənin ən kiçik şəhərində də universitetlər tikilib, istifadəyə verilib. Türkiyə universitetlərindən birinin dekanı bizimlə söhbətdə qeyd etdi ki, bunun müsbət tərəfi ilə yanaşı mənfi tərəfi də var. Belə ki, universitetlər çoxalır, ancaq ali təhsilli gənclərin çoxalması ilə işsizlərin sayı da artır. Dekanın tənqidi qeydlərinə baxmayaraq, hər şəhərcikdə universitet həmin yaşayış məntəqələrinin canlanmasına səbəb olub. Məsələn, Burdurda Universitet olmasa, şəhər iqtisadiyyatında ciddi problemlər olar. Tələbələr Burdurda mənzilləri kirayə götürürlər, kafeləri doldururlar, alış-veriş edirlər. Eyni mənzərəni Çanaqqala şəhərində də görmüşdüm. Çanaqqala da əsl tələbə şəhəridir. Şəhərin iqtisadiyyatı tələbələrin hesabına ayaq üstə dayanır”.

Politoloq qeyd edib ki, Türkiyə universitetlərində də Azərbaycanda olan bəzi mənfi halların şahidi olub:

“Mən il yarım Bakıdakı universitetlərin birində dərs dedim. Bu müddətdə dərsə kitabla gələn bir tələbə görmədim, nazik dəftəri büküb, şalvarın arxa ciblərinə qoyaraq, dərsə gəlirdilər, tələbələrə kurs işi yazdırmaq üçün çantamda kağız və qələm daşıyırdım. Təəssüf ki, oxşar mənzərəni Türkiyədə də müşahidə etdim. Burdur və Dənizli Universitetlərinin koridorlarında və kampuslarında çox az sayda tələbənin əlində kitab gördüm, söhbətlərinə kənardan diqqət yetirdim, çoxu dərsdən başqa hər şeydən danışırdı. İkincisi, oğlanlarla yanaşı qızların da kütləvi şəkildə siqaret çəkdiklərini müşahidə etdim”.

E. Şahinoğlu Türkiyədə Azərbaycanla bağlı konfrans keçirməyə ehtiyac olmadığı ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib:

“Mən bir daha əmin oldum ki, belə konfranslara Türkiyədə də ehtiyac böyükdür. Əlbəttə, Türkiyənin orta və yaşlı nəsli Ermənistanın işğalı ilə bağlı məlumatlıdır. Ancaq Türkiyənin gənc nəslinə də bölgəmizdə baş verən hadisələr barədə məlumatlar və suallarına cavab verməyə ehtiyac var. Digər tərəfdən bu cür konfranslar vasitəsilə Ermənistan və Dağlıq Qarabağ mövzusunda araşdırma aparan mütəxəssislər bir araya gəlir, informasiya və araşdırmaları ilə bölüşürlər. Mən tədqiq etdiyim mövzuyla bağlı nəsə yeni fakt öyrənirəm, məndən də nəsə yeni fakt öyrənirlər. Ona görə bu cür konfransların keçirilməsi zəruridir. Türkiyəli mütəxəssislərin də Azərbaycana dəvət olunmalarına ehtiyac var. Məsələn, bölgəmizi araşdıran elə türkiyəli mütəxəssislərlə görüşdüm ki, hələ Azərbaycanda olmayıblar. Özbaşına necə gəlsinlər? Gərək biz onları dəvət edək, Türkiyədə olduğu kimi bizim universitetlərdə konfrans və seminarlar təşkil edək. Başqa bir gedişatdan da məyus oldum. Burdur və Dənzili şəhərlərinin bələdiyyələrində və valiliklərində yüksək səviyyəli görüşlərimiz oldu. Azərbaycana könüldən bağlı insanlardır. Dənizlidə böyük bir Xocalı parkı açılıb. Bu şəhərlər Azərbaycanın müxtəlif şəhərləri ilə əməkdaşlıq etmək istəyirlər. Məsələn, Burdur bələdiyyəsi Şəki şəhəri ilə qardaşlaşmaq istəyir. Ancaq bununla bağlı Şəki icra hakimiyyətinə göndərdikləri məktubdan uzun müddətdir cavab ala bilmirlər. Burdur bələdiyyəsində bizə dedilər ki, Şəkidə Burdur evinin, Burdurda isə Şəki evinin açılmasının tərəfdarıdırlar. Ancaq bu istək olaraq qalır”.

Politoloq vurğulayıb ki, Azərbaycanda turizmin inkişafını istəyiriksə, Türkiyənin müxtəlif şəhərləri ilə sazişlər imzalamaqda birinci növbədə özümüz maraqlı olmalıyıq:

“Dənizlidə bizə bu şəhərin qardaş olduğu şəhərləri sadaladılar. Bu sırada Fransadan tutmuş Cənubi Koreyaya qədər şəhərlər var idi, bircə Azərbaycandan bir şəhər yoxdur. Doğrusu, iki qardaş ölkə arasında təyyarə biletlərinin baha olmasını da anlamıram. Gəliş-gedişə mane olan səbəblərdən biri də budur. Sonra da deyirik ki, niyə erməni lobbisi təbliğatda güclüdür. Biz qardaş ölkədə passiviksə, gör başqa ölkələrdə nələr baş verir. Türkiyədə olduğum yerlərdə ən çox millət vəkilimiz Qənirə Paşayevanın adı çəkilirdi. Onu hamı tanıyır. Çünki fəaldır, Türkiyədə hara gedirsə, erməni işğalından, Xocalı soyqırımından danışır. Elə Türkiyənin bir çox yerində salınan Xocalı parklarına və abidələrinə görə Qənirə Paşayevaya minnətdar olmalıyıq”.

E. Şahinoğlu qeyd edib ki, Türkiyənin Suriyada hərbi əməliyyata başlaması xəbərini konfransda alıb:

“İnsanların bu əməliyyata necə reaksiya verdiklərini yerindəcə müşahidə etdim. Türk mehmetciyinə qələbə arzulayan Türkiyə vətəndaşları qanları bahasına olsa belə, terrora zərbə vurulmasının vacibliyini bildirirdilər. Əlbəttə asan olmayacaq. Bunu iştirak etdiyim konfranslarda söhbət etdiyim türkiyəli siyasi ekspertlər də etiraf etdilər. Ancaq həmin ekspertlər sözlərinə onu da əlavə etdilər ki, Türkiyənin başqa alternativi qalmamışdı, əməliyyat başlamasaydı, PKK uzantıları Türkiyə ilə sərhədin tamamını ələ keçirəcəkdilər. Türkiyənin hər yerində bir cümləni eşitmək olar: “Türkiyəmiz güclüdür və bizi kimsə təhdid edə bilməz”. Qardaş ölkənin siyasi dairələri və cəmiyyəti Türkiyənin Suriya əməlliyyatına verdiyi dəstəyə görə Azərbaycana minnətdar olduqlarını söyləyirdilər. Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu müsahibəsində Can Azərbaycanın Türkiyənin hərbi əməliyyatını dəstəkləyən tək-tük ölkələrdən biri olduğunu xüsusi vurğuladı. Başqa cür ola da bilməz”.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR