Toy etmək istəyənlərin diqqətinə
“İyun ayında restoranımızda toy etmək üçün yalnız bircə gün boşdur. Hətta iyul ayından belə sizə çox az boş gün təklif edə bilərik”.
Bu sözləri Lent.az saytına “Neolit” şadlıq sarayının rəhbərliyindən bildirdilər. Belə məlum olur ki, artıq Bakı sakinləri gələn aydan etibarən toy məclisləri keçirməyi planlaşdırırlar. Onu da deyək ki, söhbət təkcə bir restorandan getmir.
Lent.az -ın əməkdaşı toy günü təyin etmək adı ilə Bakıdakı şadlıq evlərində boş gün axtarmağa başladı. İndi sizə hansı mənzərə ilə qarşılaşdığımızı təqdim edəcəyik:
“İnci” şadlıq evindən aldığımız məlumata əsasən iyun ayı üzrə həftə sonlarından yalnız bir gün boşdur. Oxşar mənzərə ilə “Xəzinə palace”, “Venera” və şəhərin digər məşhur restoranlarında da qarşılaşdıq. Sözü gedən müəssisələrdə iyun ayı üzrə boş günlər elə də çox deyildi. Hətta növbəti aylar üçün belə günlər rezerv edilib. Deməli insanlar toy etməkdə qərarlıdır. Bəs həqiqətən iyun ayından etibarən yas və toy kimi kütləvi tədbirlərin keçirilməsinə icazə veriləcək? Nəzərə alsaq ki 500-600 nəfərlik zallarda hər gün toylar təşkil edilir, bu hal koronavirus infeksiyasının yayıldığı bir dövrdə nə dərəcədə düzgündür? Mövzu ilə bağlı baş infeksionist Cəlal İsayev Lent.az -a bildirdi ki iyun ayı üçün indidən nəyisə demək doğru olmazdı, vəziyyət stabilləşəcəyi təqdirdə toyların təşkilində heç bir problem görünmür.
Qeyd edək ki Ümumdünya Səhiyyə Təşkilatının virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirmişdi ki, “virusun ilk yayıldığı ölkələrdə yenidən yoluxma riski hələ də var”. Onun sözlərinə görə, pandemiyanın ikinci, üçüncü, dördüncü dalğası gözlənilir.
Lent.az məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə də müraciət etdi. İcra Hakimiyyətindən bildirildi ki sifarişlərin çox olması şadlıq saraylarının fəaliyyətinin bərpa olunması demək deyil. Onu da qeyd edək ki, şəhərdəki restoran və şadlıq evlərinin fəaliyyətinə nəzarət Daxili İşlər Nazirliyinə (DİN) həvalə olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov isə saytımıza açıqlamasında bildirdi k, hal-hazırda paytaxtda heç bir şadlıq sarayı və restoran fəaliyyət göstərmir. Polkovnikin sözlərinə görə, Bakı şəhəri ilə bağlı hələ ki, operativ qərargahın qərarı budur: “May ayının 31-dən sonra yeni bir qərar qəbul edilərsə, polis nəzarəti həmin qərara uyğun həyata keçirəcək”.
Qeyd edək ki mart ayının 19-dan ölkə ərazisində xüsusi karantin rejimi elan olunub. Bir sıra məhdudiyyətlərlə yanaşı yas və toy məclisləri kimi kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulub. 4 may tarixindən etibarən bu qaydalar bəzi rayon və şəhərlər üçün yumşaldılsa belə paytaxtımız üçün hələ də qüvvədədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət