Tramp bir tvitlə nefti ucuzlaşdırdı: Hazır olmalıyıq
ABŞ Prezidenti Donald Trampın idxal etdikləri Çin məhsullarına sentyabrdan etibarən yeni verginin tətbiq ediləcəyi ilə bağlı açıqlaması ticarət müharibəsinin davam edəcəyi və daha da genişlənəcəyindən xəbər verir.
Axar.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov qeyd edib. O bildirib ki, Trampın bu barədə yazdığı tvit neftin bir gündə 6 faiz ucuzlaşmasına səbəb olub:
“Doğrudur, bu gün birjalarda neftin qiyməti müəyyən qədər stabilləşib. Amma yenə də “Brent” markalı neftin bir barreli 62 dollardan aşağı təklif olunur. Bununla belə, qlobal iqtisadi azalma və ticarət müharibələri fonunda neftin qiymətində yeni azalmalar ehtimalı kifayət qədər yüksəkdir”.
Ekspertin sözlərinə görə, son qiymət azalmaları bir daha təsdiq edir ki, neft ölkələri üçün enerji gəlirlərindən asılılığın aradan qaldırılması əsas prioritet olmalıdır:
“Bu, həmçinin “neft bumu”nun bir daha qayıtmasının mümkünsüzlüyünə işarədir. Azərbaycan üçün həm ixracatda, həm də büdcə gəlirlərində neftin payının azaldılması növbəti illərdə də əsas hədəf olaraq qalmalıdır. Kənar müdaxilələr ilə istənilən zaman neftin qiymətinin kəskin ucuzlaşması mümkündür. Bütün hallarda, Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi, neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi yeni “şok”ların təsirlərindən sığortalanmağın yeganə alternativsiz yolu olaraq qalmaqdadır”.
Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Tvitterdə ölkəsinin 300 milyard dollarlıq Çin məhsullarına 10 faiz əlavə verginin tətbiqi barədə qərar verdiyini yazıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət