Teymur Rəcəbov Dünya Kubokunda yarımfinala yüksəlib
Rusiyanın Xantı-Mansiysk şəhərindəki şahmat üzrə Dünya Kubokunda 1/4 final mərhələsinin ikinci partiyaları oynanılıb.
“Report” xəbər verir ki, bu mərhələdə Azərbaycan qrossmeysteri Teymur Rəcəbov ABŞ təmsilçisi Ceffri Syunla yenidən üz-üzə gəlib. Şahmatçılar arasında ikinci dueldə Rəcəbov rəqibini məğlub edib - 1:0. İlk görüş heç-heçə başa çatdığından, təcrübəli qrossmeyster yarımfinala yüksəlib.
Qeyd edək ki, digər şahmatçıları mübarizəni dayandırıb. Şəhriyar Məmmədyarovu 1/8 finalda məhz Teymur Rəcəbov üstələyib. Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominges Peresə, Eltac Səfərli isə isə Şəhriyar Məmmədyarova məğlub olub. Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar. Turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.
Rəcəbov yarımfinalda Maksim Vaşye-Laqrav (Fransa) - Levon Aronyan cütünün qalibi ilə üz-üzə gələcək. Şahmatçılar arasındakı hər iki görüş heç-heçə yekunlaşıb və qalib sabah tay-breykdə müəyyənləşəcək.
Sentyabrın 10-da start götürən dünya kuboku turnirinə oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min, finalçı isə 80 min dollar qazanacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət