Tovuz şəhəri keyfiyyətli içməli su ilə təmin olunacaq
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 30 mart 2018-ci il tarixli sərəncamına uyğun olaraq Tovuz şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz etmək üçün alternativ su mənbəyinin yaradılması və yeni mənbədən şəhərə magistral su kəmərinin çəkilişinə başlanılıb.
Tovuz şəhərinin dayanıqlı içməli su təchizatının həyata keçirilməsi və yay aylarında müşahidə olunan su çatışmazlığının aradan qaldırılması məqsədilə alternativ mənbə olaraq Zəyəmçayın yatağında yeni sugötürücü qurğu tikilir. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, layihəyə əsasən, Zəyəmçayda tikiləcək üfüqi suqəbuledici qurğunun məhsuldarlığı saniyədə 80-100 litr təşkil edəcək. Eyni zamanda, mənbədə baxış quyuları və sutoplayıcı kameranın inşası nəzərdə tutulur. Mənbədən götürülən suyun Tovuz şəhərinə özüaxımlı rejimdə çatdırılması məqsədilə 530 mm diametrli 24 km uzunluğunda polad borularla magistral su xətti çəkilir. Tikinti-quraşdırma işlərinin ilin sonunadək tam başa çatdırılması nəzərdə tutulur. Yeni su mənbəyi istismara verildikdən sonra Tovuz şəhəri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq.
Qeyd edək ki, 2011-2013-cü illərdə dövlət büdcəsi vəsaiti hesabına icra olunmuş Tovuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Tovuz şəhərində 28 min nəfərin içməli su təminatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Tovuz şəhərini içməli su ilə təchiz etmək üçün Qaziqulu kəndinin ərazisində 7 ədəd subartezian quyusu qazılıb, hər birinin tutumu 200 m3 olan 2 ədəd su anbarı və nasosxana tikilib, anbardan Tovuz şəhərinə 2,5 km uzunluğunda magistral su xətti çəkilib. Layihə çərçivəsində, həmçinin rayonun Aşağı Öysüzlü kəndinin ərazisində hər birinin tutumu 2500 m3 olan 2 ədəd su anbarı, xlorator və laboratoriya binaları tikilib, 95,5 km uzunluğunda şəhərdaxili su və 110 km kanalizasiya şəbəkəsi yaradılıb. Bununla yanaşı, şəhərdə yaranan tullantı sularının zərərsizləşdirilib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 7 min kubmetr olan çirkab sutəmizləyici qurğu və Tovuz Sukanal İdarəsi üçün yeni inzibati bina tikilib. Layihə çərçivəsində rayonun Qaziqulu, Aşağı Öysüzlü, Abulbəyli və Bozalqanlı kəndlərində 2300 abunəçiyə də su verilib.
Qeyd edək ki, hazırda Tovuz şəhəri ilə yanaşı, Şamaxı, Gədəbəy və Lerik şəhərlərinin dayanıqlı su təchizatının aparılması məqsədilə yeni mənbələrin yaradılması layihələri icra olunur.
Mənbə: Sia.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət