Slimfit
  1. DÜNYA

Türkiyə-ABŞ ticarət müharibəsi: Qalib bəllidir

Türkiyə-ABŞ ticarət müharibəsi: Qalib bəllidir
Sakura

Ekspert ABŞ və Türkiyənin qarşılıqlı sanksiyalarını şərh edib

"Hazırda ABŞ hökumətinin apardığı xarici ticarət siyasətinin nəticələri göz qabağındadır. Dünyada liberal ticarət anlayışında artıq ciddi problemlər ortaya çıxmaqdadır. Hətta buna ticarət savaşları adı da verilir".

Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov ABŞ və Türkiyənin qarşılıqlı sanksiyalarını şərh edərkən deyib.

Onun sözlərinə görə, bənzər proseslər təkcə Türkiyə ilə deyil, Rusiya, Çin, Avropa İttifaqı ölkələri və digərləri ilə yaşanmaqdadır: "Bu, son nəticədə ABŞ-ın özünün ticarətinə də mənfi təsirlər göstərəcək. Amma ABŞ-ın üstünlükləri var. Bu ölkənin iqtisadiyyatı kifayət qədər şaxələndirilib. Türkiyə ilə xarici ticarətin strukturunda da ABŞ yenə üstün mövqeyə malikdir. ABŞ-ın Türkiyədən idxal etdiyi məhsullarla Türkiyəyə ixrac etdiyi məhsullar arasında 5 dəfəyə yaxın fərq var. Eyni zamanda Türkiyənin ABŞ-a ixracının həcmi ABŞ-ın ümumi idxalının strukturunda 0,6 faiz təşkil edir. Bu, ABŞ üçün kifayət qədər kiçik rəqəmdir". 

O bildirib ki, birbaşa olaraq Türkiyə kontekstindən məsələyə baxsaq, hazırda zərərçəkmiş tərəf kimi Türkiyə görünür: "Türkiyə bu istiqamətdə ciddi çətinliklər ilə üzləşəcək. Amma buna baxmayaraq, tendensiya ondan ibarətdir ki, ABŞ hökumətinin atdığı addımlara qarşı digər ölkələrin hökumətləri də adekvat cavablar ortaya qoyurlar. Düşünürəm ki, uzunmüddətli dövrdə bu cavabların nəticəsi ABŞ hökumətinin müəyyən qədər yumşaq xarici ticarət siyasəti həyata keçirməsinə gətirib çıxara bilər. Amma bu prosesin böyüməsi Avropa İttifaqının burada hansı mövqeyi ortaya qoymasından daha çox asılı olacaq".

Ekspertin fikrincə, ABŞ-Türkiyə iqtisadi münasibətləri kontekstində Türkiyə burada, əsasən, itirən tərəflərdən biridir: "Türkiyənin, xüsusilə elektrotexnika bazarında əsas təchizatçılardan biri ABŞ hesab olunur. Bu ölkədə daha çox beyin məhsulları, daha innovativ müasir texnologiyalar istehsal olunur. Hazırda bunlar istehsalatda və iqtisadiyyatın müxtəlif sektorlarında geniş istifadə olunur. Son nəticədə bu məhsulları ölkəyə gətirmək məcburiyyətində qalan türkiyəli sahibkarlar, biznes subyektləri çox ciddi maliyyə itkiləri ilə üzləşəcəklər. Çünki bəzi hallarda bu məhsulların adekvatı yoxdur və ya olsa belə, rəqabətli deyil. Daha keyfiyyətli istehsal mühitinin formalaşması, iqtisadi fəaliyyətin həyata keçirilməsi üçün bu məhsulların idxalı zəruri xarakter daşıyır". 

Onun qənaətincə, eyni zamanda Türkiyənin özünün tətbiq etdiyi sanksiyalardan qaynaqlanan türkiyəli sahibkara bir zərər formalaşacaq: "Amma qısamüddətli dövrdə Türkiyədən valyuta axınları müəyyən qədər məhdudlaşa bilər. Yəni ABŞ-dan idxalın azalması Türkiyədən çıxan vəsaiti müəyyən qədər məhdudlaşdıra bilər. Bu da daxili bazarlarda tədiyyə balansının strukturunun nisbətən tənzimlənən istiqamətə yönəlməsini şərtləndirə bilər".

İqtisadçının sözlərinə görə, amma istənilən halda qarşılıqlı sanksiyalar növbəti dövrlərdə Türkiyənin maliyyə bazarlarından investisiya qaçışını şərtləndirə bilər: "Hazırda bu proses gedir və daha da dərinləşə bilər. Türkiyə iqtisadiyyatına xarici yatırımların həcmi əhəmiyyətli səviyyədə azala bilər. Bu isə son nəticədə, həmçinin valyuta daxil olmasıdır. Beləliklə, qarşılıqlı sanksiyalaşma türk lirəsinin gələcək məzənnəsi ilə bağlı çox böyük risk faktoruna çevrilə bilər".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR