Türkiyə Rusiyadan qaz idxalını kəskin azaldıb
Bu ilin fevral ayında Türkiyə Rusiyadan 628 mln. kubmetr qaz idxal edib ki, bu da 2019-cu ilin fevralı ilə müqayisədə, demək olar, 2 dəfə azdır.
"APA-Economics"in Rusiyanın Federal Gömrük Xidmətinə istinadən verdiyi məlumata görə, ötən ilin fevralında Türkiyə Rusiyadan 1 239 mln. kubmetr qaz idxal edib, bu ilin yanvarında isə bu göstərici 2 090 mln. kubmetrə bərabər olub.
Məlumata əsasən, Türkiyə Rusiyadan qaz idxalını kəskin şəkildə azaldır, Azərbaycandan isə qaz tədarükünü artırır. 2017-ci ildə Türkiyə Rusiyadan 29 mlrd. kubmetr, 2018-ci ildə – 24 mlrd. kubmetr, 2019-cu ildə – 15,5 mlrd. kubmetr qaz idxal edib.
Qeyd edək ki, Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK)məlumatına əsasən, ötən il Türkiyə Azərbaycandan 9,58 mlrd. kubmetrdən artıq qaz idxal edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 27,2% çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yeri tutur. Türkiyə 2018-ci ildə Azərbaycandan 7,53 mlrd. kubmetrə yaxın qaz idxal edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət