Tramp Türkiyəyə vəd verdi
Yaponiyanın Osaka şəhərində keçirilən G-20 toplantısında xüsusi olaraq hansısa razılaşma olmadı. Ümumiyyətlə, hesab edirəm ki, belə sammitlər sadəcə dövlət liderlərinin birlikdə və ayrılıqda fikir mübadiləsi aparmaları üçün təşkil olunur.
Axar.az xəbər verir ki, bu sözlər Yaponiyanın Osaka şəhərində baş tutan samitlə bağlı “Atlas" Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb. Təhlildə Tramp, Putin və Ərdoğanın ikitərəfli görüşləri analiz olunub:
“ABŞ-ın Çin və Rusiya ilə münasibətləri gərgindir. Vaşinqton həm Pekinə, həm də Moskvaya qarşı sanksiyaları sərtləşdirir. ABŞ Prezidenti Donald Tramp Osakada həm Çin, həm də Rusiya lideri ilə ayrılıqda görüşdü və nəticələrdən razı qaldı. Əlbəttə, bu ikitərəfli görüşlər dərin problemləri həll etmədi və etməyəcək. Amma ortam nisbətən də olsa, yumşaldı. Tramp Osaka sammitindən səmərəli istifadə edərək yolüstü Koreyaya da baş çəkdi və Şimali Koreyanın lideri ilə fikir mübadiləsi apardı”.
Təhlildə bildirilib ki, Putin də ikitərəfli görüşlərdə aktual mövzuları müzakirə etdi:
“Məsələn, Skripal olayına görə Moskva ilə London arasında münasibətlər soyuqdur və uzun müddət idi ki, iki ölkə arasında rəsmi təmaslar mövcud deyildi. Putin Osaka görüşü öncəsi əvvəlcə İngiltərənin nüfuzlu qəzetinə müsahibə verdi. Həmçinin, Yaponiyada İngiltərinin Baş naziri Tereza Meylə görüşdü. Doğrudur, Tereza Mey artıq vəzifəsindən gedir və bu onun sonuncu sammiti idi. Buna baxmayaraq, Putin Meylə görüşdən yayınmadı. Yeri gəlmişkən, Putinin İngiltərə qəzetinə verdiyi müsahibədə dediyi “satqınlar cəzalanmalıdır” fikri dolayısı ilə ona işarədir ki, Skripal Moskva tərəfindən cəzalandırılıb. Bundan bir neçə il əvvəl isə Londonda eyni üsul ilə digər “satqın” Litvinenkonu cəzalandırılmışdı”.
Təhlildə Osakada baş tutan sammitin Türkiyə üçün önəmindən bəhs edilib:
“Osakadakı sammit Türkiyə Cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğan üçün də vacib idi. Tramp Ərdoğanla görüşdə dedi ki, ABŞ-ın Türkiyəyə vaxtilə “Patriot” raketlərini satmaması keçmiş Prezident Barak Obamanın günahıdır. Digər vacib məqam isə ondan ibarət idi ki, Tramp Türkiyəyə qarşı sanksiya tətbiq etməyəcəyini bəyan etdi. Deyəsən, Ağ Ev sahibi Ankaranı sıxışdırmaq istəmir. Əlbəttə, Trampın dedikləri o demək deyil ki, ABŞ Türkiyəyə qarşı təzyiq siyasətindən əl çəkəcək. Buna baxmayaraq, Trampın açıqlamaları Ərdoğanın arqumentini gücləndirdi. Elə tək buna görə Osaka sammitini Türkiyə üçün faydalı hesab etmək olar”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət