Tovuzda torpaqların keyfiyyətinin yoxlanılması üçün təsərrüfatlarda analizlər aparılıb
Prezident İlham Əliyevin torpaqların keyfiyyətinin müəyyənləşdirilməsi, münbitliyin öyrənilməsi, torpaqlardan səmərəli istifadənin təmin edilməsi istiqamətində müvafiq tapşırıqlarına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Stasionar və Mobil Bitki və Torpaq laboratoriyaları vasitəsilə operativ qaydada, vaxt itkisi olmadan birbaşa fermerlərin məşğul olduğu sahələrdə tədqiqatlar aparılır, bu barədə analizlərin nəticələri sifarişçiyə yerində təqdim edilir.
Komitədən Trend-ə verilən məlumata görə, mobil laboratoriyaların növbəti ünvanı iyulun 26-da Tovuz rayonu olub. Rayonun bir neçə kəndində fəaliyyət göstərən mobil laboratoriyalar birbaşa olaraq fermerlərin əkin sahələrinə gedib. 30 hektara yaxın meyvə və kartof sahələrində, o cümlədən ayrı-ayrı təsərrüfatlarda analizlər aparılıb, əkin yerlərinin keyfiyyət və münbitliyi ölçülüb. Həmin gün sahələrdə bitkilərin də analizləri aparılıb.
Əkin sahələrinə gələn mobil laboratoriyalar torpağın “qida rasionu”nu, onun yararlı olub-olmamasını düzgün müəyyənləşdirib. Torpaq nümunəsi mobil laboratoriyalarda quraşdırılmış modern cihazlar vasitəsilə yerindəcə analiz edilib. Analizlər nəticəsində torpaqların ən vacib göstəriciləri – ümumi humusu, karbonatlığı, quru qalığı, udulmuş əsasları, nəmliyi, temperaturu təyin olunub. İri torpaq istifadəçilərinə təhlillərin cavabını əks etdirən sənədlər təqdim edilib.
Mobil laboratoriyalar torpağın münbitliyini, quraqlıq və şoranlaşma dərəcəsini müəyyənləşdirib. Məhsuldarlıqla bağlı düzgün qərarların qəbulu üçün torpaq analiz edilib, onun münbitliyinin artırılması ilə əlaqədar tövsiyələr, təkliflər verilib.
Fermerlər yaxşı məhsul almaq üçün lazımi, o cümlədən aqrokimyəvi tədbirlər barədə də operativ məlumat alıblar. Mobil laboratoriyalar əsasında torpaqların üzvi, mineral gübrələrə olan tələbatı müəyyən edilib.
Ümumilikdə mobil laboratoriyalar vasitəsilə bir neçə rayonda 20 min hektara yaxın ərazidə tədqiqat işləri aparılıb. Bunun da çox hissəsi pambıq sahələrinin, taxılçılığın, tütünçülüyün, bağçılığın və digər əkin-biçin yerlərinin payına düşür.
Qeyd edilməlidir ki, indiyə kimi 2 milyon hektardan çox ərazidə çöl torpaq tədqiqatı işləri aparılıb və keyfiyyət göstəriciləri müəyyən edilib. Torpaqların Elektron Kadastr Uçot İnformasiya Sistemində 400 min hektara yaxın ərazinin torpaq və şorlaşma xəritələri tərtib edilib.
Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların keyfiyyətinin öyrənilməsi məqsədilə təkcə səyyar torpaq laboratoriyasının imkanlarından deyil, həm də Bakıda fəaliyyət göstərən stasionar laboratoriyalardan istifadə etməklə fermerlərə xidmət göstərir. Mobil laboratoriyalardan fərqli olaraq stasionar laboratoriya irimiqyaslı çöl-torpaq tədqiqatı işlərinin yerinə yetirilməsini təmin edir. Səyyar mobil laboratoriyalar isə kiçik həcmli torpaq sahələrində, o cümlədən bağlarda, üzümlüklərdə və digər ərazilərdə fəaliyyət göstərərək əldə edilən nəticəni tez bir zamanda fermerə təqdim edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət