Tikintisi başa çatmayan binanın torpaq sahəsində payların bölünmə planının hazırlanması qaydası təsdiqlənib
Nazirlər Kabineti “Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların nisbətini müəyyənləşdirən bölünmə planının razılaşdırılması Qaydası”nın təsdiq edilməsi barədə qərar verib.
“Report” xəbər verir ki, sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.
Bu qayda tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların nisbətini müəyyənləşdirən bölünmə planının hazırlanmasını, razılaşdırılmasını və notarius tərəfindən təsdiq edilməsini tənzimləyir.
Qaydaya görə, bölünmə planı tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri əsasında torpaq sahəsinin mülkiyyətçisi tərəfindən hazırlanır. Mülkiyyətçi bölünmə planının hazırlanmasını layihəçiyə sifariş verə bilər.
Bölünmə planının hər bir səhifəsi mülkiyyətçi tərəfindən təsdiqlənməlidir. Bölünmə planı mülkiyyətçi fiziki şəxs olduqda – fiziki şəxsin imzası ilə, hüquqi şəxs olduqda – hüquqi şəxsin rəhbərinin imzası və hüquqi şəxsin möhürü ilə, dövlət olduqda – dövlət orqanınınrəhbərinin (onun həvalə etdiyi vəzifəli şəxsin) imzası və dövlət orqanının möhürü ilə, bələdiyyə olduqda isə bələdiyyə sədri və bələdiyyənin möhürü ilə təsdiqlənir.
Bölünmə planını layihəçi hazırladığı halda, eyni zamanda layihəçi tərəfindən də təsdiqlənməlidir. Bölünmə planının hər bir səhifəsini layihəçi fiziki şəxs olduqda imzası ilə, hüquqi şəxs olduqda isə hüquqi şəxsin rəhbərinin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edir.
Sənəddə bölünmə planının tikintiyə icazə verən orqanla razılaşdırılmasının prosedur qaydaları da müəyyənləşdirilib. Belə ki, mülkiyyətçi bölünmə planının razılaşdırılması üçün tikintiyə icazə verən orqana bilavasitə və ya bölünmə planını təsdiq edəcək notarius vasitəsilə ərizə təqdim edir. Ərizə mülkiyyətçi tərəfindən tikintiyə icazə verən orqana şəxsən verildikdə – verildiyi gün, poçt rabitəsi, yaxud notarius vasitəsilə göndərildikdə isə poçta, yaxud notariusa təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır.
Ərizə tikintiyə icazə verən orqan tərəfindən qəbul edilir, qeydiyyata alınır və ərizənin qəbul edildiyi gündən ən geci 2 iş günü müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verilir və ya göndərilir. Ərizəçiyə verilən və ya göndərilən arayışa həmçinin hər bir səhifəsinə tikintiyə icazə verən orqan tərəfindən müvafiq ştamp vurulmuş bölünmə planının da bir nüsxəsi əlavə olunur.
Tikintiyə icazə verən orqan mülkiyyətçinin təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və razılaşdırılmadan imtinaya səbəb olmayan çatışmazlıqlar, o cümlədən müvafiq payla həmin paya bağlı olan müvafiq tərkib hissənin sahəsi arasındakı nisbətin düzgün müəyyənləşdirilmədiyi aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 10 iş günündən gec olmayaraq, tikintiyə icazə verən orqan onların aradan qaldırılması barədə məlumatı mülkiyyətçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir, həmçinin formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar eyni zamanda mülkiyyətçiyə bildirilməlidir.
Mülkiyyətçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 5 iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman müraciətlə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət razılaşdırılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə mülkiyyətçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. Mülkiyyətçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları göstərilən müddətdə aradan qaldırmadıqda, tikintiyə icazə verən orqan ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir və bu barədə məlumatı 2 iş günü müddətində mülkiyyətçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.
Mülkiyyətçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrar ərizə ilə tikintiyə icazə verən orqana müraciət edə bilər. Tikintiyə icazə verən orqan təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmanın nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 20 iş günündən gec olmayaraq inzibati akt qəbul edir. Tikintiyə icazə verən orqan (qurum) bölünmə planının razılaşdırılması haqqında inzibati akt qəbul etdikdə bölünmə planının müvafiq hissəsində tikintiyə icazə verən orqanın adı, möhürü, vəzifəli şəxsin soyadı, adı, atasının adı və imzası göstərilməklə müvafiq qeyd aparır.
Bölünmə planının razılaşdırılmasından yaşayış sahəsi kimi nəzərdə tutulan tərkib hissəsinin Mənzil Məcəlləsində yaşayış sahələri üçün müəyyən edilən tələblərə uyğun olmadığı, qeyri-yaşayış sahəsi kimi müəyyən edilən tərkib hissəsinə binanın ümumi istifadədə olan sahələrindən və ya yerləşdiyi torpaq sahəsindən birbaşa daxil olmaq imkanı nəzərdə tutulmadığı halda imtina edilir.
Bölünmə planının razılaşdırılmasından imtina haqqında inzibati akt tikintiyə icazə verən orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində mülkiyyətçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Mülkiyyətçi tikintiyə icazə almaq üçün tikintiyə icazə verən orqana etdiyi müraciətində eyni zamanda bölünmə planının razılaşdırılmasını da tələb edə bilər.
Tikintiyə icazə verən orqanla razılaşdırıldıqdan sonra, mülkiyyətçinin müraciəti əsasında notarius tərəfindən bölünmə planı üç nüsxədə - iki nüsxəsi notariusda, bir nüsxəsi mülkiyyətçidə qalması məqsədi ilə tərtib edilərək təsdiq edilir. Notarius təsdiq etdiyi bölünmə planını dərhal elektron informasiya sistemləri vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə və Tikintilərin Dövlət Reyestrinə, 2 iş günü müddətində isə təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərir. Mülkiyyətçi tərəfindən tərtib edilən bölünmə planı bu qaydaya uyğun təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan paylarının hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır.
Daşınmaz əmlakın dövlət reyestri daşınmaz əmlakın dövlət reyestrində bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə məlumatı qeydiyyatın aparıldığı gündən 3 iş günü müddətində Tikintilərin Dövlət Reyestrinə və bölünmə planını təsdiq etmiş müvafiq notariusa təqdim edir. Təqdim olunan bölünmə planı və təqdim olunan məlumat 3 iş günü müddətində Reyestrin internet səhifəsində yerləşdirilməlidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət