Slimfit
  1. TARİX

Tovuzda qiymətli daşlar tapan Luvrun arxeoloqu maraqlı faktları açdı

Tovuzda qiymətli daşlar tapan Luvrun arxeoloqu maraqlı faktları açdı
Sakura

Tovuzda qiymətli daşlar tapan Luvrun arxeoloqu maraqlı faktları açdı

Deyirlər, arxeologiya gələcəyin elmidir. Dünyamızın hər bir canlısı da onun inkişafı üçün əlindən gələni edir. Təsəvvür edirsiniz, gün keçəcək, il ötəcək, əsr dolaşacaq, torpağa qarışan bizi gələcəyin bəlkə də yarı robot arxeoloqları keçmişin qalığı kimi qazıb çıxardacaq, sonra da muzey köşələrində saxlayacaq. Bəs tarixin bir parçası kimi sevib qoruyacaqlarmı? Çətin ki... Bunun üçün insan ürəyinin hərarəti robot dəmirinə qarışmamalıdır.

Həmsöhbətim Elina Muradovanın da dediyi kimi, qazıntılar insanı vətənə, torpağa daha çox bağlayır. Yerli insanlarla ünsiyyət isə sevgini daha da alovlandırır. Fransada yaşayıb fəaliyyət göstərən gənc və nüfuzlu arxeoloq hazırda bir sıra önəmli layihələrdə, o cümlədən Luvr muzeyinin tədqiqat komandasında yer alır.

- Kifayət qədər əsrarəngiz, sürpriz dolu peşəyə gəlişinizdən başlayaq.

- Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışam. İlk ekspedisiyaya gedəndə cəmi 18 yaşım vardı. Düşünürəm ki, ilk təcrübəm çox simvolik idi. Birinci kursda oxuyurdum. Çox həyəcanlanırdım. 2010-cu ilin iyununda fransız ekspedisiyası, növbəti ay isə yapon arxeoloji komandası ilə yola düşdük. Həmin vaxtlar ətrafdan güclü təsir hiss edirdim. Doğrudur, bu mənə çox da mane olmurdu, amma köməyimə də çatmırdı. Sonra qrant qazanıb Fransaya təhsil almağa yollandım. Sorobonn universitetinin magistr pilləsini bitirdim. Hazırda elmi işimi yazıram, həmçinin 10-cu qazıntı mövsümümü qeyd edirəm. Məncə böyük xoşbəxtlikdir.

- 10 mövsümlük böyük arxeoloji fəaliyyətin ən çətin tərəfləri hansılardır?

- Əslində mən dərimizi göynədən günəş, daimi yuxusuzluq, hər gün nəfəsimizə dolan qalaq-qalaq toz deməliyəm. Amma bütün bunlar işimizin ən həyəcanlı hissəsidir. Peşəmizə şarm qatan da budur. Düşünürəm ki, arxeologiyanın ən ağır tərəfi bürokratiya və insanlar arasındakı çaxnaşmalardır. Bilirəm, bunu deyəcəyimi gözləmirdiniz. Təəssüf ki, səthi romantik görünən ekspedisiyaların altında yorucu və mübahisəli sənədləşdirmə işləri yatır.

- Zənnimcə, arxeologiyanın ən maraqlı tərəflərindən biri də dini ayinlərlə bağlı tapıntılardır...

- Mənim sahəm dinə qədərki dövrlə bağlıdır. Təsəvvür edin, tarixin elə dövrünü araşdırırıq ki, nəinki dinlərdən, heç monoteizmdən də söhbət gedə bilməz. Amma bəzən keçmişimiz bizə sürprizlər etməyi də sevir. Tez-tez neolit dövrünə aid qazıntılar zamanı müsəlman qəbirləri tapırıq. Belə təsadüflər olduqca maraqlıdır, amma tarixlə əlaqəsi yoxdur.

- Tarix kitablarında bəzi təhriflərə yol verilsə də, arxeoloji tapıntıları tarixin özü hesab edirəm. Düşünürəm ki, ən dəqiq tarix elə bu tapıntılardır. Sizi ən çox heyrətləndirən qazıntılardan danışmağınızı istəyirəm.

- Tapıntılarımızın hamısı o qədər dəyərlidir ki, konkret birinin adını çəkməkdə çətinlik çəkirəm. Amma maraqlı bir hadisə danışacam. 2010-2015-ci illər ərzində Azərbaycan-fransız ekspedisiyasının tərkibində Tovuzda çalışırdıq. Menteş Təpə adlı ərazilərdə qazıntılar edirdik. Tapdığımız kurqanlar bizim üçün sürpriz deyildi. Lakin içərisindəkiləri görəndə heyrətə gəldik. Atlı pozasında basdırılmış iki skelet, külli miqdarda bəzək əşyaları və qiymətlı daşlar vardı. Ən maraqlısı isə zövqlə hazırlanmış keramik qab və nəhəng araba idi. Amma məsələ tapıntının özündə deyildi, qazıntı prosesi o qədər həyəcanlı, qəribə idi ki, bir anlıq həmin dövrə qayıdırdıq. Bir yandan yaradıb, digər yandan məhv edən insan oğlunun gündəlik məişəti, əsrlər öncə həmin torpaqlarda baş verənlər, həyat tərzi, sivilizasiya prinsipləri haqda düşünməyə başlayırsan. Mənim üçün həmin kurqanın qazıntısında iştirak etmək özümə güvənimi artırdı. Anladım ki, yoluma davam etməyə hazıram.

- Təbii ki, hər bir arxeoloq üçün tapıntıları olduqca dəyərlidir, hətta doğmadır. Amma söhbət zinət əşyalarından düşdüsə, qadınların dostu brilliantlardan danışaq. Qazıntılar zamanı daş-qaşlı bəzək nümunələri ilə çox rastlaşmısınız?

- Dəfələrlə. Amma yenə də qeyd edirəm, əsas məsələ onların maddi dəyəri deyil. İnsanların dəmirdən belə xəbərsiz olduqları dövrdə hazırlanma prosesidir. Yəni insanların hələ metal əldə edə bilmədikləri daş dövrünə aid qızıl əşyalarının tapılması iki məqamdan xəbər verə bilər. Ya biz yanlış yoldayıq, ya da ümumiyyətlə, tarixdən xəbərsizik.

- Necə düşünürsünüz, bu faktın təsdiqlənməsi, əsrlər boyu doğru saydıqlarımızın bir anda ifşası üçün nə qədər zaman tələb oluna bilər?

- "Tək onu bilirəm ki, heç nə bilmirəm". Düşünürəm ki, peşəsindən asılı olmayaraq, hər kəs bu prinsiplə yaşamalıdır. Tarix mövzusu da istisna deyil. Dünya haqda bütün bildiklərimiz böyük bir dəryanın sadəcə bir qum dənəsidir. Amma təbii ki, tarixə görə zərrə, bizə görə dərya sayılan bilgilər də bizim subyektiv qənaətimizdir. Unutmayaq ki, insan canlı növü olaraq hələ çox gəncdir, təəssüf ki, hər şey onun ixtiyarında deyil.

- Sizcə arxeoloji baxımdan ən məhsuldar ərazilər hansı ölkələrin torpaqlarıdır?

- Gəlin, ordan başlayaq ki, elm də sevgi kimi hüdudsuzdur. Məsələn, qədim dövrün primitiv xəritələri çağdaş zəmanəmizin siyasi xəritələri ilə uzlaşmır. Həm tarixi, həm də arxeoloji baxımdan Mesopotamiya marağımı çəkir. Çox güman ki, müasir dünyada gördüklərimiz elə o torpaqlardan başlayıb. Kifayət qədər dəyərləndirmədiyimiz Cənubi Qafqaz haqda da danışmaq istəyirəm. Bu ərazilərin əfsanəvi gözəlliyi var. Hətta qədim Mesepotamiya ilə sıx əlaqələri olsa belə, özü də onlarla mədəniyyətin, ənənənin beşiyinə çevrilib. Elmi işimin də əsas mövusu budur.

- Peşənizi nə dərəcədə təhlükəli hesab edirsiniz?

- Təbii ki, hər şey nisbidir. Dəfələrlə sürünüb yanımıza gələn, hətta qazıntılarda bizə kömək etmək istəyən zəhərli ilanla üz-üzə gəlmişik. Kiminsə qaynar günəş altında halı pisləşib. Bu yaxınlarda Luvrla layihəmizlə əlaqədar qədim bir sarayın zirzəmisinə endim. Doğrudur, müəyyən səviyyədə sığortalı idik. Amma üfüqi tunellə aşağı doğru enirik, çıxışların hamısı da bağlıdır. Əslində təhlükə, qorxu peşənin özündən yox, insanın daha çox görmək, öyrənmək istəyindən qaynaqlanır. Həyatın da əsas prinsipi budur, elə deyil?

- Tamamilə razıyam. Həyatımıza məna qatan gözəlləşdirən də elə o qorxudur. Elina əminəm ki, yerinizdə olmaq istəyən minlərlə həmkarınız var. Amma belə gərgin iş qrafiki şəxsi həyatı da ikinci plana atır.

- Arxeoloqun sahəsindən asılıdır. Əgər arxeoloji ekspedisiyalara qatılırsa, vəziyyət bir az gərginləşir. Sırf ailəsinə, evinə daha yaxın olsun deyə pedaqoji fəaliyyəti seçən onlarla mütəxəssis tanıyıram. Doğrudur, bu da onların çox zamanını alır, amma ən azı doğmalarının yanında olurlar. Mənə gələndə isə xoşbəxtəm ki, ailəm, doğmalarım seçimimə hörmətlə yanaşırlar. Buna görə ilk növbədə bütün riskə, təhlükəyə rəğmən, məni 10 il əvvəl ilk ekspedisiyaya göndərən atama təşəkkür etmək istəyirəm. Mən özüm sözün yaxşı mənasında feministəm. Amma atamın dəstəyi olmasaydı, düşünürəm ki, ekspedisiyalara da gedə bilməzdim. Axı bizdə valideynlər xüsusilə də qızlarının qarşısında sədd qoyurlar. O, isə mənə tam rahatlıq verdi. Bu gün əldə etdiklərimdə atamın da zəhməti var. Sualınızla bağlı isə düşünürəm ki, insan sevəndə qarşısındakını öz peşəsi ilə, çətinlikləri ilə qəbul etməlidir.

- Hazırda çalışdığınız komandanın fəaliyyəti haqda danışın lütfən. Dünyanın ən məşhur muzeyi Luvrla əməkdaşlıq edirsiniz.

- Əslində bir sıra layihələrdə yer alıram. Onlardan biri də Luvrla bağlıdır. Orta əsrlərə aid sarayların birindəki qravüra nümunələrini araşdırıram. Bununla yanaşı, Parisin Ali Sosial Elmlər Məktəbinin tədqiqatçılar qrupunun üzvüyəm. Bir də təbii ki, Fərhad Quliyev və Culio Palumbinin başçılıq etdikləri azərbaycanlı-fransız arxeoloqlar komandasının tərkibindəyəm. Əvvəllər bu layihənin fransız rəhbəri Bertil Lione idi. O, sözün əsl mənasında alim, Azərbaycanı sevən insan, mənimsə çox yaxın dostum və ustadım idi. Təəssüf ki, təqaüdə çıxdı, amma Azərbaycana olan sevgisi səngimir.

- Mənim üçün ən çox tədqiqat prosesiniz maraqlıdır. Hadisələr necə cərəyan edir? Harada başlayıb, hansı nöqtədə tamamlanır?

- Bilmirəm hardan başlayım. Bunu gözünüzlə görməlisiniz. İlk növbədə onu deyim ki, istənilən tapıntı, araşdırma tək tədqiqatçının əməyinin bəhrəsi deyil. Bu bütün komandanın uğurudur. Sadəcə hər şey mövzudan asılıdır. Bizim komandamızda antropoloqlar, tarixçilər, qədim metal nümunələrini araşdıran mütəxəssislər, qədim dövrün peyzajını təyin edən tədqiqatçılar, keramikaçılar, topoqraflar, botaniklər var. Bu böyük ailə müasir texnologiyanın köməyi ilə keçmişi araşdırır və məqsədinə çatmaq üçün daim öz üzərində çalışır. Məsələn, mən keramik qablar üzrə ixtisaslaşmışam. Hətta keramika kurslarına yazılmışam. Keramik vazlar, qablar hazırlayıram. Yaxın gələcəkdə öz emalatxanamı da açmağı düşünürəm.

- Sizcə, mumiyalar həyata qayıda bilər?

- Düşünürəm ki, mumiyalar bir gün oyanıb dünyamızın bu kədərli təsvirini görsələr, şübhəsiz geri qayıtmaq istəyəcəklər.

- Arxeologiya qəlbinizdəki hansı duyğuları üzə çıxartdı?

- Əvvəllər valideynlərimlə rayonlara gəzməyə gedirdik. Təbii ki, vətənimi yenə sevirdim. Amma bu səthi məhəbbət idi. Sonralar isə ekspedisiyalara getməyə başladım. Həmin bölgənin insanları ilə çiyin-çiyinə çalışırsan, bəzən səhra kimi quru ərazilərdə günlərlə qazıntılar aparırsan, anlayırsan ki, üzünü yandıran günəş də, toxunduğun torpaq da doğmadır, sənindir. Bir süfrə başında yemək yeyirsən. Əsl sevgi üzə çıxır. Çoxu deyə bilər ki, vətənini sevən qürbətdə yaşamaz. Amma mən Fransada ölkəmi tanıtmaq üçün çalışıram.

Mənbə: Publika.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR