Slimfit
  1. GÜNDƏM

Türkiyə Azərbaycanı niyə dəstəkləyir? – SEPAH-a bağlı nəşrə görə, bunun 5 əsas səbəbi var

Türkiyə Azərbaycanı niyə dəstəkləyir? – SEPAH-a bağlı nəşrə görə, bunun 5 əsas səbəbi var
Sakura

Türkiyə Azərbaycanı niyə dəstəkləyir? – SEPAH-a bağlı nəşrə görə, bunun 5 əsas səbəbi var

Türkiyənin Müdafiə Sənayesinin yüksək vəzifəli rəsmisi Azərbaycan və Naxçıvan MR-nın hərbi rəhbərliyilə görüşdə ölkəsinin bütün hərbi imkanlarının Azərbaycanın əmrində olduğunu bildirib.

İran İslam İnqilabı Keşikçilərinə (SEPAH) bağlı yarı-rəsmi media qurumu “Tasnimnews” bu məlumatı yayıb.

Nəşrin “Qafqazda gərginlik: Türkiyə Azərbaycanı niyə dəstəkləyir?” sərlövhəli məqaləsində bildirilir ki, Azərbaycan və Ermənistanın rəhbərləri İlham Əliyevlə Nikol Paşinyanın son Davos İqtisadi Forumu çərçivəsində görüşü tərəflərin tədricən dialoq yoluna qədəm qoyacağına, son bir neçə onilliklər ərzində davam edən problemlərin həllini tapacağına ümidləri var idi:

“Ancaq son günlər yaranmış vəziyyət danışıqlar və razılaşma üçün əlverişli zəmin olmadığını göstərir və əksinə, gərginlik və qarşıdurmanın davam etməsinə yol açır”.

Məqalədə iki qardaş ölkənin ortaq strateji maraqlarından bəhs edilib və rəsmi Ankaranın Azərbaycanı açıq şəkildə dəstəkləməsinin səbəbləri bir neçə amillə əlaqələndirilib

“1. Soydaşlıq anlayışı. Türkiyə üçün çox əhəmiyyətlidir və Ankara daha əvvəl İraq və Suriyadakı türkmənlərə münasibətdə də eyni yanaşmanı ortaya qoymuşdu.

2. Türk Şurası Ankara üçün xüsusi əhəmiyyət kəsb edir və bu Şurada o, Azərbaycanın dəstəyilə Orta Asiyada çox dividentlər əldə edib.

3. “Bir millət, iki dövlət” sadəcə, şüar deyil və Türkiyə cəmiyyətinin əhəmiyyətli hissəsinin Azərbaycanın taleyinə biganə olmadığı danılmaz faktdır.

4. Türkiyə ilə Ermənistan arasındakı tarixi gərginlik və münaqişələr çox vacib təsirli amildir.

5. Azərbaycan qaz ixrac edən mühüm ölkə kimi,  TANAP layihəsilə Türkiyənin tərəfdaşına çevrilib və bunun müqabilində Bakı Türkiyədən silah da alır”.

Məqalədə həmçinin qeyd olunub ki, silahlı toqquşmaların başladığı ilk dəqiqələrdən Türkiyə rəhbərliyi və siyasətçiləri öz mövqeyini ortaya qoyaraq, Azərbaycana tam dəstək nümayiş etdiriblər. Bundan başqa, Azərbaycana dəstək dalğası Türkiyədə virtual məkanı da bürüyüb. Eskişehirdə yüzlərlə Türkiyə vətəndaşı Ermənistan ordusunun Azərbaycanın mövqelərinə hücumuna etiraz olaraq küçələrə çıxıb. Əllərində Azərbaycan və Türkiyə bayraqlarını tutan etirazçılar Ermənistanın əleyhinə şüarlar səsləndiriblər.

Türkiyə parlamenti də məsələyə dərhal reaksiya verib və parlamentdəki hakim və müxalifət partiyaları – PKK-ya tabe olan Xalqların Demokratik Partiyası (HDP) istisna olmaqla – Azərbaycana dəstək bəyanatı yayıblar. Bəyanatda deyilir: “Ermənistan ordusunun Azərbaycanın Tovuz bölgəsində yerləşən mövqelərinə hücumunu qətiyyətlə pisləyirik. Ermənistan səhv yoldadır. Bu hücumlar Ermənistanın təcavüzkar yanaşmasının yeni nümunəsidir. Ermənistan uzun illərdir Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf əraziləri işğal altında saxlayır. Bu, Cənubi Qafqazda davamlı sülh və sabitliyə ən böyük maneədir. Biz Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh yolu ilə həllinə dəstəyimizi bir daha bəyan edirik”.

Türkiyəli analitiklər hesab edir ki, HDP bu bəyanatı imzalamamaq haqda göstərişi PKK rəhbərliyindən alıb. Çünki Ermənistan hər zaman PKK-nın tərəfdarı olub və bu qruplaşmaya RPG raketləri və qabaqcıl döyüş sursatları ötürməklə yanaşı, öz sərhədləri daxilində PKK qüvvələrinə təlim imkanı belə, verir.

Partiyanın Türkiyə parlamentdəki təmsilçisi Sarıhan Oluç isə məsələyə belə aydınlıq gətirib: “Ermənilərlə azərbaycanlıların sülhə və dostluğa hava-su kimi ehtiyacları var. Bizim və ətraf ölkələrin vəzifəsi danışıqlara vasitəçilik etmək olmalıdır, münaqişə tərəflərindən birinin yanında olmaq deyil”.

Siyasi dəstəkdən hərbi dəstəyədək

Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Rəcəb Tayyib Ərdoğan da Ermənistanla Azərbaycan arasındakı qarşıdurmanın ilk saatlarından Bakıya dəstək mövqeyi nümayiş etdirib. O açıq şəkildə bəyan edib ki, Ankara hər zaman Azərbaycanın hüquqlarına və ərazisinə hücumlara qarşı çıxacaq: “Ağır silahlardan istifadə olunmaqla edilən sistematik hücumların miqyası göstərir ki, bu, Azərbaycana qarşı təcavüzdür və qəsdən həyata keçirilib. Bu, Ermənistanın boyunu və həddini aşan hücumlardır və onların məqsədi Dağlıq Qarabağa gedən yolu bağlamaq, münaqişə üçün yeni əsaslar yaratmaqdır. Öz sərhədləri daxilində bir çox problemi həll edə bilməyən bir ölkənin belə addım atması erməni xalqına hörmətsizlikdir”.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıya dəstəyini bildirib və bunu kifayət qədər sərt tonda edib. O, bildirib ki, Azərbaycan Ermənistana lazımi cavabı verib.

Türkiyənin müdafiə naziri general Hulusi Akar isə daha kəskin mövqe sərgiləyərək, qisas və intiqam haqqında danışıb. O, Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirovla görüşdə deyib: “Ermənilər törətdikləri təxribat yükünün ağırlığı altında qalaraq, məhv olacaqlar. Heç şübhəsiz, bu əməlləri onlara baha başa gələcək”.

Türkiyə KİV-nin məlumatına görə, bu ölkənin Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcıları qarşıdurmanın yarandığı bölgədə uçuşlar həyata keçirərək, faktiki, Ermənistanı təhdid edib. Türkiyə Müdafiə Sənayesinin yüksək vəzifəli rəsmisisə Azərbaycan və Naxçıvanın MR-nin hərbi rəhbərliyilə görüşdə Türkiyənin bütün hərbi imkanlarının Azərbaycanın əmrində olduğunu bildirib.

Türkiyə Müdafiə Sənayesinə rəhbərlik edən İsmayıl Dəmir Azərbaycan tərəfilə görüşdükdən sonra yazıb: “PUA-lardan tutmuş, qabaqcıl döyüş sursatları, raketlər və elektron müharibə sistemlərinə qədər – bütün müdafiə sənaye imkanlarımız, bilik, təcrübə və hərbi gücümüzlə birlikdə hər zaman Azərbaycanın əmrindədir. Dünya bilsin ki, biz həmfikirik və bir-birimizin yanındayıq”.

Türkiyənin ultrasağçı Millətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı və İyi Partiyanın rəhbəri Meral Akşener – yəni Ərdoğanın tərəfdarı və ona müxalif olan siyasi partiyalar da Azərbaycana dəstək veriblər.

Türkiyənin ən böyük müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu isə daha mülayim tonda danışıb. O, Azərbaycan xalqına başsağlığı verərək, onunla həmrəyliyini ifadə etsə də, danışıqlar və müzakirədən də söz açıb. Əvəzində, ultrasağçı Böyük Birlik Partiyasının lideri Mustafa Dəstci  olduqca kəskin ritorikadan istifadə edərək, Ermənistanın hücumlarını pisləyib və Azərbaycana dəstəyini ifadə edib.

Baş verənlər fonunda “Twitter” sosial şəbəkəsində bir neçə trend və həştəqlərlə aşağıdakı şüarlar yayılıb:

– “Qurdlar pusquya düşdükdə, xilas deyil, qisas haqqında düşünür!”

– “Turana doğru!”

– “Canımız can Azərbaycana fəda olsun!”

– “Qarabağ bizimdir!”

– “Azərbaycan tək deyil”.

Türkiyənin siyasi-iqtisadi maraqları

Türkiyənin rəsmi “Anadolu” Xəbər Agentliyi ekspertlərə istinadən yazır ki, Ermənistan təkcə Azərbaycana deyil, həm də dolayısı ilə Türkiyəyə zərər vermək niyyətindədir. Çünki sərhədyanı Tovuz rayonu Azərbaycanla Türkiyə arasında nəqliyyat və enerji nəqli marşrutu üzərində yerləşdiyindən, strateji əhəmiyyətə malikdir. Tovuza hücumun səbəblərindən biri də nəqliyyat və enerji nəqli xətlərini nəzarətə almaq üçün bəzi strateji yüksəkliklərin ələ keçirilməsi idi. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Cənubi Qafqazdan başlayan Transanadolu təbii qaz boru kəməri layihəsi (TANAP) məhz Tovuzdan keçir. Həmçinin, Azərbaycanı Gürcüstan vasitəsilə Türkiyə ilə birləşdirən yol da məhz bu marşrutda yerləşir.

Ankaradan Azərbaycana dəstək dalğası fonunda bəzi Türkiyə vətəndaşları sual edir ki, Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətini tanımadığı halda, nə üçün Türkiyə Azərbaycana bu qədər dəstək verməlidir?

Azərbaycan strateqləri isə bu sualı nəzakətlə cavablandırırlar: “Biz Şimali Kipri tanısaq, ən azı, 15 ölkə hərəkətə keçərək Dağlıq Qarabağı tanıyacaq. Bizim belə səhv etməmizi nə Türkiyə, nə də Şimali Kipr istəyər”. 

Mənbə: Ovqat.com  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR